Siyasət

Hansı nazirlər Prezidentin tapşırığına hələ də naz edir? - Siyahı

3-01-2017, 15:40
Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb

Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilib. 

Yol Xəritəsində Azərbaycanda ağır sənaye və maşınqayırma sahəsində strateji hədəflər müəyyən edilib. 

2020-ci ilədək nəzərdə tutulan hədəflərə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 1 milyard 560 milyon manatadək artacağı, 7700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. 

Bu mühüm islahat təbii ki, maşınqayırmanın inkişafına ciddi dəstək verə bilər. Amma Azərbaycanda bəzi nazir və məmurlar bu sahənin tərəqqisini tormozlayır. 

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanda istehsal edilən "Naz Lifan” maşınları ilə bağlı verdiyi açıqlama hələ də yaddan çıxmayıb

"Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir”, - deyən prezidentin çağırışına bəzi məmurların qulaq asdığı deyilir. O zaman bəzi icra başçıları və nazirlər bu tapşırığa uyğun hərəkət etdilər. 

Bir çox məmurlar bu göstərişə əməl etmədi. Ona görə də bu gün zavodun işi zəifləyib. 

"Təəssüflər olsun ki, hələ istehsal edilən 270 avtomobilin təxminən 60 faizini realizə edə bilmişik. Qalan 40 faizi satılmayıb”. Bu sözləri Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev deyib.(politika.az)
Onun sözlərinə görə, hər şey nəzərdə tutulduğu kimi olmayıb: "Əslində biz hər şeyi başqa cür planlaşdırmışdıq. Ancaq bizdən asılı olmayan səbəblər ucbatından hadisələr başqa cür cərəyan elədi”. 

Bildirək ki, nəqliyyat naziri Ziya Məmmədov, təhsil naziri Mikayıl Cabbarov, səhiyyə naziri Oqtay Şirəliyev, vergilər naziri Fazil Məmmədov "Naz Lifan” almaq tapşırığına əməl etməyiblər. 

Habelə, iqtisadiyyat naziri Şahin Mustafayev, Patent Komitəsinin sədri Ramiz Həsənov, əksər icra hakimləri, ASC sədrləri "Naz”a naz ediblər. 

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi "Naz Lifan” markalı avtomobillərin qiyməti 14-22 min arasında dəyişir. Hazırda bu zavod ildə 4 min 500 avtomobil istehsalı etmək gücünə malikdir. Sifariş artacağı təqdirdə avtomobil istehsalı da artırıla bilər.

Artıq bu zavodda 9 müxtəlif komplektasiya avtmobillər təqdim olunur. Avtomobillərin motor gücü 1.3 həcmdən başlayraq 2.4 qədər dəyişir. Avtomobillər texniki xidmət göstərilir, ehtiyat hissələrilə də təchiz edilir. Zavod yaxın vaxtlarda ikinövbəli iş rejiminə keçməyi planlaşdırır.

"Biz dövlət tərəfindən sifarişlərin olacağını gözləyirik. Hazırda bu sifarişləri qəbul etməyə hazırıq. Bu gün xidməti avtomobillər - 720 və 820 modellərinin sifarşçiyə təminatlı bir şəkildə çatdırmağa hazırıq”, - deyə "Naz Lifan”ın baş mühəndisi Rəhim İsmayılov bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]