Siyasət

Milli Şura üzvləri ölüm aclığına başlayan şəxsi ziyarət ediblər FOTO

6-01-2017, 00:38

Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev facebook səhifəsində məlumat verib.

Xatırladaq ki, bundan öncə AXCP rəhbərliyi və NİDA-çı gənclər də ölüm aclığına başlayan Nicad İbrahimi ziyarət etmişdilər.

Oqtay Gülalıyevin qeydlərini təqdim edirik:

"Bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Vahid Maharramov Kınık, Rövşən Əhmədli və İbrahim İbrahimli ilə 7 gündür ki, ağzını tikərək ölüm aclığı aksiyasi keçirən Nicad Ibrahim bəyi ziyarət etdik. O, ailəsi ilə birgə 3- cü mikrorayonda uşaq baxçasında məskunlaşıb. Çox acınacaqlı mənzərə ilə rastlaşdıq. Ailə pərişan vəziyyətdədir. Nicad bəy ona qarşı edilmiş haqsızlığa etiraz əlaməti olaraq 7 gündür yemək və su qəbul etmir. Həyat yoldaşı və 2 az yaşlı körpəsi də ona dəstək olaraq yemək yeməkdən imtina edirlər.

Bir ailə gözümüzün qarşısında Bakının mərkəzində, dövlət qurumlarının laqeydliyi ucbatından ölümlə çarpışır. Bu gün halı pisləşib və təcili yardım çağrılıb.

Nicad İbrahim danışa bilmədiyindən yazılı şəkildə bizə bildirdi ki, Abşeron rayon Polis Şöbəsinin əməkdaşları Anar Əliyev, Ceyhun Cəlalov və Nəsimi rayon məhkəməsinin İlqar adlı işçisi onu aldadaraq 46.910 ABŞ dolları həcmində pulunu mənimsəyiblər. Pulunu istədiyinə görə ona ayağından 3 güllə vurublar. Hazırda qalmağa yeri olmadığından ailəsi ilə birgə uşaq baxçasında məskunlaşıb.

Dəhşətli mənzərədir. Əslində Nicad bəyin başına gələnlər acı Azərbaycan reallığıdır. Amma o digərlərindən fərqli olaraq haqsızlığa susub, göz yummaq istəmir. Öz həyatı bahasına da olsa haqqı ugrunda çarpışır.
Biz- İbrahim bəy, Hacı Rövşən bəy, Vahid bəy və digər dostların xahişini Nicad bəyə çatdırıb aclıq aksiyasını dayandırmağı xahiş etsək də o sona qədər, haqq- ədalət öz yerini tapana qədər mübarizə aparacağını bildirdi.
Dəyərli dostlar, gəlin unutmayaq ki, Nicad bəyin yerində hər birimiz ola bilərik. Gəlin ona dəstək olaq!
Mən bütün hüquq müdafiəçilərini, jurnalist dostlarımı, ictimai fəalları, beynəlxalq təşkilatların nümayəndələrini, vicdanlı insanları Nicad İbrahimin probleminə həssas yanaşmağa, ona dəstək olmağa çağırıram.

Daxili İşlən Nazirliyinin rəhbərliyini Nicad bəyin qaldırıdğı məsələni qanun çərçivəsində araşdırmağa və onu aldadaraq pulunu mənimsəyən, haqqını tapdayan şəxsləri cəzalandırmağa, zərərçəkənin pulunu qaytarmağa yardımçı olmağa çağırıram!

Nicad İbrahimdən də aclıq aksiyasını dayandırmağı xahiş edirəm!
Tanrı haqqı ugrunda mübarizə aparan insanları qorusun”!


Administratorla əlaqə

077 611-55-22

[email protected]