Siyasət

Sabiq nazirlərə "BAYRAM SÜRPRİZİ":Zindana yol açıldı

30-12-2016, 22:20
Sabiq nazirlərə "BAYRAM SÜRPRİZİ":Zindana yol açıldı

"Mahmudov həbs ediləcək” anonsu verildi, məxfi materialların ələ keçirildiyi bildirilir

Parlamentin vitse-spikeri Ziyafət Əsgərov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş başçısı Eldar Mahmudovun məsuliyyət məsələsindən danışıb. Ziyafət Əsgərov MTN daxilində baş vermiş korrupsiya hallarına görə, Eldar Mahmudovun məsuliyyət daşıdığını bildirib: "Əlbəttə, daşıyır. Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq. Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq”.

Rüşvət almaq və korrupsiya hallarına yol verməkdə ittiham olunan keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Eldar Mahmudovla əlaqələrinə dair ilginc məlumatlar yayıldı. MTN generalları - Sübahir Qurbanov, Teymur Quliyev və Natəvan Mürvətovanın cinayət işi üzrə məhkəmə prosesində dindirilən Əli Abbasov etiraf edib ki, hər ay MTN generallarına "paket” verib, buna səbəbi kimi isə Eldar Mahmudovdan qorxduğunu deyib. Keçmiş MTN "şef”inin şantaj və təhdidləri qarşısında qalan Ə.Abbasov  "baş çekist”in əmrlərini icra etməyə başlayıb: tələb olunan aylıq xəracı verməyə məcbur olub.

"Mahmudovu bitirmək planı” masada

Ziyafət Əsgərovun "məsuliyyətə cəlb olunacaq” mesajı Eldar Mahmudovun həbs olunacağı barədə ilk dəfə yüksək səviyyədə edilən xəbərdarlıqdırsa, Əli Abbasovun uzun müddətlik susqunluğundan sonra etdiyi etiraf da həbsə hazırlıq getməsi barədə verilən mesajdır. Abbasov təsadüfən danışmırdı, bu susqunluq o vaxt pozulurdu ki, artıq yüksək səviyyədə Eldar Mahmudovun məsuliyyətə cəlb olunacağı xəbərdarlığı edilmişdi. Demək ki, Abbasova "sus” əmri verənlər artıq danışması üçün "düymə”ni basıblar. Keçmiş nazirin etirafından çıxan məntiq budur ki, artıq ən xırda detallarına qədər ali səviyyədə Eldar Mahmudov sirri çözülüb: keçmiş "baş çekist”in şantaj, təxribat kanallarının qarşısı bağlanılıb, onu müdafiə edən məxfi informasiyalar ələ keçirilib.

Çovdarova xəbərdarlıq

"Mahmudovu bitirmək planı”nın tərkib hissəsi olaraq, Akif Çovdarovun da keçmiş "patron”u haqda daha ilginc sirləri açacağı da istisna deyil. Gələn məlumatlara görə, bu barədə artıq MTN generalına xəbərdarlıq da edilib və növbəti məhkəmə proseslərinin birində Mahmudovu ələ verəcək. Ehtimal olunur ki, Mahmudovun artıq təhlükəli olmadığı, bütün şantaj kanallarının bağlanıldığı və onu müdafiə edən adamlarının zərərsizləşdirildiyi və Çovdarovlar ailəsinə bu istiqamətdə hansısa təhlükənin olmayacağı barədə qarantiya da verilib.

Abbasov özünü belə ələ verdi

Əli Abbasov dindirilmə zamanı onu da açıq şəkildə etiraf etdi ki, Eldar Mahmudovun kabinetində Azərbaycandan xaricə, xaricdən də Azərbaycana ötürülən informasiyalara dair danışıqlar aparıb. Bu istiqamətdə ortada hansısa formada gizli əməkdaşlığın olduğu da müzakirə mövzusudur. Məhz bu və digər gizli informasiya alış-verişi həm Mahmudov, həm də Əli Abbasovu qoruyan "qalxan” idi. İndi Əli Abbasov bu sirri açmaqla həm Mahmudovu ələ verdi, həm də özünün həbsi üçün şərait yaratdı. 

Əslində Abbasovun başqa variantı yox idi. Gec-tez həbs ediləcəyini əvvəldən bilirdi və sadəcə göstəriş verilməmişdi deyə, bu barədə heç nə danışmırdı. Əgər indiki məqamda Əli Abbasov danışırsa, demək ki, Mahmudovu azadlıqda saxlayan məxfi məlumatlar ələ keçirilib və bu yöndə onun edəcəyi şantaj vasitələri zərərsizləşdirilib.

Keçmiş nazir niyə susmuşdu?

Əli Abbasovda belə faktların olması əvvəldən Mahmudovu bitirmək istəyən dairələrə məlum idi. Prinsipcə və qanunvericilik əsasında həbs olunmalıydı. Lakin olunmadı, ona görə ki, Abbasov bu faktları istintaqın ağır şərtləri altında açsaydı, iddia oluna bilərdi ki, bunu təzyiq və işgəncə altında deməyə məcbur olub. Yəni inandırıcı görünməyəcəkdi, ehtimallar, iddialar irəli sürüləcəkdi. Amma indi Əli Abbasova bunu azadlıqda olarkən dedizdirirlər ki, həm sonrakı proseslərdə Mahmudovla müqayisədə daha yüngül cinayətlər işlədiyinə görə alacağı cəza yüngül olsun, həm də keçmiş MTN başçısının həbsinə qanuni, inandırıcı və iddiasız zəmin yaradılsın.

"Bayram sürprizi”

Keçmiş MTN "şef”inin Bakıdakı biznes obyektlərinin fəaliyyətləri də yenidən dayandırılıb. Bir müddət əvvəl isə həmin obyektlər uzun müddətlik dondurulmadan sonra fəaliyyətləri bərpa olunmuşdu. Həmin vaxt iddia olunurdu ki, Eldar Mahmudov bir sıra sirləri açmaq müqabilində azadlıqda qalacaq və rahat şəkildə biznes fəaliyyətini davam etdirəcək. İndiki situasiyadan da görünən isə budur ki, Mahmudov ona verilən vədlərə inanaraq, özünü təhlükəsizlik zolağından çıxararaq ifşa olunmasına şərait yaradıb. Gələn məlumatlara görə, gələn ilin yanvarın ilk günlərində - böyük ehtimalla bayram ərəfəsində Eldar Mahmudov və Əli Abbasov həbs olunacaq.

Əfqan Ədilov

Administratorla əlaqə

077 611-55-22

[email protected]