Siyasət

Nardaran işi-2: “Əli Kərimli və Taleh Bağırzadə əleyhinə ifadə almaq üçün dəhşətli işgəncələr verdilər”

28-01-2017, 15:51
“İdarənin döşəməsini bizim bədənimizlə sildilər; bədənimdə elə yer yox idi ki, tok verməsinlər”

Nardaran hadisələri ilə əlaqədar həbs olunan, aralarında Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin sədri Elçin Qasımovun da olduğu 12 nəfərin mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb. Hazırda məhkəmə prosesində təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsidi. Yanvarın 27-də keçirilən məhkəmədə Elçin Qasımov və Ağa-Əli Yəhyayev ifadə verib.

“O silahların müəyyən hissəsi bizdə olsaydı, gedib Qarabağı alardıq”


BDU-nun ilahiyyat fakültəsinin məzunu, Milli Elmlər Akademiyasının doktorantı olan Elçin Qasımov ifadəsində bildirib ki, özü də daxil olmaqla, bu iş üzrə ittiham olunanlar heç bir cinayət törətməyiblər, onlara verilən ittihamlar şər-böhtandır:

“Bunlar valideynləri günahsız övladlarından ayrı salmaqla, onların da haqqına giriblər. O valideynlər heç bir təqsiri olmayan övladını burada görməməlidir. Mənim bu cinayət işi ilə bağlı deməyə sözüm çoxdur, onların hamısını bir ifadəyə sığışdırmaq mümkün deyil. Bizimlə bağlı istintaq başdan-ayağa qanunsuz olub. 18 cilddən ibarət bu cinayət işini bir ay ərzində sətir-sətir oxumuşam. Bizə qarşı ittihamlarla bağlı bircə sübut yoxdur.
İttihama görə, guya, biz “Müsəlman Birliyi Hərəkatı” adlı qanunsuz təşkilat yaratmışıq, bu təşkilat konstitusiyaya zidd fəaliyyət göstərib, şəriət dövləti yaratmaq istəmişik. Allaha and olsun, hamısı yalandır. Bunları yazırlar, amma heç bir sübut da ortaya qoymurlar. Çünki bu ittihamların heç bir əsası yoxdur, hamısı qondarma ittihamlardı. Bizim üzərimizə fantastik qondarma silah-sursat qoyublar. O silahların müəyyən hissəsi bizdə olsaydı, gedib Qarabağı alardıq”.

Müsəlman Birliyi Hərəkatının yaranmasından danışan Elçin Qasımov bildirib ki, təşkilat 2015-ci ilin yanvarında təsis olunandan sonra dövlət qeydiyyatına alınması üçün sənədlər hazırlanıb, Ədliyyə Nazirliyinə təqdim olunub. Bir dəfə sənədlərdə müəyyən çatışmazlıqlar səbəbilə nazirlik sənədləri geri qaytarsa da, ikinci dəfə yenidən müraciət olunub. Ədliyyə Nazirliyinin sorğulara rəsmi cavablarında da bu məsələ təsdiqlənib:

“Harda görünüb ki, mütəşəkkil cinayətkar birlik yaradasan, sonra da onu rəsmi dövlət qeydiyyatından keçirmək üçün müraciət edəsən? Yatıb yuxuda gördüklərini ittihama yazıblar. Biz istər konstitusiyaya, istərsə də Ədliyyə Nazirliyinə təqdim etdiyimiz Nizamnaməyə uyğun fəaliyyət göstərmişik. Ona görə də bu ittiham ləğv olunmalıdır”.

“Sabuncu polisində mənə ağlagəlməz işgəncələr verdilər”

Daha sonra Elçin Qasımov necə həbs olunması haqda danışıb. Bildirib ki, 2015-ci il noyabrın 5-də axşam 19-20 radələrində evinə qayıdarkın yaşadığı evin yaxınlığında polislər onu gözləyirdi:

“Birini tanıyırdım, adı Sadiqdi, 14-cü polis bölməsində səhv eləmirəmsə, rəis müavinidi. Ondan başqa daha üç nəfər mülki geyimli vardı. Həmin tanıdığım polis normal şəkildə, heç bir kobudluq eləmədən dedi ki, “rəis səni görmək istəyir”. Mən də sakitcə maşına oturdum, etiraz eləmədən getdim. Amma məni bölməyə yox, Sabunçu Rayon Polis İdarəsinə apardılar. İdarəyə çatan kimi, heç bir söz demədən 12-14 nəfər üstümə tökülüşdü, döyməyə başladılar. Soruşdum ki, axı mən neyləmişəm, hansı cinayəti törətmişəm? Dedilər ki, “bizə mane olursan, başlamısız ki, ədalətli cəmiyyət istəyirik, ədalətli cəmiyyət qurmağa çalışırıq, siz kimsiz ki, ədalətli cəmiyyətdən danışırsız?” O adamlar elə raftar eləyirdilər ki, sanki tamam başqa millətin nümayəndələridi, mən də düşmənəm. Dedim ki, məgər ədalətli cəmiyyət istəmək, zülmə qarşı mübarizə aparmaq cinayətdir? Hansı qanunda yazılıb bu? Ədalətli cəmiyyət arzusu ancaq zülmkarları narahat edə bilər. İnsanın qəlbində iman nuru varsa, əksinə, o, zülmə qarşı dözümsüz olacaq.
Təxminən yarım saat ərzində mənə ağlasığmaz işgəncələr verdilər. Hərə bir tərəfdən vururdu. Bir nəfər yox idi ki, ondan normal şəkildə nəyisə soruşasan. Gücüm ancaq ona çatırdı ki, iki əlimlə üzümü tutum. Gördüm ki, məni öldürürlər, dedim ki, Allah, özün mənə kömək ol. Elə bunu demişdim, bir nəfər içəri girib göstəriş verdi ki, daha bəsdi. Ölümün caynağından qurtuldum.
Onu da deyim ki, heç kim bu cür işgəncələrlə bizi əqidəmizdən döndərə biləcəyini güman eləməsin. Biz ölərik, amma əqidəmizi satmarıq.
Həmin gün polislərdən eşitdiyim təhqirləri burada demək istəmirəm. Bir müstəntiq vardı, hətta Mirmövsüm ağanı da təhqir elədi…”

“Bu nə ölkədi? Qanunlara belə hörmətsizlik olar?”

Bu yerdə hakim Mayıl Bayramov Elçin Qasımovun ifadəsini dayandırıb:
– Sənə verilmiş ittihamın mahiyyətindən danış.
– Elə mən də ittihamın mahiyyətindən, həbsimdən danışıram da. Lerikdə istirahət etməkdən danışmıram ki. Məni o idarəyə niyə aparmışdılar?
Ertəsi gün inzibati protokol tərtib elədilər ki, guya, mən məsciddən çıxıb söyüş söymüşəm, Emin Babayev və Yusif adlı polislər də məni intizama dəvət ediblər, tabe olmamışam, tutub gətiriblər. Mənim haqqımda 30 sutka inzibati həbs qərarı çıxarılanda məhkəmədə hakim Emin Babayevdən üç dəfə soruşdu ki, “sənə müqavimət göstərilib?” Dedi ki, yox. Apellyasiya Məhkəməsi də bu 30 sutka həbs qərarını qüvvədə saxladı. Mənim həbsimdən sonra telekanallarda bizə qarşı kampaniya başladı, bizi “terrorçu” kimi qələmə verirdilər. Noyabrın 26-da Nardarandakı hadisələrdən sonra 27-də prokurorluq mənim haqqımda 30 sutkalıq həbs qərarından protest verdi. Təsəsvvür edin, ayın 27-də verilmiş protestdə hələ noyabrın 28-də dindiriləcək polisin ifadəsinə istinad olunub. Prokurorluq yazır ki, guya, mən noyabrın 5-də axşam saat 22.00 radələrində Sabunçu Rayon Polis İdarəsinin qarşısında polis əməkdaşlarına silah və ya silah qismində əşya ilə xəsarət yetirmişəm. Saxtakarlıq olar, bu qədər də yox da. İnzibati həbs qərarında yazılıb ki, mən 20 radələrində artıq polis idarəsinə gətirilmişəm. O zaman mən saat 22-də idarənin qarşısında necə ola bilərdim? Bu nə ölkədi, qanunlara qarşı bu nə hörmətsizlikdi? Bizim işimiz üzrə istintaq və məhkəmə proseslərində qanunlar ayaq altına atılıb.

“Polis idarəsində dedilər ki, Hacı Talehi və Hacı Zülfüqarı öldürmüşük”

Nə isə, protest əsasında inzibati həbs qərarı ləğv olundu və Sabunçu prokurorluğunda mənim barəmdə cinayət işi başlandı, barəmdə üç ay müddətinə həbs-qətimkan tədbiri seçildi. Məni məhkəmədən Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına gətirdilər, orada polis mənə dedi ki, “gözün aydın, hacı Talehi və hacı Zülfüqarı öldürmüşük. Dedim ki, hamı öləcək, əsas odu, bu həyatı şərəflə, ləyaqətlə başa vurasan”. Oradan da məni Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına gətirdilər. Bizi elə təqdim eləmişdilər ki, sanki təcridxanaya Ben Ladeni gətirmişdilər. Təcridxanaya yeni gələnlər karantində saxlanılır. Karantinin də gəzinti sahəsi var, yeri asvaltdı, üstü də açıqdı. Orada yerə skamya bərkidilib. Təsəvvür edin, o soyuqda əllərimi skamyaya qandalladılar, gecədən səhərə qədər o vəziyyətdə saxladılar. Həmin o işgəncələr, soyuq nəticəsində səhhətimdə xeyli problemlər yaranıb.
Sonra “bandotdel”ə gətirdilər, baxmayaraq ki, bizim işimizi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparırdı. Dekabrın 14-dən 24-nə qədər mənə orada hər gün olmazın işgəncələr verdilər. Tələb edirdilər ki, Taleh Bağırzadənin üzünə dayanım, deyim ki, bizə silah-sursat paylayıb. Məsləhət verib deyirdilər ki, körpə uşaqların var, bu ifadəni ver, sənə yeni maddələr verilməsin, yüngül maddələrlə çıx get uşaqlarının yanına”. Dedim axı, Talehin də uşaqları var, mən olmayan şeyi necə danışıb onun üzünə durum? Bir gün dedilər ki, sən bilirsən də, sizi Əli Kərimli tutdurub. Onun əleyhinə ifadə almaq istədilər. Dedim ki, mən o adamı bir dəfə – AXCP-nin qurultayında görmüşəm, salamlaşmışam, onun haqqında nə ifadə verə bilərəm axı? Dedilər ki, sənə son şans veririk, get fikirləş. İşgəncənin müxtəlif növləri var, orada elə işgəncələr verirdilər ki, bu haqda danışıb ürək bulandırmaq istəmirəm.
Allah çox böyükdür, şükür ki, onlara dözdüm, heç kimin əleyhinə ifadə vermədim. Bircə, atamın həbsilə məni hədələyib, evimizdən tapıldığı iddia olunan silahla bağlı ifadə verdim ki, guya, zibillikdən tapmışam.

“O kitabçanı özləri hazırlayıblar”

Mən Kürdəxanı təcridxanasında olanda ANS-də xəbər verdilər ki, guya, dekabrın 3-də bizim evimizdən döşəyin altından qumbara, “Makarov” tapançası, “Hacı Talehin müraciəti” adlı kitabça çıxıb. Hacı Talehin elə bir kitabçası ümumiyyətlə olmayıb, onu bizlərin həbsindən sonra özüləri hazırlayıblar. Mən iş materialları ilə tanış olanda həmin kitabçanın da mənə göstərilməsini istədim. Oxuyanda görürəm, orada Taleh Bağırzadənin adından yazılıb ki, “Elçin Qasımov və Elman Ağazadəyə qarşı zülmə son qoyulsun”. Elman Ağazadə Taleh Bağırzadədən sonra tutulub, o, əvvəlcədən həmin kitabçada ona qarşı zülmə son qoyulmasını necə tələb edə bilərdi? Yaxud da mənimlə bağlı. Əgər o kitabça mənim həbsimdən sonra hazırlanıbsa, mənə qarşı olablara etiraz bildirilirsə, onda mənim evimdə nə gəzirdi? Silahları da, kitabçanı da özləri qoyub, özləri də götürüblər.
Tələb etdikləri adamların əleyhinə ifadə vermədiyimi görüb məni ölümlə hədələdilər. Dedilər ki, Nardarandakı altı nəfər kimi səni də öldürərik, adını da qoyarıq “qaçmaq istəyirdi”. Buradan bütün ictimaiyyətə müraciət edirəm, birdən bizi bu cür bəhanələrlə öldürsələr, bilin ki, nə məsələdi”.
Elçin Qasımov ifadəsinin sonunda bir daha vurğulayıb ki, özünü heç bir ittiham üzrə təqsirli bilmir, Müsəlman Birliyi Hərəkatının üzvlərindən heç kimdə silah olmayıb: “Bizə qarşı ittihamların hamısı şər-böhtandı”.

“Polis İdarəsində yeri bizim bədənimizlə sildilər”

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağa-Əli Yəhyayev də ifadə verib. Deyib ki, Elçin Qasımovun həbsilə əlaqədar noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısına gəlib, orada həbs olunub. İttihamların şər-böhtan olduğunu söyləyən Yəhyayev məruz qaldığı işgəncələrdən də danışıb: “Paltarlarımızı cırıb, bizi lüt vəziyyətdə polis idarəsinə apardılar. Azərbaycanda görünməmiş haqsızlığı bizə elədilər. Sabunçu rayon Polis İdarəsində bütün yeri bizim bədənimizlə sildilər. Ləyaqəti alçaldan, tərbiyəsiz hərəkətlər elədilər. Bədənimdə elə yer yox idi ki, tok verməsinlər. Kişiliyi olmayan insanlar bizim kişiliyimizə toxunmaq istədilər. Ermənidən betər alçaqlıq etdilər. Öz mahiyyətlərinə uyğun rəftar elədilər”.
Hətta ömürlük həbsin də onları əqidəsindən döndərməyəcəyini deyən Ağa-Əli Yəhyayevin fikrincə, Azərbaycanda hakimiyyət xalqla dindarlar arasında uçurum yaratmaq istəyir: “Bizdə nə silah-sursat, nə də kitabça olub. Bizim silahımız danışdıqlarımızdı. O kitabça da öz beyinlərinin məhsuludu. Biz heç vaxt dövlətçilik əleyhinə çıxmamışıq”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]