Ölkə

Xədicə İsmayıl azad edildi - SON DƏQİQƏ

25-05-2016, 16:27

Üç maddədən biri üzrə bəraət aldı

AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl azad edildi. 

Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz etdi.

Məhkəmə ona itttiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib.

Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. daha sonra 70-ci maddəni tədbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.

SINAQ MÜDDƏTİ

Vəkil Fariz Namazlı deyib ki, Xədicə İsmayıl üçün sınaq müddəti müəyyən edilib.

O, Binəqədi rayon Polis İdarəsində qeydiyyatda olacaq. Hər ay ora gedib qeydiyyatdan keçməlidir.

Bu həm də o deməkdir ki, Xədicə dövlət orqanlarının icazəsi olmadan 5 il ərzində ölkəni tərk edə bilməz. Yaşayış yerini dəyişə bilməz.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Xədicə İsmayıl ittihamları rədd edib və jurnalist fəaliyyətinə, özəlliklə hökumətin korrupsiyası, prezident ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə cəzalandırıldığını bildirib.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

Xədicə İsmayıl


Administratorla əlaqə

077 611-55-22

[email protected]