Ölkə

Narazı vətəndaşın haqqı bərpa olunmayıb...

1-09-2016, 00:39
Bakı ş. Sabunçur. Bakıxanov qəs. Aşıq Alı küç. ev-5-də yaşayan Məmmədova Aybəniz Şəmşad qızı tərəfindən Xeberman.com-un redaksiyasına daxil olmuş Gəncə Şəhər Prokuroru cənab F.Həsənəliyevə ünvanlanmış şikayət məktubunu oxuculara təqdim edirik:


Hörmətli cənab Prokuror! 

Bildirmək istəyirəm ki, mərhum həyat yoldaşım Məmmədov Qərib Əli oğlunu müalicə etdirməkdən ötrü 2016-cı ilin may ayında Gəncə Şəhərindəki Gəncə Beynəlxalq Xəstəxanasına müraciət etmişəm və mərhum həyat yoldaşımı adı çəkilən Xəstəxanaya qəbul etdirəndən sonra Xəstəxananın hesabına 10.000 (on min) manat pul ödəmişəm. Mərhum həyat yoldaşımın müalicə həkimi olan türk vətəndaşı Süleyman Lütfi Dinçer bizləri tam inandırmışdır ki, xəstəmiz 20 günə sağalacaq. Lakin xəstə 13-cü gündə vəfat etmişdir. Bundan sonra biz 24.05.2016-cı ildə Gəncə Beynəlxalq Xəstəxanasına ödəyib qəbz aldığımız 10.000 (on min) manat pulu geri istəməyə başlayanda Xəstəxananın baş həkimi İlyas Həsənov və müalicə həkimi, türkiyəli həkim Süleyman Lütfi Dinçer bizlərdən qaçıb gizlənməyə, telefon zənglərimizə cavab verməməyə başladılar. Artıq mənə tam aydın oldu ki, dələduz həkimlərin toruna düşmüşəm, həyat yoldaşımı sağaldacaqlarına inanıb, 10.000 (on min) manat pul ödədiyim həkimlər mənim etibarımdan sui-istifadə ediblər. 

Bütün bunlarla bağlı başda Möhtərəm Prezidentimizə və ölkəmizin bütün hüquq-mühafizə orqan rəhbərlərinə rəsmi ərizə ünvanlamışam. Baş Prokuror cənab Z.Qaralova etdiyim şikayətim baxılmaqdan ötrü Sizin ünvanınıza göndərilsə də bu günə kimi mənimlə maraqlanan, dəvət edib ifadəmi alan olmamışdır. Mərhum həyat yoldaşımın həkim səhlənkarlığı ucbatından, həkim yarıtmazlığından vəfat etdiyinə görə hüquqi qiymət verilməmiş, mərhum həyat yoldaşımın müalicəsi üçün ödənilən 10.000 (on min) manat pul ailəmizə qaytarılmamışdır, həm baş həkim, həm müalicə həkimi cinayət məsuliyyətinə cəlb edilməmişdir. 

Hörmətli cənab Prokuror! Bilmək istərdim Sizin, Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elman Vəliyevin, Gəncə Beynəlxalq Xəstəxanasının əsl sahibi Vergilər naziri Fazil Məmmədovun bacısının başına bu dəhşətli cinayət hadisəsi gəlsəydi necə olardı!? Təbii ki, Gəncə Beynəlxalq Xəstəxanasının "ağzından süd iyi gələn” bacarıqsız, yarıtmaz baş həkimi İlyas Həsənov və türkiyəli müalicə həkimi Süleyman Lütfi Dinçer çoxdan həbs olunardı və ödənilmiş məbləğ dərhal geri qaytarılardı!!!
İndi mən nə edim ki, mənim nə Sizin kimi, nə də Elman Vəliyev, Fazil Məmmədov kimi qardaşım, arxam yoxdur. Amma əvəzində Azərbaycan Qanunları və bu Qanunların Qarantı olan Möhtərəm Cənab Prezidentim var!
Hörmətli cənab Prokuror! Gəncə Şəhərində dövlət və özəl təşkilatlara nəzarət funksiyasını yerinə yetirən orqanın Rəhbəri kimi, bir insan kimi məni doğru-düzgün anlayacağınıza şübhə etmirəm. Məhrum həyat yoldaşımın ölümünə bais olan və qohumlarımızdan borc alıb ödədiyim 10.000 (on min) manat pulu mənimsəyən İlyas Həsənov və Süleyman Lütfi Dinçer barəsində qanuni tədbir görülməsi, həkimlik fəaliyyətlərindən kənarlaşdırılması və cinayət məsuliyyətinə cəlb edilməsinin əsl məqamıdır, vaxtıdır. Belə məqamda, belə vaxtda gözləmək mənim kimi yeni qurbanların olacağına, Azərbaycan vətəndaşının əmlakının mənimsənilməsinə səbəb olacaqdır. 
Ona görə də Sizlərdən xahiş edirəm yuxarıda qeyd etdiklərimə əsasən Gəncə Beynəlxalq Xəstəxanasının Baş həkimi İlyas Həsənov və müalicə həkimi türkiyəli Süleyman Lütfi Dinçer barəsində qanuni tədbir görülərək cinayət məsuliyyətinə cəlb edilməsi və ödədiyim 10.000 (on min) manat pulun geri qaytarılması üçün göstəriş verəsiniz. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]