Siyasət

Fərhad Əliyev yolu: Xaqani Bəşirov Cahangir Hacıyevi müxalifətə necə qatdı? - Pərdəarxası

11-12-2016, 19:27
Bu günlərdə dezinformasiya yayıldı: sabiq bankir, Eldar Mahmudovun qudası Cahangir Hacıyev də siyasi müxalifətə qoşulur, hətta gizli məktub da varmış. Müxalif düşərgədən səs-səmir çıxmadı, nə təkzib var, nə təsdiq. 
Düşərgə deyərkən də Milli Şura və Müsavat Partiyası ağıla gəlir. Elə həbsdəki bankirin özü də gizli məktub barəsində susdu. Soruşan olmadı ki, yayılan dezonun arxasındakı səhihlik hara qədərdir...
Əvəzində bankirin siyasi məhbus elan olunması ilə bağlı qovğa yarandı. Hüquq müdafiə təşkilatları məhbus bankirin siyasi motivlərə görə həbs olunduğu donu geyindirmək istədilər. Hələ ki tərəflərin dartışması davam edir, onlar savaşmaqda olsunlar. 

Bəşirovun missiyası 

Anaxeber.az isə ondan xəbər verir ki, C.Hacıyevin müxalifətə qatılması hakim kluarlarda narahatlıq doğurub. Bankirin siyasi çəkisi olmasa da (heç zaman siyasi çıxışlar etməyib) xaricdəki kapitalı və Qərb mediasındakı əlaqələri onun əsas gücüdür. 
Hətta maliyyə naziri Samir Şərifovla çəkişmədə də Hacıyev Qərb mediasına pullar xərclədirdi. İddialar var ki, bu kampaniyanın təşkilində Hacıyevin ortağı, peşəkar maliyyə əməliyyatçısı, offşora pulların köçürülməsində birbaşa əli olduğu iddia edilən Xaqani Bəşirovun rolu olub. 
Hazırda Lüksemburqda olan X.Bəşirov konsaltinq şirkətlərinin yaradılmasında təcrübəli maxinasiya ustasıdır. C.Hacıyev ona maliyyə nazirini "vurmaq” missiyasını tapşırmışdı. 
Təbii ki, müasir dünya siyasətində müxalifətçilik küçələrə axışmaq və ya mitinqlərin təşkili ilə deyil, külli miqdarda vəsaitin xərclənməsi ilə edilir. 
Hacıyevin də ilk müxalifətçiliyi məhz nazir barəsində Qərb mətbuatında yazılar çap etdirməyə pul xərcləməsi oldu. Bu fakt da hakimiyyət üçün ciddi siqnal idi. Çünki pul varsa, müxalif partiyalara, tənqidçi mediaya və QHT-lərə yönəldə bilər. 
Necə ki, Fərhad Əliyev, Rəsul Quliyev, Hüseyn Abdullayev, Eldar Həsənov kimi iqtidarın şinelindən çıxan kadrlar bunu edirdilər. Deməli, C.Hacıyev də müxalifətə bu şəkildə qoşula bilər. 
Ona görə də mətbuatda Hacıyevin müxalifətə keçdiyi və gizli məktub olduğu barədə dezinformasiya tirajlandı. Məqsəd Hacıyevə qapısını aça biləcək müxalifəti indidən qabaqlamaq idi. 

Qərblə əlaqə və medalın bu üzü

Anaxeber.az-ın məlumatına görə, Cahangir Hacıyev sabiq nazir Əli İnsanov olmaq şansı yoxdur. Heç bankirin özünün də radikal görünmək ambisiyası da hiss olunmur. Onu daha çox keçmiş nazir Fərhad Əliyev donunda görmək mümkündür: Qərblə əlaqələr, xaricdə biznes və kapital, media resursu və nəhayət, iqtidar ambisiyası. 
Bəli, məhz MTN işinin motivi hakimiyyəti generalların ələ keçirməsi, eks-nazirin qudası olan Hacıyevin də mühüm bir posta yiyələnməsi idi. Ona qarşı irəli sürülən ittihamlar və hökm də medalın bir üzüdür. 
Artıq yeni ildən C.Hacıyevin fəaliyyətinin necə olacağını müəyyən etmək olar. İndi onun həbsdə hökmlə bağlı psixoloji adaptasiya dövrüdür, eləcə də mövqeləri aydınlaşdırmaq və möhkəmləndirmək baxımdan taym-aut götürdüyünü qeyd etmək olar. 
Bu mərhələdə özünü toparlayan Hacıyevin siyasi müxalifətə baxışı, tənqidçi mediaya münasibəti və Qərbdəki dayaqları ilə danışıqların nəticələri məlum olacaq. 
Hər bir halda onun müxalifətə qoşulması haqda yayılan xəbərlərdən sonra müsavatçıların və cəbhəçilərin susqunluğu, ona nə "hə, nə də "yox” deməsi əsas yaradır ki, "tövbə qapısını” açıq qoyublar, gəlib içəri keçə bilər. 
Beləliklə, qarşıda bizi sistemin içindən çıxan sistem müxalifətinin daha bir sanballı nümayəndəsi gözləyir. Məhz son illərdə hakimiyyətin "vurduu” adamlar müxalifətçiyə çevriliblər və ənənəvi 88-ci ildən qalan müxalifəti çıxdaş ediblər. 

Gültəkin Hacıbəyli yoxsa Sakaaşvili?

Əli İnsanov, Fərhad Əliyev, Hüseyn Abdullayev, AMAY Abdulla, Eldar Sabiroğlu, Cahangir Hacıyev, Eldar Mahmudov, Akif Çovdarov, Əli Abbasov, Elnur Aslanov, Ceyhun Osmanlı, Füzuli Ələkbərov, Gültəkin Hacıbəyli, Rüstəm İbrahimbəyov, Abbas Abbasov və s. kimi kifayət qədər nüfuzlu, qüdrətli kadrlar sistemin içindən çıxan yeni müxalifət ola bilərdi. Hərçənd, bəziləri olublar. 
Dünya siyasi təcrübəsinə görə, xalq hakimiyyəti dəyişə bilmirsə, meydana saraydaxili çəkişmələr çıxır. 
Yəni, sistemin içindən dağıtmaq üçün narazı burjua, daxili intriqalarda təcrid olunmuş, küsdürülmüş, vəzifəsini itirmiş məmurlar sarayın süqutu üçün çırmanır. Buna "narıncı inqilab” da demək olar. 
Necə ki Gürcüstanda Şvernadzenin tələbəsi olan Saakaşvili öz komandasını iqtidarın daxilinə yerləşdirib, sonra iqtidarı ələ keçirdi. 
Bu modelin Azərbaycanda tətbiqi nəzəri olaraq mümkündür. Sistemin içindən çıxan qüvvələrin instiktiv olaraq həmrəyliyi hakimiyyətə qarşı açılmış yeni cəbhə sayılır. 
2013-cü il prezident seçkilərində İbrahimbəyovla Abbasovun fəallığını qeyd etmək olar. Amma bu müxalifətçilik də AXCP-Müsavatın çiyinlərində idi. Cahangir Hacıyev də bu düşərgənin çiyinlərində parlaya bilər. 
Amma bu da var ki, iqtidar içərisindəki fikir ayrı-seçkiliyi yalnız merkantil maraqlar, iqtisadi çəkişmələr müstəvisində müşahidə olunub. Bu daxili qarşıdurmalar isə siyasi hakimiyyətə ciddi əngəl törətməyib. 
Yəni, komanda zamanında biznes qovğasını kənara qoyub, müvəqqəti atəşkəs bağlayıb və ən kritik mərhələlərdə birlik nümayiş etdirib. Müxalifətin parçalana-parçalana zəiflədiyi zamanlarda hakimiyyət birləşə-birləşə güclənib. Əksinə, qarşı cəbhədən transferlər etmək hesabına heyətini gücləndirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]