Xeberman.com
loading...
Siyasət

“Nazir müxalifətçi olduğumu deyib, ərizə yazmağımı tələb etdi”

1-01-2017, 22:17
“Nazir müxalifətçi olduğumu deyib, ərizə yazmağımı tələb etdi”

Sabiq rabitə naziri Əli Abbasovun keçmiş Milli təhlüksizlik naziri Eldar Mahmudovdan çəkinərək hər ay ona xərac verməsi, rəhbərlik etdiyi nazirlik daxilində təyinatları baş çekistin göstərişləri ilə yerinə yetirməsi öz sahəsinə nəzarəti itirməsi ilə nəticələnib.

"Qafqazinfo”nun MTN işi ilə bağlı cinayət işinin materiallarından əldə etdiyi məlumatlar bunu tam sübut edir.

İstintaq zamanı şahid qismində dindirilən Sabunçu telefon qovşağının rəisi Nəriman Salmanov bildirib ki, 2004-cü ilin may ayından sentyabr ayınadək Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi, 2005-2010-cu illərdə Yasamal telefon qovşağının rəisi, 2010-cu ildən isə hazırkı vəzifəsində işləyir: "2004-cü ildə Əli Abbasov nazir təyin olunandan sonra mən də BTRİB-də baş direktor oldum. Həmin vaxt Beytulla Hüseynov Xətai telefon qovşağının rəisi idi. O, məndən Yasamala rəis təyin olunmasını istədi. Nazirin razılığı ilə bu barədə əmr imzaladım. Eldar Mahmudov Milli təhlükəsizlik naziri təyin olunandan sonra Sabunçu qovşağının rəisi Adəmi həbs etdirdi. Adəm də əvvəl BTRİB-in rəisi işləmişdi. Həmin vaxt Eldar Mahmudovla intriqaları olub. Adəmin həbsi ilə bağlı Beytulla Hüsenovla görüşüm zamanı onun Eldar Mahmudovla qohum olduğunu bildim. 2004-cü ilin sentyabr ayında nazir Əli Abbasov məni otağına çağırıb müxalifətçi olmağımla bağlı MTN-dən məktub daxil olduğunu dedi. Həmin məktubu uzaqdan mənə göstərib işdən azad olunmağım barədə ərizə yazmağımı tələb etdi. Mən nazirə bunun yalan olduğunu, araşdırmaq üçün vaxt verməsini xahiş etdim. Təxminən 15-20 gün sonra Əli Abbasov məni yenidən yanına çağıraraq artıq bacara bilmədiyini, çıxılmaz vəziyyətdə olduğunu, onu məcbur etdiklərini dedi. Mən də işdən çıxarılmağım üçün ərizə yazdım. Təxminən 7 ay sərəncamda qaldım. 2005-ci ilin aprel ayında Beytulla Hüseynovu BTRİB-in rəisi, bir neçə gün sonra isə məni Yasamala rəis təyin etdilər. Həmin vaxtdan Beytulla Hüsyenovla münasibətlərimiz soyudu”.

N.Salmanov MTN əməkdaşlarının rabitə sahəsində kuratorluğu və telefon danışıqlarını dinləmə qaydaları haqda danışıb: "Bu işi görən baş idarənin əməkdaşlarından Kərim Kərimovu, Teymur Quliyevi, Zahid Zeynalovu tanıyırdım. Onlar rabitə sahəsi üzrə kurator idilər. Füzuli Əliyevlə də bir neçə dəfə telefon vasitəsilə danışmışam. Vəzifədə olduğum müddətdə heç vaxt hər hansı MTN əməkdaşına pul verməmişəm. Yalnız bir dəfə Füzuli Əliyevin xahişi ilə onun qohumuna telefon xətti çəkdirmişəm”.

Murad Əhməd

loading...

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group