Reportaj

Viran qoyulmuş “Ana və bala” parkı ana və balalara həsrətdir – REPORTAJ, FOTOLAR

22-02-2016, 00:44
Viran qoyulmuş “Ana və bala” parkı ana və balalara həsrətdir – REPORTAJ, FOTOLAR
Bir neçə il bundan öncə uşaqların əylənə, oynaya biləcəyi, böyüklərin isə asudə vaxtlarını keçirdiyi bu məkan indi sadəcə boş və sakit bir əraziyə çevrilib. Söhbət Suraxanı qəsəbəsindəki "Ana və bala” parkından gedir. İllərdir ki, "Abadlıq işləri aparılır” adı altında qapadılan bu parkdan geriyə qalan təkcə "Ana və bala” heykəlidir. 
 
Qəsəbə sakinlərinin müvafiq qurumlara dəfələrlə müraciətinə baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Suraxanı rayon İcra Hakimiyyətindən də sakinlərə heç bir cavab verilmir. Artıq 5 ildir ki, qapadılan parkda nə olduğu bilinməyən tikilidən savayı heç nə yoxdur. Demək olar ki, bu illər ərzində daş-daş üstünə qoyulmayıb. Əksinə, dağıdılıb.
 
Qəsəbə sakini Murtaza Əliyev deyir ki, artıq uzun illərdir, hər il bu məsələnin gündəmə gəlməsi üçün əllərindən gələni edirlər: "Dəfələrlə müxtəlif instansiyalara müraciət etmişik. 2011-ci ildə parkı təmir adı ilə bağlayıblar. Guya yenidənqurma işləri aparılacaq. Amma əksinə, qurmaq əvəzinə dağıtdılar”.
 
M.Əliyev bildirir ki, bu illər ərzində parkın ərazisində kimə məxsus olduğu hələ də bilinməyən bir tikili ucaldıblar: "5 il bundan öncə parkı hasarladılar. Gözümüzü açıb-yumana qədər bir tikili ucaltdılar. Ondan sonra iş ümumiyyətlə, dayandı. Gözlədik, bəlkə davam edərlər, amma elə o dayanan dayandılar”.
 
Başqa bir qəsəbə sakini Kərim Rzayevin sözlərinə görə, parkın yenidənqurmasını 2011-ci ildə "Azinfo” şirkəti Suraxanı rayon İcra Hakimiyyətinin layihəsi əsasında öz üzərinə götürmüşdü: "İşlər dayanandan sonra iki dəfə İcra Hakimiyyətinə müraciət etdik. Bizə bildirdilər ki, tikintini "Azinfo” şirkəti aparır. Bizlik bir şey yoxdur. Vəsaitləri yoxdur, olanda davam edəcəklər. Elə bu minvalla da illər keçdi, amma nə park var, nə də müsbətə doğru bir addım… Yaxşı ki, heç olmasa, "Ana və bala” heykəlini dağıtmayıblar, qorxuruq belə getsə, onu da satıb, "yeyərlər””.
 
Sakinlərin ümumi narazılığı qəsəbədə istirahət parklarının demək olar ki, olmaması və olanların isə sıradan çıxmasıdır.
 
Yaşı 70-i haqlamış Rasim Quliyev 30 ildən çoxdur ki, bu qəsəbədə yaşayır. Onun sözlərinə görə, yay aylarında yaşıdları ilə burada yığışıb nərd, domino oynayırdılar. Qəsəbədə təmiz havada yığışa biləcəkləri bu yerin məhv edilməsi ağsaqqalları da narazı salıb: "Yaşlı adamlarıq. Bir az ömrümüz qalıb, onu da bu binalarda – dörd divar arasında başa vurub, bu gün-sabah öləcəyik. Bu yaşımızda istirahət eləməyə, oturub rahat nəfəs almağa bir yerimiz yoxdur. Bir bu park idi, onu da kiminsə və ya kimlərinsə marağına qurban verdilər. Dağıtdılar, viran qoyub, çıxıb getdilər. İndi bura oğruların, narkomanların məskəni olub. Qoca adamlarıq, evimizin yanında bu cür yaşıllıq var idi. Hərdən oturub, vaxtımızı keçirirdik. Ona da imkan vermədilər”.
 
Qeyd edək ki, 2011-ci ilin iyun ayında Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş layihəyə əsasən "Azinfo” şirkəti bu parkda yenidənqurma və abadlaşdırma işlərinə başlayıb.
 
Layihəyə əsasən, parkın adı "Günəşli istirahət mərkəzi” adlanacaqdı. Mərkəzdə fəvvarələr bağı, yay estradası yeri, uşaq bağçası, ahıllar bağı və skeyt stadionunun tikilməsi nəzərdə tutulmuşdu.
 

 

 

 

- See more at: https://xalqxeber.az/sosial/35902-viran-qoyulmush-ana-ve-bala-parki-ana-ve-balalara-hesretdir-reportaj-fotolar.html#sthash.7A6TImbk.dpuf

Administratorla əlaqə

077 611-55-22

[email protected]