Siyasət

Siyasi məhbus Ruhulla Axundzadənin oğlu niyə həbs olunub?

23-12-2016, 14:35

Xeberman.com-un verdiy məlumata görə,hüquq müdafiəçisi Oqtay GÜLALIYEV özünü facebook səhifəsində yazaraq bildirib ki, həbsdə olan İslam partiyasının Astara rayon təşkilatının sədri, siyasi məhbus Ruhulla Axundzadənin oğlu Məhəmmədəli Axundzadənin qanunsuz həbsindən bu gün 1 il ötür. 
Məhəmmədəli Axundzadə bir il öncə, dekabrın 22- də həbsdə olan atası ilə görüşüb Bakıdan Astaraya qayıdarkən ailə üzvlərinin yanında həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə (istifadə miqdarından artıq narkotik maddə daşıma) ittiham olunaraq 30 iyun 2016- cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu gün onun ailə üzvləri ilə görüşdüm, məhkəmə qərarları və digər sənədlərlə tanış oldum. Adam dəhşətə gəlir. İstintaq orqanları və məhkəmə heç bir ədalətli araşdırma aparmadan insan taleyi ilə oynayıb absurd qərar çıxarır. Məhəmmədəli bəy ailə üzvləri ilə Bakıda, CÇM- də ola- ola, zorla, həyasızcasına onun boynuna qoymaq istəyirlər ki, o həmin vaxt Astara şəhərində Nərimanov küçəsində gəzərəkən narakotika "tapıb" (!?). Narkotika "tapan" adamı DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə gətirib (!?) Hacı Taleh Bağırzadənin olduğu kameraya salırlar (!?). Onu 3 gün orda saxlayıb şantaj edirlər ki, ya narkotikanı boynuna götür, ya da səni də qoşuruq "Nardaran işi"- nə. Görürsünüzmü bizim istintaq orqanlarımız nə qədər "operativ" və "obyektiv" işləyirlər? 

Məhəmmədəli Axundzadə polisdə psixoloji və fiziki işgəncələrə məruz qalır. Ona qarşı irəli sürülən ittihamlar o qədər primitiv və qeyri- peşəkar səviyyədə düzüb qoşulur ki, ittihamın saxta və qondarma olduğu ilk baxışdan açıq- aşkar görünür. 

Məhkəmədə çıxış edən Məhəmmədəli Axundzadə özünü təqsirli saymadığını, narkotikanı onun cibinə polislər tərəfindən qoyulduğunu və bəraət istədiyini bildirib.

Maraqlıdır, bəs Məhəmmədəli Axundzadə niyə həbs olunub? Onu görəsən hakimiyyətin qəzəbinə nə gətirdi ki, atası həbsdə və özü günahsız ola- ola onu da həbs etdilər? M. Axundzadə həbsdə olan atasını və digər dindar məhbusları müdafiə etməsi, Facebook sosial şəbəkəsində tənqidi yazılar yazması ilə fərqlənirdi. Amma sən demə onu bu hərəkətlərinə görə deyil, 26 noyabr Nardaran hadisələrinə görə həbs ediblər. Düzdür, 26 noyabr 2015- ci ildə Nardaranda baş verən məlum hadisələr zamanı o təhsili ilə bağlı ölkədən kənarda olub. Amma dekabrın ortalarında Azərbaycana gəlir, Nardaran hadisələrinin baş vermə səbəblərini ətraflı öyrənir və youtube.com- da "Nardaranda nə baş verir?" adlı video-rolik hazırlayıb (https://www.youtube.com/watch?v=kzYsusqqMCE) yerləşdirir. Həmin video- rolikdə o hakimiyyətin qanlı Nardaran əməliyyatını kəskin tənqid edir. Video- rolik youtube.com- da yerləşdirildikdən dərhal sonra onu həbs edirlər. Həbs edən zaman ona "sən bizə lazımsan" deyib ondan istintaqda bu video- rolikin hesabını sorurlar.

Siyasi məhbus Ruhulla Axundzadənin oğlu niyə həbs olunub?Hazırda Astarada yaşayan Axundzadələr ailəsində 2 nəfər həbsdədir; ata və oğul. Hər ikisi siyasi məhbusdur. Ruhulla Axundzadə 2011- ci ildə həbs olunub və 10 il yarım müddətinə azadlıqdan məhrum edilib. Məhəmmədəli Axundzadə isə yuxarıda qeyd olunduğu kimi 22 dekabr 2015- ci ildə həbs olunub və 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hər iki şəxs Bakıda bir- birinə qonşu olan Cəza Çəkmə Müəssisəsində saxlanılır. Ata ilə oğulu bir- birindən bir hasar ayırır. Onlar bir ildir ki, görüşə bilmirlər. Onların yolunu isə evlərində yaşlı ana, 15 yaşlı Əlimürsəl, körpə Ruhullah və evin qızları, qohumları gözləyir.

Görürsünüzmü bu hakimiyyət artıq hər ailədən bir nəfəri həbs etməklə kifayətlənmir. Bir ailədən bir neçə nəfəri həbs edir. Artıq ölkədə onlarla belə ailə var ki, bir evdən bir neçə şəxs qanunsuz olaraq həbs həyatı yaşayır. Və bu tendensiya artan xətt üzrə davam edir. Ailələr başsız, qadınlar ərsiz, analar oğulsuz qalır...

Toplum olaraq insanların şərlənib həbs olunmasına etiraz etməsək, bu siyasətə "dur" deməsək hakimiyyət 1937- ci ildə olduğu kimi ailələri kütləvi şəkildə həbsə göndərmək iddiasına düşər. Baxmayaraq ki, bütün xalqı, insanları həbs etmək mümkün deyil. Gəlin "günahı" haqqı, həqiqəti demək olan günahsız insanların şərlənib həbs olunmasına göz yummayaq və onları müdafiə edək!

Qeyd; Məhəmmədəli Axundzadənin həbsinə səbəb olan, onun hazırladığı video- roliklə bu lingi tıklayıb tanış ola bilərsiniz; https://www.youtube.com/watch?v=kzYsusqqMCE

 

Oqtay GÜLALIYEV, hüquq müdafiəçisi

Siyasi məhbus Ruhulla Axundzadənin oğlu niyə həbs olunub?

Administratorla əlaqə

077 611-55-22

[email protected]