Reportaj

“Fikirləşirdim ki, ailəmə dəyməsinlər deyə, tank, pulemyot da yazsalar, imzalayacam”

20-02-2017, 23:28
“Üzü üstə uzatdılar yerə, əlləri ilə ağzımı və burnumu tutub nəfəs yollarımı bağladılar. Barmaqlarımı sındırmaq həddinə çatdırdılar”

Nardaran hadisələrindən sonra həbs olunan və Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan daha 12 nəfərin məhkəməsi fevralın 20-də davam edib. Onların işinə Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

“Uzatdılar yerə, əlləri ilə ağzımı və burnumu tutub nəfəs yollarımı bağladılar”



Bugünkü məhkəmədə təqsirləndirilən şəxslərdən Zülfüqar Mikayılov ifadə verərək ittihamların saxta olduğunu bildirib:

– Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun həbsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verənlərlərdən sonra-noyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Şeyxə yaxın olan, adını çəkmək istəmədiyim bir Hacı ilə danışdıq ki, problem həll olunsun. Hacı dedi ki, şeyx Livandadır, qayıdıb gələndən sonra bir cavab veriləcək. Sonra biz getdik Nardarana, orada da söhbətlər apardıq, dedilər ki, çalışırıq məsələni yoluna qoyaq. Noyabrın 13-dən 23-dək mən rayonda oldum, sonra gəldim Bakıya. 2 gün evdən çıxmadım. Noyabrın 26-da saat 14:00-da məni İnter.az kanalında verilişə çağırmışdılar, çıxış edəcəkdim. Saat 13:30-da namazı qılandan sonra düşdüm aşağı ki, maşına minim. 7-8 nəfər mülki geyimli polis əməkdaşları maşını mühasirəyə alıb, təslim olmağımı tələb etdilər. Qoluma qandal vurdular. Dedilər ki, “evdə axtarış aparılacaq”. Bir neçə polis əməkdaşı tez evə girib otaqlara qaçdılar. Elə bildim narkotik qoyurlar, dedim ki, “ayıb olsun, mənim evimə narkotik atırsız?”. Dedilər ki, silahdır, guya, mənim evimdən çıxıb. Məni “bandotdel”ə apardılar. Orada olanda səs-küy gəldi, soruşdum, dedilər ki, Taleh Bağırzadəgili də gətiriblər. Məni Nardaran hadisəsi vaxtı tutulanlarla paralel, yəni eyni vaxtda, amma başqa-başqa yerlərdə tutublar. Bir neçə saatdan sonra sənəd gətridilər ki, imzalayım. Soruşdum ki, nədi? Dedilər ki, guya, məndən silah, kitabça tapılıb. Dedim ki, mənə aidiyyəti yoxdur onların, imzalamıram. Bildirdilər ki, imzalamasam, problem yaranacaq. Əməliyyata rəhbərlik edən adam gəldi, dedi ki, “ya xoşluqla imzalamalısan, ya da işgəncə ilə imzalatdıracağıq”. Yenə imtina etdim. Üzü üstə uzatdılar yerə, əlləri ilə ağzımı və burnumu tutub nəfəs yollarımı bağladılar. Barmaqlarımı sındırmaq həddinə çatdırdılar. Dedilər ki, qardaşımı, sürücünü saxlayıblar, çox dərinə getsəm, ailəmi də gətirəcəklər, paltarını çıxarıb çəkiliş edəcəklər. Dedim ki, qardaşımla sürücümü buraxsalar, imzalayaram, mənə görə heç kimə problem yaradılmasın. İmzaladım, onları buraxdılar. Məni vurmayıblar, amma bu cür mənəvi işgəncə veriblər. Bizi ailəmizlə təhdid etdilər. Ancaq mən dövlət çevrilişi məsələsinə yox, silahların guya mənim olmasına imza atmışam. Dövlət çevrilişini sonradan əlavə ediblər ora. Ancaq heç bir silahdan, dövlət çevrilişindən söhbət gedə bilməz. Bizim əqidəmiz silah götürməyə, adam öldürməyə icazə vermir. Bizim silahımız Qurandır.

Yazıblar ki, məni tutanda 2 noutbuk və 1 planşet götürüblər, amma noutbukun biri mənim deyil. Mən tutulandan sonra baş verən hadisəni yazıblar ora. O noutbuk mənim deyil. Noutbuk və silahlar ekspertizaya göndərilsin, bilinəcək ki, onlara heç mənim əlim də dəyməyib.

Evdə pencəyimin cibindən tapança çıxartdılar, dedilər ki, “üstündən tapılıb”. “İo-Kio baba” qoyub onu ora. Yazıblar ki, guya evimdə axtarış aparıblar, amma heç bir axtarış olmayıb, silahı qoyub götürməkləri 2-3 dəqiqə çəkdi, sonra da apardılar.

Taleh Bağırzadəni 2008-ci ildən – tələbəlik vaxtından tanıyıram. Quma getmişdim, orada tanımışam, digər tələbələr kimi münasibətim olub onunla. Ona simpatiyam var, çünki mərddir, heç yerə bağlı deyil. Adama qulaq asıb, hörmət edir, amma sözündən də dönmür. Bizim Taleh Bağırzadə ilə din mövzusunda söhbətlərimiz olub. Düzdür, onunla müəyyən məsələlərdə fikir ayrılığımız olub, hətta mənə dedilər ki, “sizin onunla aranız yoxdur”. Dedim ki, yox, belə deyil, onunla fikir ayrılıqlarımız olub, amma bir-birimizə hörmət edirik.

Taleh Bağırzadə heç vaxt dövlət çevrilişi ilə bağlı çıxışlar etməyib. O, həmişə Azərbaycan dövlətçiliyinin yanında olub. İndi o vəziyyəti mənim üçün də yaradıblar. Amma bilirəm ki, bunlar hamısı keçəcək, səhvlərini başa düşüb deyəcəklər “gəlin, barışaq”.

Deyirlər ki, Taleh Bağırzadə Azərbaycanda islam dövləti yaratmaq istəyir. Ancaq o özü də bununla bağlı dəfələrlə deyib ki, Azərbaycanda islam dövləti qurmaq mümkün deyil. O istəyirdi ölkədə demokratiya olsun, hamıya eyni cür şərait yaradılsın, amma başqa yerdən problem çıxdı. Radikallığın səbəbi budur ki, insanlara hüququn qapısı bağlıdır, ona görə də dindarlar məcbur olub gedib başqa qruplaşmalara qoşulurlar, başqa yerlərə sığınırlar. Bu da səhv siyasətin nəticəsidir. Bunun nəticəsi çox pis olacaq. Hüququn qapısı açılmalıdır. Dindarlar ölkənin duzudur. Biz hicaba görə Allahşükür Paşazadənin yanına getdik ki, problem həll olunsun.

2015-ci il noyabrın 26-da Nardarandakı əməliyyatda həlak olan polis əməkdaşı İsmayıl Tağıyevi yaxından tanıyırdım. İsmayıl Lənkərandan idi. O, mənim köməyimlə namaza gəlib. Nardaran hadisəsindən qabaq mənə zəng edib dedi ki, “Hacı, vəziyyət yaxşı deyil, kömək elə”. Sonra da orada öldü.

“Fikirləşirdim ki, ailəmə dəyməsinlər deyə, tank, pulemyot da yazsalar, imzalayacam”

Daha sonra təqsirləndirilən Əli Hüseynov ifadə verib. O da ittihamların saxta olduğunu bildirib:

– Xəstə olduğum üçün 2015-ci ilin noyabrın 26-da Nardaranda baş verən hadisə günü evimdə yatırdım. Belimdə 3-cü və 4-cü fəqərələr arasında yırtıq var, hələ də əməliyyat olunmamaışam. Nardaranda baş vermiş hadisə barədə 1-2 saat sonra xəbər tutdum. Məni dekabrın 1-də həbs etdilər. 15-17 nəfər polis gəldi evimə. Əllərində “Kalaşnikov” avtomatı, hərəsi bir pilləkəndə durmuşdu. Biri dedi ki, “ağsaqqal, müqavimət göstərmə, güllələyərik”. Ailə üzvlərim evdə idi, ağlaşma başladı. Həyətə düşürtdülər. Bir polis eynəyimi əlində qatlayıb sındırdı. Ailəmin gözü qarşısında qollarımı qandalladılar, dartıb mindirdilər maşına. Gördüm böyük oğlum da maşındadır. Çörək alıb dükandan çıxanda tutmuşdular. Apardılar “bandotdel”ə. Müstəntiq 5-6 vərəq qoydu qabağıma, dedi silah, kitabça, ədəbiyyat tapılıb, imzalayım. Dedim “Xəbərim yoxdur, assanız da, imzalamaram”. Harasa zəng etdilər, qaldırdılar məni 2, ya 3-cü mərtəbəyə. Orada məni uşaqlarımla hədələdilər. Fikirləşirdim ki, ailəmə dəyməsinlər deyə, tank, pulemyot da yazsalar, imzalayacam. Bir oğlum təzə gəlib əsgərlikdən. Evə çörək gətirən də bir nəfərdir ailədə. Bunlara görə imzaladım. Mənə silah yazıblar. Halbuki heç vaxt silah dəyməyib əlimə.

Biz əgər islam dövləti yaratmaq istəsək, dindar olmayan əhali bizi daş-qalaq edib öldürər”.

Məhkəmə fevralın 27-də davam edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]