Ölkə

Zakir Fərəcov bacısı oğlunu Abşerona icra başçısı "təyin edib"

9-11-2015, 12:46
Zakir Fərəcov bacısı oğlunu Abşerona icra başçısı "təyin edib"

Abşeronun keçmiş, Sumqayıtın indiki icra başçısı Zakir Fərəcov karyerasının “qızıl dövrünü” yaşayır. İctimai-siyasi sektorda ilk dəfə Sumqayıt bələdiyyəsinin sədri kimi görünən Zakir Fərəcov hazırda geniş bir ərazinin “küllü ixtiyarına” çevrilib: Onun “imperiyası” ta Xızı rayonunun Sumqayıtla qovuşuğundan başlayır, Bakının girəcəyində isə qurtarır.

Redaksiyamıza ilk baxışdan oxucuda şübhə yaradan bu təntənəli təqdimatın təfərrüatlarını açıqlayacaq informasiyalar daxil olub. Məlum olduğu kimi, Zakir Fərəcov Sumqayıtın icra başçısıdır, Sumqayıtın inzibati ərazi bölgüsü isə Xızı rayonunun cənub torpaqlarına qədər uzanır. Onun bir vaxtlar rəhbərlik etdiyi Abşeron rayonunu da əlində saxlaması isə təsir imkanları ilə yanaşı, hökm verdiyi torpaqların coğrafiyasını da artırıb. Zakir Fərəcovun Abşeron rayonuna necə rəhbərlik etməsinə gəlincə isə bəzi zəruri məqamlara toxunmaq vacibdir.

Məlum olduğu kimi, sonuncu yerdəyişmələrdən sonra icra başçılarının siyahısında cüzi dəyişiklik baş verdi. Bu sırada diqqət çəkən ən önəmli məqam isə Zakir Fərəcovun Sumqayıta təyinat almasından sonra Abşerona İradə Gülməmmədovanın təyin edilməsi oldu. Məlumat üçün bildirək ki, İradə xanım bu təyinata qədər Abşeron RİH başçısının birinci müavini vəzifəsində çalışıb.Onun Abşeron rayon icra hakimiyyətinin başçısı postuna gətirilməsində isə Zakir Fərəcovun müstəsna xidmətlərinin olduğu bildirilir. Daxil olan məlumatlarda bildirilir ki, uzun müddət bir yerdə çalışdıqlarından Zakir Fərəcov ona çox güvənir. Belə bir güvənilən şəxsi özündən sonra Abşerona başçı kimi qoyub getmək isə Zakir Fərəcova əlavə üstünlüklər qazandırıb.

Amma Zakir Fərəcov bacısı oğlu Məhəmməd Həsənovu Abşeron RİH başçısının birinci müavini postuna gətirtməklə işini daha etibarlı tutmağa çalışıb. Məlumat üçün bildirək ki, Sumqayıt RİH başçısının bacısı oğlu Məhəmməd Həsənov Abşeron RİH başçısının birinci müavini vəzifəsinə bir müddət öncə təyinat alıb və bu təyinatda Zakir Fərəcovun əsas məqsədi Abşerona nəzarət imkanlarını maksimum həddə çatdırmaq olub.

Daxil olan məlumata görə, Məhəmməd Həsənov rəsmi olaraq birinci müavin postunda əyləşməsinə baxmayaraq faktiki olaraq icra başçısının səlahiyyətlərini yerinə yetirir.

Bunun necə baş verməsinə dair maraqlı məqamlarla isə növbəti yazımızda ətraflı bilgi almaq fürsəti qazanacaqsınız.

Gündəmşok.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]