Reportaj

Cəmiyyətin şortik davası - “Müharibə”ni kim udacaq?

28-08-2016, 20:32
Cəmiyyətimizdə geyimlərə qarşı fikir hər zaman birmənalı olmayıb. "Geyiminə görə qarşıla, ağlına görə yola sal”, "Kişi qırmızı geyinməz”, "Kişi rəngi geyin”  kimi ifadələr bəlkə də, bu düşüncədən meydana gəlib.  

XXI əsr olsa da, insanlar hələ geyim seçərkən ətrafdakıların fikirlərinə uyğun davranır.  Bəzən isə  ailəsindən çəkindiyi üçün evdən şalvarla çıxıb, haradasa şort geyir, evə qayıdanda isə yenidən şalvara keçir.  Geyim cəmiyyətimiz üçün o qədər önəmlidir ki, hətta libasına görə televiziyadan uzaqlaşdırılan aparıcılar da var. İki il öncə  İTV-də yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın proqramda sinəsi açıq köynək geyindiyi üçün işdən azad edilməsi buna misaldır.

Bir neçə gün öncə isə İsmayıllı rayonunun Lahıc qəsəbəsində insanların şortla gəzməsinə qadağa qoyulması ilə bağlı məlumatlar  yayıldı. Sosial şəbəkədə paylaşılan elanda qeyd olunmuşdu  ki, gələn qonaqlar qəsəbənin adət-ənənələrinə riayət etməli,  milli ənənələrə uyğun olmayan paltarlarla - şortla gəzməməlidir.  Lakin Lahıc bələdiyyəsi sözügedən məsələ barədə açıqlama verərək,  şort geyimi ilə bağlı qadağanını illər öncə ləğv edildiyini qeyd etdi. 

Son zamanlar qadınların ölkə xaricində şort geyinməsi sosial şəbəkələrdə tez-tez müzakirə olunur. Bəzi sosial şəbəkə istifadəçiləri "Ölkədə geyinə bilmirlər, xaricdə şorta cumurlar, kimi ifadələr işlədir. Əslində isə onlar anlamırlar ki, bir insanın istədiyi geyimi ölkəsində geyinə bilməməsi cəmiyyətdə yaşanan problemlərdən qaynaqlanır. Buna baxmayaraq, qadınlara nisbətən şort geyinən kişilərə qarşı aqressivlik daha çoxdur.  

Mövzu ilə əlaqədar şəhərin  insanla  sıx olan küçələrinə baş çəkdik. Müşahidələr göstərir ki, mərkəzdə şort geyinən insanlar rayonlara nisbətən daha çoxdur. İnsan o yerdə rahat olur ki, onu qınayan, ətrafdan baxan, gözləri ilə onu süzən olmasın. Bu da bizdə sadəcə Bakının Nizami küçəsində var. Bu boyda ölkədə sadəcə bir küçə... Ancaq burada gənclər rahat şəkildə şortda dolaşa bilirlər. Heç kim digərinə çönüb baxmır. Sanki bura Bakı deyil, Avropanın hansısa şəhəridir. Amma mərkəzdən bir az uzaqlaşan kimi geyimlər dəyişir, həmçinin geyimlərə münasibət də...  Bəs bu aqressiya nədən qaynaqlanır? 

Məsələ ilə bağlı musavat.com-a açıqlama verən məşhurların stil məsləhətçisi Elnarə Bəkirova bildirir ki, məkana və zaman görə düzgün geyinənlər heç vaxt tənqid olunmur: "Məşhurlar əlbəttə geyimlərinə görə tənqid olunacaq. Bunun səbəbi isə onların göz önündə olmalarıdır. Dünya təcrübəsində də var, siyasətçi xanımlar belə geyimlərinə görə tənqid olunur. Biz görürük ki, məkana və zaman görə düzgün geyinən xanımlar heç vaxt tənqid olunmur. Amma əndazəni aşanlar, göz zövqümüzü bir qədər korlayanlar cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəlkə də onların azadlıqlarına biz qarışa bilmərik. Cəmiyyətin elə bil ki, həssas yeri geyimlərdi. İnsanlar da kiçik şeyləri şişirtməyi sevirlər. Adi sinə dekoltesinə belə fikir bildirir, tənqid, təhqir edirlər. Biz sadəcə olaraq cəmiyyətə uyğun yaşamağa məcbur oluruq, onların zövqünə tabe olmağa çalışırıq, elə bil ki, bizi idarə edirlər. "Nə deyərlər?” prinsipini özünüzdən uzaq gəzdirin. Bir də ki, Lahıcda şortik qadağası barədə məlumatım var. Bu, düzgün deyil. Məncə heç qadağa da qoymayıblar. Bir-iki nəfər "Niyə şortik geyinmisən?”, deyə bilər. Hamı eyni fikirdə ola bilməz, hər yanda belə qeyri-adi düşüncəyə sahib şəxslər var. Yəni, demək istəyirəm ki, bir-iki nəfər şortikli şəxslərə nəsə deyə bilər, amma qadağa qüvvəyə minməz. Digər tərəfdən Lahıc turizm bölgəsidir, ora gələnlərin əksəriyyəti isə xarici ölkə vətəndaşlarıdır. Təsəvvür edin ki, turistlərə də şortik qadağan olur. Bu isə turistlərin sayının azalması ilə nəticələnər. Bunların hamısı şayiədir, boş söhbətdir”.

Psixoloq Nail Cəlil isə düşünür ki, geyimə münasibət əslində tək Azərbaycanda deyil, bütün cəmiyyətlərdə həssaslıq doğuran məsələlərdəndir: "Azərbaycan cəmiyyəti isə belə məsələlərdə bir qədər ziddiyyətli, neomühafizəkar mövqe tutur. Bir tərəfdən Şərqdən, ərəb, İslam ənənəsindən sirayət edən ifrat qapalı geyimlər geniş yayılır, digər tərəfdən isə son zamanlar Qərbdə dəbə çevrilən qeyri-ənənəvi geyim, davranış, mədəniyyət tərzi bizim cəmiyyətimizə nüfuz edir. Bəzən elə olur ki, bu gün çadraya bürünən, ertəsi gün dizləri bir neçə yerdən açıq cins şalvar geyir, ən son dəblə, açıq-saçıq bir şəkildə bəzənir. Bir zamanlar Bakıda oğlanların çoxunun dar cins şalvarlar geyməsi dəb halını almışdı. Avropadan gələnlər də təəccüb içində deyirdilər ki, bizdə azlıqlar belə geyinir. Amerikada vulqar geyimli qadınları çox vaxt elit, mühafizəkar geyim dükanlarına yaxın buraxmırlar, onlara nəsə satmaqdan qəti imtina edirlər. Yəni, bu tipli qadağalar ən müxtəlif formalarda həddən artıq liberal sandığımız cəmiyyətlərdə belə var. Azərbaycana gəldikdə belə qadağalar daha çox ictimai qınaq formasında özünü göstərir. Qadınlar bir neçə il əvvəl olduğundan daha sərbəst şəkildə geyim seçə, geyinə bilirlər. Əksinə, indi geyim məsələsində oğlanlara daha ciddi tələblər qoyulur. Fikrimizcə, nə qısa, nə hicab geyinənləri, eləcə də sənət adamlarının nə geyindiyini problemə çevirmək, xüsusi diqqətdə saxlamaq doğru deyil. Əksinə, geyim tərzi, geyim mədəniyyəti ilə bağlı fərqli, özəl düşüncələri olanlar buna qarşıdırlarsa, qoy daha yaxşısını isbat eləsinlər və cəmiyyətə də sivil bir şəkildə aşılasınlar. Bəzən sənət adamları məhz gündəmdə qalmaq üçün geyim tərzini dəyişirlər, geyinib soyunurlar. Bu, başadüşüləndır, lakin bəzən ifrata varmaları heç də doğru deyil. Amma buna görə sərt qınaq, ittiham etmək çox vaxt əks nəticə verir. Sənət adamları öncə sənətləri, sonra uyğun geyim tərzi ilə diqqəti çəkməyə çalışmalıdırlar. Belə olduqda daha böyük rəğbət, geniş auditoriya qazana bilərlər”. 

Şəhərdə qarşılaşdığımız Orxan Əliyev adlı şəxs şort geyinənlərə qarşı səsləndirilən sərt fikirlərdən narazıdır: "Cəmiyyətimizdə geyim hər zaman müzakirə mövzusu olub. Adətən, insanlarımız qara rəngə üstünlük verir, rəngli geyimlərdən istifadə edən bəyləri çox zaman  ələ salırlar, "Kişi rəngi geyin” deyirlər. Sanki  hansısa  kitabda yazılıb ki, kişi tünd rənglərdən istifadə etməlidir. Sevindirici haldır ki, son zamanlar kişilər müxtəlif rənglərdən istifadə edirlər. 

Şort geyinənlərə gəldikdə isə bu normal haldır. İsti yay günlərində şort geyinmək niyə qeyri-adi qarşılanır? Son zamanlar kişilər daha çox tənqid olunur, sanki, qadınların şort geyinməsinə öyrəşiblər. İnsanların azad seçiminə hörmət qoymaq lazımdır. Bizə işdə şort geyinməyə icazə vermirlər. Mən də dostlarla harasa gedən zaman geyinirəm. Bölgələrə iş ilə bağlı gedəndə məcburən şalvar geyinirəm, çünki şort geyinən birini ciddi qəbul etmirlər. 

Ətrafımda elə xanımlar var ki Bakıda geyinə bilmədiklərini  ölkə xaricində geyinirlər. Çünki ölkə xaricində baxışları ilə onları narahat edən, söz atan, çönüb arxası ilə baxan bəylər yoxdur. İnsanlar rahatdır. Bizim cəmiyyətimiz də insanların azadlığına toxunmamağı öyrənməlidir. Bilməlidirlər ki, geyim hər kəsin şəxsi seçimidir, kimsə müdaxilə edə bilməz”.


Könül İbrahim
Musavat.com
Fotolar müəllifindir


 












Administratorla əlaqə

077 611-55-22

[email protected]