Ölkə

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib

14-09-2016, 19:00
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən "Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Kənan Heybətov ifadə verib.

O, ifadəsində Nardaranda əməliyyatdan öncə idarədə müşavirə keçiridiyini deyib: "Hadisə zamanı təqsirləndirilən şəxslərdən Bəhruz Əsgərovu zərərsizləşdirmişəm. Onun əlində qumbara və beşbarmaq var idi. Mən hadisədə ümumi 6 güllə atmışam. Ola bilsin ki, həmin vaxt güllələrdən Bəhruza da dəyən olsun".

K.Heybətov əməliyyatda 20 polis əməkdaşının olduğunu qeyd edib: "Əməliyyatda əlavə qüvvələr olmayıb. Hadisədə mənəvi zərər çəkmişəm. Bəhruzu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışıq".

Təqsirləndirilən B.Əsgərov isə bildirib ki, onu xəstəxanaya kənd camaatı aparıb: "Mənə 10 rezin güllə dəyib".

 Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsinin (BMCM) baş əməliyyat müvəkkili Kənan Heybətov günün ikinci yarısında keçirilən prosesdə hakimin, dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və vəkillərin suallarını cavablandırıb.

Daha sonra BMCMİ-nin baş əməliyyat müvəkkili Nadir Novruzov ifadə verib. O, hadisə zamanı təqsirləndirilən şəxslərdən Abbas Quliyevi zərərsizləşdirdiyini bildirib: "Onun bir əlində bıçaq, o biri əlində beşbarmaq olub, sağ cibindən qumbara, sol cibindən isə Taleh Bağırovun çağırış kitabı çıxdı. Onu həmin vaxt mən vurmamışam, Abbasa xəsarətləri də mən yetirməmişəm".

Vəkil Yalçın İmanov bildirib ki, təqsirləndirilən şəxslərə işgəncələr verilib. N.Novruzov isə təqsirləndirilən şəxslərə işgəncə verilmədiyini və belə bir şey görmədiyini deyib: "Hadisə zamanı 8 güllə atmışam, lakin bunlardan kiməsə dəydiyini görməmişəm".
N.Novruzov hadisədə mənəvi ziyan çəkdiyini, iş yoldaşlarının ölməsi ilə bağlı sarsıntı keçirdiyini vurğulayıb.

Məhkəmənin növbəti iclası sentyabrın 21-nə təyin edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]