Ölkə

Paytaxtın «20 Yanvar» dairəsindən biabırçı - FOTO

16-05-2016, 09:42
Bu ərazi Bakının yol infrastrukturunda «qara ləkədir»

Bakının yol infrastrukturunda ən qarışıq nöqtələrdən biri «20 Yanvar» dairəsidir. Bu dairə ilə bağlı aidiyyatı orqanlar bir neçə ildir fərqli qaydalar tətbiq edirlər – gah dairədəki nəqliyyat vasitələrinə yol vermək tələb olunur, gah da dairədəkilər dayanıb gözləməli olur. Lakin indiyədək bunların heç biri effek verməyib. İş o yerə çatıb ki, günün pik saatlarında «20 Yanvar»a yolu düşənlər sanki sürgünə gedirmiş kimi o dairədən keçməmək üçün hər əzaba dözməyə razı olurlar. Təki, bu dairədən keçməli olmasınlar. Dairədə tikilən körpü yalnız düzünə – Sumqayıt və Xırdalana gedənlərin işini asanlaşdırdı. Amma «Şamaxinka»ya, Biləcəriyə gedənlərn əzabına son qoyulmadı. Həsən bəy Zərdabi küçəsindən gəlib «20 Yanvar» dairəsini keçib 3-cü mikrorayon istiqamətinə getmək nə qədər asan olsa da, Tbilisi prospekti ilə gəlib dairəyə daxil olanları, yəni sağdan dairəyə daxil olmaq üçün boylana-boylana qalanları görəndə adamın ürəyi ağrıyır. Həmin nöqtədə taksilərin 2-3 zolağı zəbt etməsi bir başqa dərddir. Bəzən üçzolaqlı yoldan dairəyə yalnız 1 zolaqla daxil olmaq mümkün olur. Bütün bunlar həmin ərazidə xidmət aparan yol polislərinin gözü qarşısında baş verir. Yol polisi bəzən onları qovur, yarım saatdan sonra yeni gəlib burada məskən salırlar. Beləliklə, «20 Yanvar» dairəsinin sağalmaz yarası göz önündədir. Yazılan çox yazılar dərdə çarə olmadı, bəlkə oxuculardan birinin Avtosfer.az-a göndərdiyi bu foto həmin ərazidəki eybəcər mənzərəni aidiyyatı orqanların diqqətinə çatdırmış olar. Qoy, həmin orqanlar bu mənzərəyə bir az da yaxından və yuxarıdan baxsınlar. Lap fotonu yaxınlaşdırıb bir az da yaxından baxmaq olar. Əsas odur ki, milyonlarla vəsait xərclənən bu dairədə nəqliyyatın rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək mümkün olsun.

Yollarda mümkünsüz heç də yoxdur. Yetər ki, bir az diqqət göstərilsin. Bu dairə ilə bağlı çox işlər görmək olardı. Vaxtında Nəqliyyat Nazirliyinin başda oturanları diqqət etsəydilər milyonlar hesabına tikilən körpüyə bir az da «əl gəzdirmək» mümkün olardı. Məsələn, Tbilisi prospekti ilə hərəkət edən nəqliyyat vasitələri dairəyə girmədən körpü ilə hərəkət edib «Şamaxinka»ya, Biləcəriyə dönə bilərdilər. Bunun üçün sadəcə iki yerdən sağa çıxış vermək lazım idi. Bununla da, «20 Yanvar» dairəsinin yükü azalardı…

Bir şeyi dəqiq bilirəm ki, illərdir milyonların xərcləndiyi «20 Yanvar» dairəsi elə adı kimi özü də Bakının «qara ləkəsidir».

 

Elməddin Muradlı

 
 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]