Siyasət

Fazil Məmmədov Natiq Əmirova niyə uduzduruldu? - Müdhiş gizlinlər

7-01-2017, 18:37
Vergilər naziri Fazil Məmmədov keçmiş 1-ci müavini, prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirova məğlub oldu. 
Nazirlə kadrının arasındakı nüfuz savaşından ikincisi qalib çıxdı. Prezident köməkçisi vəzifəsinı indiyə qədər heç bir nazir müavini yüksələ bilməmişdi. Bu, F.Məmmədova qarşı sarsıdıcı zərbə idi. 

Anaxeber.az yazır ki, nazirin sabiq müavininə yenilməsi təkcə Əmirovun prezidentin islahatçı komandasında təmsil olunması ilə müşayiət edilmirdi. 
Eyni zamanda vitse-prezidentlik postu uğrunda mübarizədə də F.Məmmədov N.Əmirov önündə geri çəkilməli oldu. 
N.Əmirov əslən dəvəçilidir və onun karyera yüksəlişi məhz iqtisadi bilikləri və hakim komanda daxilində ciddi reputasiyaya malik olması hesabına baş tutub. 
O, iqtisadi bloka daxil olan məmurlardan biridir. Bu günə kimi YAP hakimiyyətində xüsusi olaraq nəzərə çarpmayıb, siyasi iqtidarın carçısı olmayıb, adı qalmaqallarda hallanmayıb. 

Bu amil onun prezidentin iqtisadi islahatlar üzrə köməkçi postuna qədər ucalda bildisə, bu təyinatda siyasi nüans onun üzvü olduğu klana bağlanmalıdır. 
Söhbət N.Əmirovun Paşayevlər qruplaşmasının kadrlarından biri olmasından gedir. F.Məmmədovun Qərbi azərbaycanlılar klanında aparıcı fiqurlardan biri olması onu N.Əmirovla üz-üzə qoyub. 
Bu situasiyada nazir eks-müavinə uduzdurulur. Onun vitse-prezidentlik şansları sıfırın altına düşür. Əksinə, Paşayevlər öz kadrını - N.Əmirovu 1-ci vitse-prezidentlik təyinatına hazırlayır. 
Baxmayaraq ki, bu posta ölkənin birinci xanımı Mehriban Əliyevanın adı çəkilir, amma Paşayevlər qruplaşması N.Əmirovun onları təmsil etməsi qərarına gəlib. Nəticədə vergilər naziri 1-ci müavinlə nüfuz savaşında məğlubiyyətə uğrayır. 
Hətta iddialara görə, yaxın çevrəsinə şikayətlənərək N.Əmirovdan narazılıq edib, "ustadına kəm baxanın gözlərimə qan damar” deyiminə uyğun danışıb. 
N.Əmirov isə 1993-cü ildən bəri YAP iqtidarının siyasətində nə parlaq bir məmur olub, nə mətbuatın gündəminə gəlib, nə ona qarşı korrupsiya ittihamı irəli sürülüb. Bu sehirli kadr qəfildən meydana çıxır və naziri affekt vəziyyətinə salır. 
*** 
Anaxeber.az yazır ki, vergilər naziri ölkə rəhbərliyinin yanında etimadını kifayət qədər itirib. 
Prezident İlham Əliyev müşavirələrin birində əsassız vergi yığımlarını xatırladarkən F.Məmmədovun istefaya göndəriləcəyi güman edilirdi. 
Amma nazirin səs-küylü istefasına gedilmədi. Əvəzində illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları qanunla qadağandır. 

Bu, naziri istefaya yollamaqdan daha ağır qərar idi. Nazirin əl-qolunun bağlanması, rüşvət yığımı imkanlarının məhdudlaşdırılması ona istefa getmək qədər böyük zərbə idi. Əslində, elə bu qərarlar veriləndə bilmək olardı ki, nazirin vitse-prezidentlik yolu qapanıb. 
Qardaş ölkənin tanınmış "ABC” qəzeti vitse-prezidentin adını elan etmişdi. Qəzetin əldə etdiyi məlumata görə, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun yeni posta təyin olunacaq. 

Bu həm də o deməkdir ki, prezident İlham Əliyev ölkədə olmadığı müddətdə onun vəzifələrini N.Əmirov yerinə yetirməlidir. Qəzet növbəti vitse-prezidentin isə vergilər naziri Fazil Məmmədov olacağına diqqət çəkib. 

Ancaq əsasən N.Əmirovun üzərində dayanıb və onun daha şanslı namizəd olduğunu yazıb. Bildirilib ki, hazırda bu istiqamətdə müzakirələr aparılır və N.Əmirovun məsələsinə baxılır. 
***
Anaxeber.az yazır ki, indilikdə bu təyinatı daha ilginc edən səbəb prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla bağlıdır. 

Çünki bu sərəncamla 1998-ci ilin aprelindən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olan Ə.Əsədovun sonrakı taleyi ciddi sual altına düşüb. 

Həm də Prezident Administrasiyası rəhbərinin müavini olan Ə.Əsədovun köməkçi vəzifəsindən azad edilməsi barədə hələ ki rəsmi xəbər yayılmayıb. Amma belə görünür ki, N.Əmirova məhz Ə.Əsədovun kurasiya edəcəyi sahə həvalə edilib, üstəlik, səlahiyyətləri daha da genişləndirilib. 


Uzun illərdir prezidentin iqtisadi komandasında ən vacib fiqurlardan biri olan Ə.Əsədov son aylar prezidentin açılışlarında gözə dəymir, müşavirələrində isə arxa planda görünür. 

Natiq Əmirov bu təyinatadək vergilər nazirinin 1-ci müavini postunu tuturdu. N.Əmirov 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini bitirib.

1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində müxtəlif vəzifələrdə işləyib. 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini vəzifəsini tutub.

2000-2001-ci illərdə Bakı şəhəri, Səbayel rayonu Vergilər İdarəsinin rəis müavini, 2001-2003-də Vergilər Nazirliyi İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin rəis müavini postunda çalışıb. 

2003-2005-ci illərdə Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi olub. N.Əmirov 2005-ci ildə vergilər nazirinin müavini, 2009-cu ilin martında vergilər nazirinin I müavini vəzifəsinə təyin edilib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]