Reportaj

"Nurlan deyir ki, ana, zəng et bəlkə ata telefona cavab verdi, onun üçün darıxmışam"... Şəhid ailəsi danışdı

3-05-2016, 18:25

Süleyman Dəmirəlin qılınc bağışladığı Milli Qəhrəman : "Atama zəng edin, səsini eşitmək istəyirəm”

Xəbər verdiyimiz kimi, aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.

Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. O, 2-5 aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib.

Murad Mirzəyev aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.
AzVision.az-ın əməkdaşları reportaj hazırlamaq üçün Milli Qəhrəmanın evinə baş çəkib.

Murad Mirzəyevin xanımı Fizzə Mirzəyeva əməkdaşlarımızla söhbətində Milli Qəhrəmanın keçdiyi həyat yolundan, çətin xidmətlərindən söz açıb.

F.Mirzəyevanın dediyinə görə, həyat yoldaşı uşaqlıqdan hərbçi olmağa can atıb. Atası əvvəlllər M.Mirvəyevin hərbçi olmasını istəmirmiş. Anasının razılığı ilə o, sənədlərini hazırlayaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib.

"Murad 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alıb. O, daha sonra 1994-cü ildən 1998-ci ilə qədər Türkiyədə Kara Harbokda təhsilini davam etdirib.1998-ci ildə müvəffəqiyyətlə təhsilini başa vurub.

Türkiyə prezidenti Süleyman Dəmirəl ona qılınc təqdim edib. Mərhum prezidentimiz Heydər Əliyev də həmin mərasimdə iştirak edib. Murad Türkiyədə motoatıcı ixtisası üzrə təhsil aıb. O, Türkiyədə Dağ komanda kursunu və 1999-cu ildə İstanbulda Tuzla piyada kursunu keçib. 1999-cu ilin iyun ayında Türkiyə Silahlı Qüvvələrinin 4-cü motoatıcı briqada komandasının tağım komandiri vəzifəsində çalışıb. Daha sonra Azərbaycanın Müdafiə nazirliyi onu ölkəmizdə xidmət etməyə çağırıb”.

Həyat yoldaşı bildirib ki, Murad Mirzəyev xidmətə Gəncədə yerləşən "N” saylı hərbi hissədə başlayıb:

"Murad orada bir müddət işləyəndən sonra çoxdan arzuladığı Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladı. Soruşanda deyirdi ki, hərbçi olanda, gərək belə olasan. Murad çox ürəkli, mərd insan idi. O, imtahan verərək Xüsusi Təyinatlı Qüvvələrə qəbul olmuşdu. Biz ailə həyatı quranda Muradın rütbəsi kapitan idi”.

F.Mirzəyeva daha sonra Milli Qəhrəmanla ilk tanışlığından, onunla yaşadığı unudulmaz günlərdən danışıb.

"Mən Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alırdım. Sonuncu il idi. Murad yaxın bir rəfiqəmin həyat yoldaşı ilə dost idi. Dostu Muradın maşını ilə rəfiqəmin yanına gəlmişdilər. Murad məni ilk dəfə orada görmüşdü. Bir-birimiz tanıyandan sonra 2004-cü ildə ailə həyatı qurduq. Murad evləndikdən 4 ay sonra Amerika Birləşmiş Ştatlarına (ABŞ) təhsil almağa getdi. İki il orada oxudu. Altı ay ərzində dil kursunu müvəffəqiyyətlə bitirdi. Həmçinin Murad ABŞ Ranger kursunu bitirən ilk və yeganə azərbaycanlıdır. Bundan başqa o, İordaniya və Ruminyada da kurslar keçib. İngilis, rus və türk dillərini mükəmməl bilirdi.

Biz ailə quranda evimiz yox idi. 10 ilə yaxın hərbçi şəhərcikdə yaşamışıq. Muradın vəzifəsi artırılandan sonra o, xidmətini Bakıda davam etdirməyə başladı. Hazırda yaşadığımız ev isə qardaşıma məxsusdur”.

F.Mirəzyeva qeyd edib ki, həyat yoldaşı çox ailəcanlı insan olub: "Cəmiyyətdə bəzən belə fikir var ki, hərbçi əsəbi olar, evdə ailəsinə sərt rəftar göstərir. Murad tam başqa insan idi. Onun işi nə qədər ağır olsa da, evə gülərüz gəlirdi. O, övladlarına bağlı idi. Evdə çox az olurdu. Səhər 6-da gedirdi, bir də axşam saat 22:00-da qayırdı. Vaxt tapan kimi bizimlə birgə istirahətə gedirdi. Bizi Xınalığa qədər aparıb. 11 illik ailə həyatımızda keçirdiyimiz günlər ömrümün sonuna qədər bəsimdir”.

Qeyd edək ki, M.Mirzəeyin iki övladı var, onlar hələ də atalarının şəhid olduğunu bilmirlər.

"Oğlumuz Nurlanın 7, qızımız Dənizin isə 5 yaşı var. İlk övladımız ailə həyatı qurduqdan 5 il sonra doğulub. Həmişə oğluna deyirdi ki, birinci olmalısan. Evə gələndə övladlarına vaxt ayırırdı.

Muradın şəhid olmasını uşaqlara bildirməmişəm. Onlar hər gün atalarını soruşurlar. Nurlan deyir ki, ana, zəng et bəlkə ata telefona cavab verdi, onun üçün darıxmışam, səsini eşitmək istəyirəm. 
İstəmirəm onların beynində atasız olduqları haqda fikir formalaşsın”.

Həyat yoldaşının bildirdiyinə görə, Murad Mirzəyev sonuncu dəfə ona aprelin 2-də zəng edib.

"Murad işi ilə bağlı çox qapalı insan idi. Həmişə deyirdim ki, Murad bizə nə vaxt xoş xəbəri verəcəksiniz. Murad sonuncu dəfə bildirdi ki, narahat olma, yaxın vaxtlarda yaxşı xəbərlər eşidəcəksiniz. 
Muradın döyüşlərdə hərbçi yoldaşlarına son sözü belə olub: "Ölənə qədər buradayıq, son damla qanımıza qədər vuruşacayıq”.

Bəziləri deyir ki, Murad istəsəydi qayıdardı, bu cür peşəkar zabitimiz şəhid oldu. Deyirəm ki, bu insanın həyata gələndən düşüncəsi vətən uğrunda şəhid olmaQ idi.
Murad ölümə hazır olduğunu deyirdi. O, hətta mənə məsləhət verirdi ki, mənim ölümümə sən də hazır olmalısan. Murad şəhid olacağını sanki əvvəlcədən bilirdi”.

Daha sonra söhbətimizə Murad Mirzəyevin qaynatası, təqaüddə olan polis polkovniki Səlim Kərimov qoşulub.

O, kürəkəni olmasına baxmayaraq, Muradla hərbçi kimi danışdığını deyib.

"Onun işinin xüsusiyyətini çox gözəl bilirdim. Hər zaman deyirdim ki, şəxsi heyəti, özünü qorumalısan. Həmçinin düşmənə qarşı daha güclü olmalarını bildirirdim. Murad əminliklə deyirdi ki, darıxma, hər şey yaxşı olacaq. Murad işinə məsuluyyətli insan idi. Murad əməliyyatlarda öndə gedib. O heç vaxt istəməzdi ki, əsgəri yaralansın”.

S.Kərimov bildirib ki, M.Mirzəyev sonuncu dəfə mart ayının 27-də evə gəlib:
"Murad axırıncı dəfə evə gələndə cəmi bir gün qala bildi. O, sanki tələsirdi. Səbəbini soruşanda heç nə demədi. Murad özü zəng etməsə, həyat yoldaşı ona yığa bilməzdi. O, istəyirdi ki, oğlu da özü kimi vətənpərvər olsun”.

S.Kərimov vurğulayıb ki, nəvəsi Nurlan atasının şəhid olduğunu biləndə onunla fəxr edəcək.

"Düşünürəm ki, Nurlan da atası kimi hərbçi olmaq istəyəcək. O, düşməndən atasının intiqamını almaq istəyəcək”.

 

 

 


"Nurlan deyir ki, ana, zəng et bəlkə ata telefona cavab verdi, onun üçün darıxmışam"... Şəhid ailəsi danışdı

Administratorla əlaqə

077 611-55-22

[email protected]