Şikayət / Ölkə

Taxtakörpüdə abadlıq adı altında talan - FOTOLAR

24-04-2017, 13:37
Taxtakörpüdə abadlıq adı altında talan - FOTOLAR
Son zamanlar Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli haqqında yayılan neqativ xəbərlərin ardı-arası kəsilmək bilmir. İcra başçısının qeyri-qanuni yollarla hərbi xidmətdən yayınması , diplomunun isə saxta olması ən çox səsləndirilən iddialar arasındadır.

Bu dəfə isə Aqil Nəzərli haqqında yeni faktlar ortaya çıxıb.

Taxtakörpü qəsəbə sakinlərindən Avrasiya.net-ə verilən məlumata görə, İcra Başçısının abadlıq adı altında talançılıqla məşğul olması, müxtəlif şəxslərin adına açılmış saxta şirkətlər vasitəsiylə maaliyyə maxinasiyaları həyata keçirməsi barədə fikirlər səsləndirilir.

İcra Başçısı Taxtakörpü qəsəbəsində Heydər parkı və İcra Hakimiyyətinin binası ətrafında özündən əvvəlki icra başçılarının inşa etdirdiyi səki və bardurları sökdürüb. Ölkə başçısının dəfələrlə məmurlara xalqın içində olun və problemlərini həll edin tapşırığını verməsinə rəğmən Aqil Nəzərli ölkə başçısının tapşırıqlarını qulaqardına vuraraq xalqla arasına qalın divarlar hörməkdədir.

Ölkənin iqtisadi böhranda olduğu bir dövrdə Aqil Nəzərlinin var olanı söküb yerində yenisini inşa etdirməsi söz yox ki, tikinti üçün ayrılan pulları mənimsəmə istəyindən irəli gəlir.

İcra başçısı təyin edildiyindən bu günə qədər heç bir iş görməyən Aqil Nəzərli yeni nə isə inşa etdirmək əvəzinə var olanı sökdürüb başqasını tikdirməkdə məqsədi söküntü materiallarını satmaq, tikintiyə ayrılan vəsaitin az bir qismini tikintiyə sərf edib böyük qismini mənimsəməkdir. Bütün bu maaliyyə maxinasiyalarında isə özünə yaxın olan müxtəlif şəxslərin adına açılmış saxta şirkətlərdən istifadə olunur.

Qəsəbənin girişində yararsız torpaq sahəsində çox böyük əziyyətlə salınan Heydər parkı qəsəbəyə xüsusi bir gözəllik verir. Eks icra başçısı Ramiz Cəbrayılovun dövründə salınan parkı küçəylə ayıran bardurlar elə formada inşa edilmişdi ki, kənardan parkın yaşıllığını, güllərini, çiçəklərini görmək mümkün idi. Lakin həmin bardurların yerində inşa edilməkdə olan hündür divarlar camaatı bu gözəlliyi seyr etməkdən də məhrum edəcəkdir.

Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxta-körpü qəsəbəsində yayda tozdan, qışda isə palçıqdan hərəkət etməyin mümkün olmadığı qəsəbəarası yolları təmir etmək, 589 ailənin içməli suyu yalnız bir bulaqdan götürdüyünü nəzərə alaraq içməli su və çoxsaylı problemləri həll etmək varkən icra başçısının dövlət vəsaitini israf edərək belə bir məəsuliyyətsiz addım atması rayon əhalisi arasında ciddi narazılığa səbəb olub.

Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərlinin maaliyyə maxinasiyaları haqqında gələn sayımızda tanış ola bilərsiniz.

Administratorla əlaqə

077 611-55-22

[email protected]