Reportaj

Bakıda Türkiyədəki çevriliş cəhdinə həsr edilmiş fotosərgi açılıb - FOTOLAR, REPORTAJ

9-09-2016, 21:27

Anadolu Agentliyinin Asiya-Qafqaz bölgə təmsilcisi Tolga Özgenc: "Bu terror təşkilatının necə təhlükəli olduğunu bir daha göstərmək məqsədi ilə qardaş ölkə Azərbaycanda belə bir sərgi keçirmək qərarına gəldik"

 


Bakıda "Park Bulvar” alış-veriş mərkəzində Türkiyədə 15 iyul tarixində baş vermiş dövlət çevrilişinə cəhd hadisəsini əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.

Anadolu Agentliyinin fotoqraflarının çəkdiyi fotolardan ibarət "15 iyul Milli İradənin Yüksəlişi” adlı sərgidə 15 iyul gecəsi Türkiyədə yaşanan hadisələr, Türk xalqının üsyançılara qarşı müqaviməti, bombalanan dövlət binaları və etiraz mitinqləri əks olunub. 

Bazar gününə qədər davam edəcək sərgiyə yetərincə maraq var. İnsanlar sərgiyə gəlib hadisə günlərində çəkilən fotolarla tanış olub, fotolar haqqında məlumat əldə edirlər. 

Sərgiyə gələn izləyicilərdən olan Fəxri Abbasov deyir ki, bəzi fotolar diqqətini daha çox çəkib: "Sərgi haqqında məlumatım yox idi. Buraya başqa səbəbdən gəlmişdim. Sərgi olduğunu dedilər. 15 may hadisələri ilə bağlı olduğunu öyrənəndə diqqətimi çəkdi. Bayaqdan haradasa 15 fotoya baxmışam. Aralarında diqqət və maraq cəlb edən fotolar var. Ən əsası bir nəfərin yerə uzanaraq tankın qarşısını almaq istədiyi andır. Fotoqraf o anı çox yaxşı tutub". 

BDU-nin tələbəsi olan Leyla adlı Bakı sakini sərgi sayəsində çox şeyi öyrəndiyini deyir: "Türkiyədə baş verən hadisələr haqqında xəbərim var. Həmin gün demək olar ki, yatmadıq. Saytlar və telekanallar sayəsində hadisələrin gedişatını izlədik. Amma bu sərgi sayəsində bilmədiyim çox şeyi öyrəndim. Bəzi fotolar həmin anları tam yansıdır". 

"O gecə bütün Azərbaycanın bizim kimi yuxusuz qaldığına əminik"

Anadolu Agentliyinin Asiya-Qafqaz bölgə təmsilcisi Tolga Özgenc musavat.com-a sərgi ilə bağlı danışıb: "15 iyul gecəsi Türkiyə heç kimin gözləmədiyi xain bir hücumla qarşılaşdı. Biz Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğuna və o gecə bütün Azərbaycanın bizim kimi yuxusuz qaldığına əminik. 

Biz artıq FETÖ-nün necə təhlükəli olduğunu bilirik. Bu terror təşkilatının necə təhlükəli olduğunu bir daha göstərmək məqsədi ilə qardaş ölkə Azərbaycanda belə bir sərgi keçirmək qərarına gəldik. Fotolarda 15 iyul gecəsi Türkiyədə yaşanan hadisələr, Türk xalqının FETÖ üzvlərinə qarşı müqaviməti, bombalanan dövlət binaları və FETÖ-ya etiraz mitinqləri əks olunub. 

Sərgiyə maraq gözlədiyimizdən də artıq oldu. Sərgini gəzənlər hadisə ilə bağlı məlumatlarının olduğunu, ancaq məsələnin bu dərəcə ciddi olduğunu fotolara baxdıqdan sonra daha yaxşı anladıqlarını deyirlər. Ziyarətçilər etiraz mitinqlərində Azərbaycan bayrağının da dalğalandırılmasının əks olunduğu fotoları bəyənirlər və qürur duyurlar. 

İnsanların tankları dayandırmağa çalışmasını əks etdirən fotolar da çox bəyənilən fotolar arasındadır. Azərbaycanlılar bu fotolara baxdıqlarında 20 yanvar 1990-cı ildə yaşanan qətliamı xatırladıqlarını deyirlər".
 
Eyni zamanda sərgiyə gələnlər Anadolu Agentliyinin hazırladığı "Dəqiqə-Dəqiqə FETÖ-nün Çevriliş Cəhdi” kitabını pulsuz əldə edə bilər. Sərgi 13 sentyabr tarixinə qədər davam edəcək.

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir. 

 










Administratorla əlaqə

077 611-55-22

[email protected]