Reportaj

Bakının xarabalığa çevrilən zavodlarından REPORTAJ, FOTOLAR

2-02-2016, 02:52
Bakının xarabalığa çevrilən zavodlarından REPORTAJ, FOTOLAR
Neftin dünya bazarında qiymətinin kəskin şəkildə ucuzlaşması, Azərbaycan hökumətini ölkənin qeyri-neft sektorunu inkişaf etdirməyə məcbur etdi. Prezident İlham Əliyev də hökumətin müşavirələrində bu məqamı xüsusilə qeyd edərək, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını tədricən aradan qaldırmalı olduğunu vurğuladı.

Ekspertlər bildirirlər ki, iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq üçün ilk növbədə sənaye inkişaf etdirilməli, zavod və müəssisələr açılmalıdır. 

Sovet hökuməti dövründə Azərbaycanda yüzlərlə zavod fəaliyyət göstərirdi ki, bu da SSRİ iqtisadiyyatının demək olar, onurğasını təşkil edirdi. Həmin zavodların da bir qismi Bakı ərazisində idi. Vaxtı ilə paytaxt Bakıda fəaliyyət göstərmiş zavodlardan bir neçəsinin tarixini və bu gününü araşdırdıq. 

Bakıda sənaye zavodlarının bir qismi metronun "Ulduz” stansiyası ətrafında yerləşirdi. Hətta bu stansiyanın da inşasının əsas səbəblərindən biri zavodlarda çalışanların mənzil başına rahat çatmasını təmin etmək olub. Bir zamanlar qeyd etdiyimiz stansiyadan minlərlə sərnişin istifadə etsə də, indi orada qatarlar, sanki fasilə etmək üçün dayanırlar. Çünki bu metrostansiyada qatara demək olar ki, düşüb-minən olmur. Səbəb isə məlumdur...

"Ulduz” metrostansiyasının ətrafında yerləşən və çalışdığı müddətdə yüzlərlə həmyerlimizin iş yeri olan zavodlar hazırda xarabalıqlar içərisində, dağılmış vəziyyətdə qalıblar. Ümumiyyətlə, bu metrostansiyasının ətrafı Bakının mərkəzindən çox fərqlənir. Metrostansiyanın daxilində səssizlik hökm sürdüyü halda, çölündə də uçuq divarlar, yolsuzluq şəraitində olan küçələr hakimdir. Ərazisində olduğumuz müxtəlif zavodlar fəaliyyətlərini tam dayandırsalar da, burada bir zamanlar qızğın işin olmasının izləri hələ də qalmaqdadır.  

Orada digərləri ilə müqayisədə bir qədər yaxşı vəziyyətdə olan Bakı Elektrik Maşınqayırma Zavodunun (BEMZ) olduğunu öyrəndik. Öncəliklə qeyd edək ki, BEMZ-in ilk məhsulu 1947-ci ildə istehsal edilən "TM-100/6” və "TM-50/6” markalı transformatorlar olub. Daha sonra isə zavodda elektrik mühərrikləri, generatorlar və digər bu kimi avadanlıqlar istehsal edilib. Bu zavodun 49 adda məhsulu SSRİ dövrünün dövlət keyfiyyət nişanı ilə buraxılıb. Həmin məhsullar 40-dək xarici ölkəyə ixrac edilirdi. 

Orada vaxtı ilə çalışan Kərim Quliyevin sözlərinə görə, sovet dövründə burada 3000-ə qədər adam çalışıb. Hazırda isə zavodun 5-6 nəfər əməkdaşı qalıb. K.Quliyevin sözlərinə görə, BEMZ bərpa olunarsa, ən azı 2000 vətəndaşımız işlə təmin edilə bilər. 

Zavodun ərazisində gəzərkən maraqlı nüanslarla qarşılaşdıq. Belə ki, zavodun həyətində bir neçə yerdə mərhum prezident Heydər Əliyevin sitatları var. Həmin sitatların birində deyilir: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. 

Bu zavodun isə hazırkı halında güclü iqtisadiyyata aid olan heç nə tapmadıq. 

Bakı Elektroştamp zavodu...

BEMZ-in yaxınlığında yerləşən "Bakı Elektroştamp” zavodunda da vəziyyət ürəkaçan deyil. Bu zavodun yerləşdiyi bina, oradakı digər zavodlarla müqayisədə nisbətən dağılmamış vəziyyətdədir. Ancaq burada da faktiki olaraq, heç bir iş aparılmır. 

Zavodun direktoru Ramiz Əhmədov musavat.com-a açıqlamasında bildirdi ki, 1991-ci ilə qədər bu zavodda da 3000-ə qədər insan çalışıb: "Həmin zamandan etibarən zavod dağınıq halda idi. 2003-cü ildə biz buranı bərpa etdik. Həmin zaman zavoda yeni dəzgahlar gətirib, sexləri təmir etdik. Böyük yatırımlar hesabına zavodun hazırkı binasını qurduq. 2002-ci ildə mərhum prezidentimiz Heydər Əliyev sahibkarlarla görüşürdü. Həmin zaman bizim zavodun direktoru Nurəddin müəllim idi. Mərhum prezident soruşdu ki, 100 nəfər adam işlədə bilərsinizmi? Nurəddin müəllim də cavab verdi ki, lap 300 nəfər də işlədə bilərəm. Həmin zaman biz zavoda 400 nəfər işçi götürdük. Onlar 2011-ci ilə qədər burada çalışdılar. Monopoliya nəticəsində zavodumuz bağlanıldı və mən də daxil olmaqla, 400 nəfər işsiz qaldı. Maaş almasaq da zavoda  gəlib nəzarət edirik. Əgər əmlaklar geri qaytarılarsa, sahibkarlara şərait yaradılarsa, zavodu yenidən qurmaq olar”.

Bakı Şin zavodu...

Zavod SSRİ zamanında, 1959-cu ildə istifadəyə verilib. Burada vaxtı ilə yük və minik avtomobilləri və motosiklet üçün şin hazırlanıb. SSRİ-də ilk dəfə olaraq formator-vulkanizator istismara buraxılıb, şin istehsalında isə diafraqmadan istifadə edilmişdi. 1998-ci ildə isə zavodun 2500-ə qədər fəhləsi ödənişsiz məzuniyyətə göndərilib. Elə bu hadisə də zavodun fəaliyyətinin sonunu gətirib. 

Zavodun ərazisini gəzərkən öyrəndik ki, hazırda orada taxta sexi fəaliyyət göstərir. Bu sexdə qapı, pəncərə və digər bu kimi mebel əşyaları hazırlanır. Bu sexdə isə 50 nəfərə qədər adam çalışır. 

Zavodun girişində xüsusi tikilidə əyləşən nəzarətçi bildirdi ki, 2006-cı ildə zavodun dəzgahlarını tamamilə söküb apardılar. Hazırda isə nəzarət etməyə heç bir dəzgah yoxdur. 

Vaxtı ilə maşınqayırma zavodunda işləmiş Rəsul kişi söylədi ki, sovet dövründə sexlərin fəaliyyətində tez-tez dayanma müşahidə olunurdu: "Ancaq bu, iqtisadi proseslərlə bağlı deyildi. Sadəcə olaraq, iş çox idi, fəhlə isə yox... Fəhlə tapmaq üçün Dağıstana gedirdik. Zavodlarda o qədər iş var idi ki, artıq işçi sayı yetmirdi. Həmin zaman maşınqayırma sahəsi üzrə 28 mindən çox adam çalışırdı. İndi isə həmin zavodlarda heç 28 nəfər də işləmir. Çünki heç zavodların özləri də yoxdur axı... Fikir verirəm, burada bir taxta sexi var. Hər gün ondan çox müxtəlif yaşlı insan gəlir, iş axtarır. Adamın ürəyi də ağrıyır, ancaq nə edəsən? Taxta sexinin rəhbərliyi də deyib ki, iş üçün kimsə gələn zaman yanıma göndərməyin. Çünki orada da iş yoxdur...”

Bakı Şin zavodunun yanında bir zamanlar fəaliyyət göstərən və SSRİ dövründə məftillər, "tros” istehsal edən Bakı Kanat zavodu isə hazırda elə vəziyyətdədir ki, oradan keçərkən insan vahimələnir. Zavodun həyətində heç kimə rast gəlmədik. Yarımsökülmüş tikililərin içərisində isə itlər gəzişirdilər.

Mövzu ilə bağlı Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyevlə də danışdıq. O.Haqverdiyev musavat.com-a bildirdi ki, əslində bu zavodları bərpa etmək hazırkı zamanda doğru olmasa da, həmin ərazidə müasir tələblərə cavab verən müəssisələr açmaq olar: "Bu tip zavodların istehsal etdiyi məhsullar Ümumi Daxili Məhsulun 15 faizini verirdi. Adını çəkdiyiniz zavodlar neft avadanlıqları üçün müxtəlif hissələri hazırlayırdılar. Hələ sovet dövründə zavodlarda istehsal edilən texnologiyalar Qərbdən 50 il geri qalırdı. Hazırda müasir elm tutumlu, yeni müəssisələr yaranmalıdır. Lakin bir məqama diqqət etmək lazımdır. Hər hansı bir obyekt tikilməkdən öncə onun bazarı təyin olunmalıdır. Sadəcə olaraq iş yerləri açılsın deyə rəqabət qabiliyyəti, ixrac yönümü olmayan məhsul istehsal etmək olmaz. Hazırda Azərbaycanda elə müəssisələr yaranmalıdır ki, onlar nefti azad edə bilsin. Yəni ixrac yönlü olsun”.

Əli Rais, 
Musavat.com,
Fotolar müəllifindir.

 




















Administratorla əlaqə

077 611-55-22

[email protected]