Siyasət

Gecikmiş üzrxahlıq bağışlanmadı: deputat YAP-dan qovulur - Təfərrüat

4-01-2017, 22:25
Deputat Astan Şahverdiyev Yeni Azərbaycan Partiyası sıralarından xaric edilə bilər 

Bu barədə Politika.Az-a verilən məlumata görə, millət vəkilinin hakim partiyadan çıxarılması gündəmə gəlib. 

YAP daxilində bir qrup yetkili deputatın mandatının ləğvi və partiyadan çıxarılması təşəbbüsünü qaldırıb. 

Məlumata görə, millət vəkili xalqdan üzr istəməsinə baxmayaraq onun parlament iclaslarında iştirakı və partiyanın tədbirlərinə qatılması məqsədəuyğun hesab edilməyib. 

Onun Gülər Əhmədovanın taleyini yaşayacağı istisna edilmir. Çünki bu günə qədər "quş”layan deputatlar olmuşdusa da, Şahverdiyev kimi əndazəni aşan və birbaşa prezident köməkçisini açıqlama verməyə məcbur edən parlamentari olmamışdı.

Ancaq A.Şahverdiyev tamamilə qırmızı xətləri keçdi və hətta üzr istəməsi belə gec oldu. Prezident köməkçisinin açıqlamasından sonra nəhayət, deputat xalqdan üzr istədi. Halbuki, üzrxahlığı cəmiyyətdən sərt qınaq və etiraz gələndə etmək olardı. 

Amma deputat gah qardaşı oğluna, gah Rusiyadakı "vor” aləminin adamlarına cavab verməklə məşğul idi. Odur ki, onun üzr istəməsi heç də ölkə rəhbərliyinin deputata qarşı qəzəbini yumşalatmayıb. 

Politika.Az-a verilən məlumata görə, deputatın mandatdan məhrum edilməsi qanunla mümkündür. 

2016-cı ilin 26 sentyabrında qəbul olunmuş Referendum Aktı ilə Konstitusiyaya belə bir əlavə edilib ki, "deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda” o, mandatdan məhrum edilə bilər. 

Çingiz Qənizadə "Deputatların etik davranışları haqqında” qanun layihəsinin hazırlandığını bildirib.

"Bu qanun layihəsi Milli Məclisin deputatlarının təşəbbüsüdür. Amma bu qanun layihəsi hələ ki bizə təqdim olunmayıb. Ona görə də deputatların etik davranış haqqında qanun layihəsində nələr əks etdiriləcək, o haqda heç nə deyə bilmərəm”.

Son vaxtlar Milli Məclisdə təmsil olunan bir sıra deputatlar fikirlərini ifadə edərkən bilərəkdən ya da bilməyərəkdən bəzi yanlış ifadələr seçirlər ki, bu da cəmiyyətdə böyük səs-küy doğurur.

Bundan sonra isə həmin deputatlar "mən əslində elə demək istəmirdim, fikirlərim yanlş anlaşılıb” ya da "mətbuat fikirlərimi təhrif edib” deməklə özlərinə haqq qazandırmağa çalışır, günahı jurnalistlərin üstünə yıxırlar.

Söhbəti konkret olaraq, hansısa deputat üzərində cəmləşdirmək istəmirik. Sadəcə, belə bir məqamda, yəni deputatların qeyri-etik ifadələrinə görə ictimaiyyət onların mandatdan məhrum edilməsi tələbi irəli sürür. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]