Siyasət

Netanyahudan 2 gün sonra: estakadada neftçiləri udan Xəzər idi yoxsa? - Gizlinlər

25-12-2016, 00:21
Dekabrın 13-də Azərbaycana gələn İsrailin baş naziri Benyamin Netanyahunun səfəri İran tərəfindən hiddətlə qarşılandı. 
Anaxeber.az yada salır ki, yəhudi baş nazirin prezident İlham Əliyevlə təkbətək görüşündən sonra Qazaxıstana səfəri nəzərdə tutulurdu. Tehran isə Bakıya gələn nazirə görə etiraz edirdi: Niyə gəlir, nə üçün gəlir?!...
İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri İsrail baş naziri Benjamin Netanyahunun Bakıya planlaşdırılan səfərindən təəccübləndiyini bildirib. 
Mohsen Pakayin deyib ki, belə bir səfərin yer alması Azərbaycanın İslam icması qarşısında öhdəlikləri ilə ziddiyyət təşkil edir:
"Azərbaycan Respublikası İslam icmasının üzvü kimi, sionist rejimin izolyasiyasını pozan addımlardan çəkinməlidir”.
Pakayin bunu da əlavə edib: "Özü işğala məruz qalmış Azərbaycanın müsəlman xalqı öz hökumətinin başqa işğalçı ölkə ilə bu sayaq yaxınlaşmasından narazı qalacaqdır”.
Bununla belə, keçmiş İran səfiri İsrail və Azərbaycan arasında hər hansı strateji əməkdaşlığın gələcəyinə inanmadığını söyləyib.
Əlbəttə, sabiq səfiri danışdıran "dirijor çubuğu” var. Pakayin unudub ki, müstəqil ölkənin xarici siyasətini Tehran müəyyən etmir və belə bir öhdəlik də yoxdur. 
Onu da unudub ki, İsrailin Azərbaycanın müdafiə sənayesinə verdiyi dəstəyi Tehran Ermənistana uzadır. Nəinki silah, qaz, neft, qida və s...
İndi İslam icmasının üzvü olan İran, niyə müsəlmanların torpaqlarını işğal edən və Xocalıda müsəlmanları qətlə yetirən ermənilərə dost əlini uzadır? 
Şübhəsiz ki, hər şey aydındır və köhnə suallardır, İran da bu məqamları gözəl bilir. Netanyahunun səfərinə məntiqsiz münasibətə rəsmi şəkildə münasibət bildirilib. Amma deyəsən, Pakayinin açıqlaması ilə məsələ bitməyib. 
*** 
Anaxeber.az-ın Analitik Qrupu yazır ki, dekabrın 13-də yəhudi nazirin Bakı səfərindən iki gün sonra Azərbaycanda faciə yaşanır. Xəzərdə uçan estakada nəticəsində 10 nəfər neftçi itkin düşür. 
Onların 5-i eyni qəsəbədəndir. Estakadanın 1970-ci ildən təmir edilmədiyi, SOCAR-a yenidənqurma üçün vəsait ayrıldığı, hava şəraitinin küləkli olduğu faktları aydındır, deyilib, yazılıb. Təkrara nə hacət?!
Lakin incə bir məqam əksəriyyətin diqqətindən yayındı. Söhbət təxribat versiyasının irəli sürülməsindən gedir. 
Deputat Qüdrət Həsənquliyev itkin düşən neftçilərin faciəsinə diqqət çəkərək, deyib ki, bu, bir il ərzində baş verən ikinci ciddi hadisədir: 

"Bəzi qonşu dövlətlərin münasibətini nəzərə alsaq, burada təxribatlar da ola bilər. Mümkündür ki, Azərbaycanın yürütdüyü müstəqil siyasətdən narazı qalan qüvvələr tərəfindən estakadalar zədələnir. 

Təbii ki, kimlərsə, burada məsuliyyətsizliyə yol veribsə, onlar tapılıb cəzalandırılmaldıır. Amma xarici qüvvələrin təxribatının olub-olmaması versiyası da araşdırılmalıdır”. 

Deputatın təxribat eyhamının hara ismarıc olduğu maraq doğurur. Ola bilsin ki, cəmiyyətdəki sərt təpkini səngitmək üçün bu versiya irəli sürülüb. Amma tələsmək də olmaz. Çünki danışan iqtidarın mətbəxinə bələd olan bir deputatdır. Onun belə bir açıqlaması razılaşdırılmamış ola bilməzdi. 
Q.Həsənquliyev tez-tez İrana ittihamlar səsləndirən və molla rejiminin siyasətini sərt tənqid edən millət vəkillərindən biridir. Onun çıxışlarında vaxtaşırı İrana yönəlik ismarıclar və Tehrandan ölkəmizə mesajlara cavablar olur. 

İsrailin baş nazirinin ölkəmizə səfərindən sonra estakada faciəsinin baş verməsi və deputatın qonşu ölkələrdən birini ad çəkmədən işarə verərək təxribat ehtimalını irəli sürməsi müəyyən şübhələrə yol açır.  
*** 
Anaxeber.az-ın Analitik Qrupunun təhlilinə görə, faktla bağlı cinayət işinin başlanması bu faciədə məsuliyyəti olan şəxslərin cəzalandırılması ilə müşayiət olunacaq. 
Rəsmi Bakının hansısa qonşu ölkəni təxribatda bə ya terrorda ittiham etməsi də gözlənilən deyil. Lakin deputatın dili ilə ictimai rəydə bu versiyanın tirajlanması mümkündür. 
Təbii ki, Netanyahunun səfərindən iki gün sonra Xəzərdə bu faciənin baş verməsini sırf təsadüf saymaq da olar. Amma deputat qonşu dövlətlərin münasibətinə eyham vuraraq diqqəti təxribata yönəltməklə heç də təsadüf olmadığını deməyə çalışıb. 
Azərbaycanın İsraillə əməkdaşlığına qıcıq olan iki ölkə var - İran və Ermənistan. Hətta Rusiyanı də Tel-Əvivlə əlaqələri bir o əqədr narahat etmir. Yəhudi baş nazirin səfərinə etiraz edən İrandır və 2 gün çəkmir ki, Xəzər neftçiləri udur. 
Əlbəttə, yenə də əsas vurğu məmur özbaşınalığı və ayrılan pulların mənimsənilməsi faktoruna fokuslanacaq. Bununla belə, deputatın çıxışı da paralel nəzərdə saxlanmalıdır. Bildirək ki, İranın Azərbaycana münasibəti heç də həmişə xoş olmayıb. 
Dəfələrlə ölkəmizə nota verib, gərginlik yaranıb, sərhəddə xoşagəlməz olaylar yaşanıb, İran mətbuatı təxribat xarakterli materiallar təqdim edib. Son olaraq Avroviziya oyunları zamanı "gey parad” şaiyəsini yayaraq rəsmi Bakıya qarşı bəyanatlar səsləndirirdi. 
Onu da deyək ki, dekabrın 15-də "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən 10 neftçidən 5 nəfəri Qaradağ rayonunun Ələt qəsəbəsindədir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]