Ölkə

Nofəl Məhərrəmov getdi, amma oyunları davam edir

29-06-2016, 17:39

Bu, məlum yazıların cəmiyyətdə və əsasən də DİN koridorlarında yaratmış olduğu rezonans sonrası nazir Ramil Usubovun gəldiyi nəticədir.

Nizami Rayon Polis İdarəsinin keçmiş rəisi Nofəl Məhərrəmovun özbaşına əməlləri barədə «Aztoday.az» saytında dərc olunan silsilə məqalələri dəyərli oxucularımız yəqin ki, xatırlayırlar…

Artıq Nofəl Məhərrəmov Bakı şəhəri Nizami rayon Polis İdarəsinin deyil, Xaçmaz Rayon Polis Şöbəsinin rəisidir. Bu, məlum yazıların cəmiyyətdə və əsasən də DİN koridorlarında yaratmış olduğu rezonans sonrası nazir Ramil Usubovun gəldiyi nəticədir. Nəticə isə çox pis sonuclandı. Nofəl Məhərrəmovun uzun illərdən bəri general olmaq arzularını puça çıxardı. Bir sözlə, Nofəl Məhərrəmovun nahaq əməlləri öz başında çatladı.

Təfərrüatları qısaca da olsa, oxucuların diqqətinə bir daha çatdırmaq istəyirik. Hər şey 2014-cü ilin dekabr ayının 15-dən 16-na keçən gecə baş verir. Nizami rayon 23-cü polis bölməsinin cinayət axtarış üzrə kiçik əməliyyatçısı Röyal Məmmədovun azyaşlı qızı cinsi istismara məruz qoyan dəstəni zərərsizləşdirib əvəl 23-cü polis bölməsinə, sonra isə 24-cü polis bölməsinə apararaq raport verir. Bir gün sonra isə, yəni dekabr ayının 17-də rəis olmuş Nofəl Məhərrəmovun göstərişi ilə Röyal Məmmədovun ərizəsi alınır və ayın 14 tarixində rəsmiləşdirilir.

Daha sonra Röyal Məmmədovun barəsində CM-nin 322. 2. maddəsi ilə cinayət işi başlanılır və heç bir istintaq hərəkəti aparılmadan 6 aya yaxın təcridxanada saxlanılır. Hazırda Nizami Rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Röyal Məmmədovun polis olmasını sübuta yetirmək üçün keçirilən məhkəmə prosesi davam etdirilir. Dindirilmiş bütün şahid ifadələri də R.Məmmdovun polis olduğunu bir daha təsdiqləyir. Amma buna baxmayaraq, keçmiş rəis Nofəl Məhərrəmov və bu işdə əli olan digər yüksək çinli polis məmurları bu işi bilərəkdən uzadır, əngəlləmək istəyirlər. Hansı formada?

Röyal Məmmədov həbs edildikdən təxminən bir ay sonra isə onun qardaşı Nizami Rayon Polis Bölməsinin cinayət axtarışı üzrə kiçik əməliyyatçısı Xəyal Məmmədova işdən öz xahişi ilə çıxması barədə ərizə yazmağı təklif edirlər. Daha sonra isə rəis müavini Ədalət Əliyev tərəfindən yoldaşlıq məhkəməsi adı ilə işdən kənarlaşdırılır. CM-nin 135-ci maddəsi ilə, polis adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə. Çox maraqlıdır, polis nəfərinin «zamuj» ayaqqabı geyinməsi polisə ləkə gətirən əməl hesab edilir, amma kiminsə rüşvət alması yox.

Nofəl Məhərrəmov görün daha hansı əməllərə əl atır. Xəyal Məmmədovun Nizami Rayon Polis İdarəsində sübut olunmayan cinayət işi xitama verildikdən sonra polis nəfəri Səfər Ələkbərovu öyrədərək guya işə düzəltmək adı ilə birinciyə 2014-cü ilin oktyabr ayında 1800 manat pul verməsi barədə Nizami Rayon Prokurorluğuna ərizə verdirirlər. Bu günə qədər Səfər Ələkbərov Nizami Rayon Prokurorluğuna 4 müxtəlif ərizə verib. Səfər Ələkbərovun ərizələrinə diqqət yetirin: 1-ci işə düzəltmək adı ilə, 2-ci borc, 3-cü hirslənib yazdığını etiraf, sonuncu isə yenə də indiyə qədər yalan danışdığını, isə düzəltmək adı ilə pul verdiyini göstərir. Bunları necə başa düşmək olar?

Əvvəlki ərizələri Səfər Ələkbərov rəis olmuş Nofəl Məhərrəmovun göstərişi ilə yazıb. Üçüncü ərizəni, yəni hirslənib yazdığını, belə şeylərin olmadığını yazdığı ərizə cinayət tərkibi olmadığından birbaşa xitama getməli idi. Bu ərizəni də Nofəl Məhərrəmov yazdırıb. Nəyə görə? Çünki Xəyalın işdən çıxarılmasında şeytana uyduğunu, yenidən işinə bərpa edəcəyinə söz vermişdi. Lakin bu zaman rəis müavini Ədalət Əliyevin başı ağrımalı olurdu. Odur ki, Ədalət Əliyev yenidən Səfər Ələkbərovu öyrədərək Xəyal Məmmədova işə düzəltmək adı ilə pul verdiyini bildirən növbəti ərizə yazdırmalı olur.

Məsələdə təəccüblü görünən tərəf isə Nizami Rayon Prokurorluğunun müstəntiqi Nəzər Fərzəliyevin işə qərəzli yanaşmasıdır. Xəyal Məmmədovun vəkili Naimq Hacıyev polis nəfəri Səfər Ələkbərovun barəsində CM-nin 296-cı maddəsi ilə yalan ifadəyə görə cinayət işinin qaldırılmasını tələb etdiyi halda müstəntiq işi məhkəməyə göndərməyə tələsir. Belə olan halda sözügedən cinayət işinin Nizami Rayon Prokurorluğundan alınması barədə vəkil Namiq Hacıyev Bakı Şəhər Prokurorluğunun İstintaqa Nəzarət İdarəsinin rəisi Rövşən Maqsudova vəsadət təqdim edir. Lakin hadisələrin gedişatı onu göstərir ki, Bakı Şəhər Prokurorluğu da Xəyal Məmmədovun barəsində qaldırılmış cinayət işinin xitama verilməsində maraqlı deyillər. Çünki Nizami Rayon Prokurorluğunun müstəntiqi Nəzər Fərzəliyev onsuz da vəsadətin təmin olunmayacağı haqda əvvəlcədən necə bilə bilərdi?

Ola bilərmi ki, onlar, yəni Ədalət Əliyev, Nəzər Fərzəliyev və Rövşən Maqsudov birləşərək Xəyal Məmmədovun bərpa olunmasına əngəl yaradırlar? Bunlar növbəti yazıların mövzusudur. Vətəndaş Aliq Məmmədovun övladlarının qanunsuz olaraq işdən azad olunmalarına dair müraciətləri isə hələ də baxılmamış qalır. Buna baxmayaraq ata mübarizəni sona qədər davam etdirəcəyini bildirir…

Administratorla əlaqə

077 611-55-22

[email protected]