Siyasət

“KİM OLURSA-OLSUN, HƏTTA GENERAL DA OLSA…” – Nazirdən sərt xəbərdarlıq

17-12-2016, 20:05
“KİM OLURSA-OLSUN, HƏTTA GENERAL DA OLSA…” – Nazirdən sərt xəbərdarlıq

"Mülki Müdafiə Qoşunları ilə bağlı tələbləri daha da sərtləşdirmişik. Bir əsgərin ölümü baş verib, bundan sonra tələblər bir daha sərtləşib”.

APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 illik yubileyinə həsr oluunmuş genişləndirilmiş Kollegiya iclasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov söyləyib.

K. Heydərov deyib ki, bu birliklərdə qulluq edənlər gənclərdir: "Bu gənclər bizim ordu birləşmələrində vahid komandanlıq altında yaşayıb, xidmət edirlər. Komandanlıq heç bir ayrı-seçkilik etməməlidir, orda hamı bir ailənin üzvüdür. Biz əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Orada həbs edilənlər oldu, həmin hadisə ilə bağlı daha güclü nəzarət təmin etməyənlər işdən azad edildi”.

Nazir bildirib ki, burda əsgərin psixoloji durumunu cəbhə bölgəsindəkilərlə müqayisə eləmək doğru deyil: "Buna görə bir daha bildirirəm ki, hər xırda nöqsana görə, manqaya, bölüyə, hissəyə rəhbərlik edən kim olursa-olsun, hətta general da olsa, cəzalandırılacaq”.

Qeyd edək ki, dekabrın 16-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10-cu ildönümü və işçilərinin peşə bayramı münasibətilə geniş Kollegiya iclası keçirilib.

Modern.az xəbər verir ki, kollegiya iclasında, əvvəlcə, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatlarını itirmiş neftçilərin və qəzanın nəticələrinin aradan qaldırılması işlərində qəhrəmancasına iştirak etmiş nazirliyin "Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Vyaçeslav Kryuçkovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10-cu ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək, uğurlar arzulayıb.

Nazir Kəmaləddin Heydərov ötən 10 il ərzində nazirliyin fəaliyyət istiqamətlərinə uyğun görülmüş işlər, həyata keçirilmiş tədirlər və qarşıda duran vəzifələrdən danışıb, nazirliyə göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısına səxsi heyət adından dərin təşəkkürünü bildirib.

Sonra nazirliyin bir qrup əməkdaşına ali hərbi rütbə, orden və medalların verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar oxunub.

Xidmətdə fərqlənən əməkdaşların həvəsləndirmə tədbirləri haqqında Fövqəladə Hallar Nazirliyinin əmri barədə də məlumat verilib.

Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.


Administratorla əlaqə

077 611-55-22

[email protected]