Siyasət

«Hansı biqeyrətə xoş gəlmək istəyir, bəllidir…» - İsmayılovların "savaş"ı qızışdı

4-01-2017, 00:20
"İlyas müəllim hər zaman dəngəsiz, fürsətcil olmağınızı qınayıb”

Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov vəkil Aslan İsmayılovun "BakiPost.az” saytına müsahibəsində bu partiyanın sədri və atası İlyas İsmayılovla bağlı işlətdiyi hörmətsiz fikirlərə cavab verib. E.İsmayılov "AzPolitika”ya göndərdiyi yazılı cavabında A.İsmayılovun Ədalət sədrinə hansı səbəbdən qəzəbli olmasını da açıqlayıb.

Xatırladaq ki, A.İsmayılov sözügedən müsahibəsində İlyas İsmayılovu İlham Rəhimova satması barədə suala belə cavab verib:

"Gəlin belə danışaq. Yenə deyirəm, mən heç kimi özümdən artıq kişi hesab eləmirəm! Düzdür, vaxtilə İlyas İsmayılovla çox yaxın dost olmuşam. Amma bu gün tamam pis münasibət var. Düzdü, mən İlyas İsmayılovla yaxın olanda, onun İlham Rəhimovla münasibətləri çox pis olub. İlham həmişə mənə xoş münasibət bəsləsə də, mən ona qarşı aqressiv olmuşam və bunu aşıq nümayiş etdirmişəm, özü də İlyasa görə. İndi bəziləri öz şərəflərinə uyğun olaraq, mənə şər atırlar, deyirlər ki, guya mən onu "kaşelyoka”-filana dəyişmişəm. Mən heç kimi heç nəyə dəyişməmişəm. İlyas İsmayılov mənə xəyanət edib! Ona görə də onunla münasibəti kəsmişəm. Mən 20 il ərzində onun bir sözünü iki eləməmişəm. Həyatda elə adam tanımıram ki, ona mənim qoyduğum hörməti qoysun…”

Etimad İsmayılov vəkilə cavabında yazır: "Təəssüf… Çox təəssüf. Səmimiyyətlə bildirirəm ki, bu açıqlamanı yazmaqla özümü narahat hiss edirəm. Çünki bu açıqlamam şəxsiyyətlərinə dəyər verdiyim, xətirlərini uca tutduğum, çörək kəsdiyim insanların qəlbinə dəyəcək. Uca və Əzəmətli Allahım məni bağışlasın. Amma kimlərəsə yarınmaq, içindəki natamamlıq kompleksini çözmək məqsədiylə 79 yaşlı atamı – İlyas İsmayılovu uzun müddət hədəfə alan birisinin cavabını verməyi özümə oğul borcu bildim.

Mən Aslan İsmayılovu 25 ilə yaxındır tanıyıram. Həyatının böyük bir hissəsi gözümün önündə keçib. Çox şərəfli, əxlaqlı, işıqlı bir ailəsi var. Özü ilkin vaxtlarda məndə ədalətli, qabiliyyətli, təvazökar, aza qane olan insan təsəvvürü yaratmışdı. Vaxt keçdikcə onu bir çox vəziyyətlərdə gördüm, necə mənfiyə doğru transformasiya olunduğunun şahidi oldum. Buna baxmayaraq, hər zaman onun hörmətini saxladım, sıxıntılı vaxtlarında, Allahın rizasıyla, hər cür dəstək oldum. O da mənə qarşılığını verirdi.

Bildiyiniz kimi, mən 2008-ci ildə Rusiyada şərlənib həbs olundum. Allaha həmd-səna olsun, uzun mübarizədən sonra 2012-ci ildə kassasiya şikayətim təmin olundu və mən azadlığa çıxdım. Tam bəraət almağımın qarşısını Rusiya FTX aldı. Bildirdilər ki, FTX səni tutub deyə bəraətlə buraxa bilmərik. Bakıya dönəndə zəng etdiyim insanlardan biri də Aslan İsmayılov oldu. Dəfələrlə zəng etməyimə baxmayaraq, mənə cavab vermədi. Başqa bir nömrədən zəng edəndə səsimi eşidib tutuldu, "zəng edirəm niyə cavab vermirsiniz” sualıma cavabında bildirdi: "…Etimad, İlyas müəllim mənim xətrimə dəyib. Mən ona zəng etdim, danşıdıq. Sonra İlyas müəllim telefonu söndürmədi və mən eşitdim ki, yanındakı adama deyir ki, bunun məzhəbi bəlli deyil, özü də bilmir nə istəyir. Ona görə də, mən İlyas müəllimə aidiyyatı olan adamlarla təmas saxlamaq istəmirəm”.

Mən Aslan İsmayılova dedim ki, zatən İlyas müəllim bu sözləri sizin özünüzə də hər zaman deyib, dəngəsiz, fürsətcil olmağınızı qınayıb. Qaldı ki, təmas məsələsinə, sizin seçiminizə hörmətlə yanaşıram.

2013-cü ilin Prezident seçkiləri ərəfəsiydi. Aslan İsmayılov "Azadlıq” qəzetinin səhifələrində Milli Şuraçılarla birlikdə seçkiləri "oyun” adlandıraraq, İlyas İsmayılovu bu seçkilərdə "aktyorluqda” ittiham etdi. Ədalət Partiyasının üzvləri keçmiş silahdaşlarının (Aslan İsmayılov həm Ədalət Partiyasının, həm də ADP-nin üzvü olub - E.İ.) bu qədər əndazəsiz davranışına qarşı sərt mövqe bildirmək istəyəndə İlyas müəllim buna qarşı çıxıb dedi ki, ehtiyac yoxdur, hərkəsin öz fikri ola bilər, hər kəs öz əxlaqına görə davranır. Buna baxmayaraq, mən o zamanlar "Azpolitika.info” saytına müsahibə verərək, Aslan İsmayılova üz tutub bildirdim ki, arada olan duz-çörəyi, xətir-hörməti qaldırmaq istəyirsə, kimin kim olduğunu sübutlarla xalqa bildirək. Bir muddət susdu. Onun və bizi sifarişli siyasi oyunbazlıqda ittiham edənlərin ən gözəl cavabı Ədalət Partiyasının seçki nəticələrini tanımaması oldu. İnsaf naminə deyim ki, hörmətli yazar Elnur Astanbəyli "İlyas müəllim, haqqınızı halal edin” sərlövhəli bir yazıyla çıxış edərək, səhvlərini etiraf etdi. Çünki cılız insan deyil.

Bu gün Aslan İsmayılov yenə də İlyas İsmayılovu hədəfə alıb. Özü də hörmətsiz şəkildə. Atası yaşında adama "İlyas” deyir. Nəyə görə edir bu "qoçuluğu”, hansı namussuz biqeyrətə xoş gəlmək istəyir, mənə bəllidir…

Amma bu gün də Allahıma sığınaraq, Aslan İsmayılova üz tutub deyirəm ki, qərar sizin, kimin kim olduğunu xalqa bildirək? Cavabını jurnalistlər öyrənsinlər”.

V.Nəsibov
AzPolitika.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]