Ölkə

Mahir Quliyev Biləsuvarda sosial gərginlik yaradır

20-09-2016, 23:55
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin fəaliyyətindən doğan ciddi narazılıqlar öz əksini tapmaqdadır. Əksər mənbələrin iddiasına görə, bu gün icra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar Biləsuvarın təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib.

İlk növbədə açıqlamalarda vurğulanır ki, bu gün Biləsuvarda müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda Mahir Quliyevin təpgisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, dərhal icra başçısı və ya onun yaxınları tərəfindən nəzarətə götürülür. Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir. Lakin görünür bu məqam bəzi məmurları elə də narahat etmir. Bu xüsusda redaksiyamıza təqdim olunan bəzi məlumatlarda, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonda açıq-aşkar dövlət siyasətinə qarşı addımlar atmaqda ittiham olunur. Hətta bəzi mənbələrin iddialarına görə, icra başçısı ölkə prezidentinin müvafiq göstərişlərinə zidd hərəkət edərək, rayonda sosial gərginliyin əmələ gəlməsinə şərait yaradır. Daxil olan məlumatlarda vurğulanır ki, bu gün Biləsuvarın iqtisadiyyatında elə bir sahə tapmaq mümkün deyil ki, həmin sahə Mahir Quliyevin "maraq dairəsinə” daxil olmasın. İcra başçısı rəhbərlik etdiyi rayonda bütün sahələrdə biznes şəbəkəsi formalaşdırmışdır.

Digər tərəfdən isə bəzi mənbələr Biləsuvar rayonunda dövlət tərəfindən ayrılan sosial yardımların da yoxsul, imkansız ailələrə deyil, vəzifə sahiblərinin yaxın qohum-əqrəbalarına yazılıb onlarla yarı bölündüyünü vurğulayırlar. Həmçinin rayon camaatının torpaq problemi də var. Əkinçiliklə məşğul olan kəndlilər maddi cəhətdən və texnika sarıdan əziyyət çəkirlər. Onlar üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir. Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldur. Adı icarə müqaviləsində olan şəxsləri isə, yaxına belə buraxmırlar. Daxil olan məlumatlarda bildirilir ki, Mahir Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektardan çox torpaq sahəsi ayırıb. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər. Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar dövlət proqramlarından yararlanmaq istəyirlər. Amma kimsə onların müraciətlərinə əhəmiyyət vermir.

Başqa bir məlumatda isə bildirilir ki, Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür. Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var. Biləsuvar rayonunda məmur özbaşınalığı səngimir, əksinə hər gün demək olar ki, vətəndaşların hüquqları pozulur. Mənbənin bildirdiyinə görə icra başçısı Mahir Quliyev rayona ayrılan büdcə pullarının talan edilməsində addımbaşı ittiham olunur.
Daxil olan məlumatlarda müxtəlif səpgili şikayətlər əks olunsa da, ümumi bir fikir bundan ibarətdir ki, rayon rəhbərliyinin yarıtmaz fəaliyyəti bu gün Biləsuvarı Azərbaycanın az qala ən geridə qalmış bölgəsinə çevirib. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, əgər Mahir Quliyev bir-iki il də vəzifədə qalarsa, o zaman Biləsuvarda ümumiyyətlə yaşayış mümkünsüz bir həddə çata bilər. Elə biləsuvarlılar da bunu bildiklərindən indidən həyəcan təbili çalaraq, dövlət başçısı İlham Əliyevdən yardım istəyirlər.

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]