Ölkə

Avtobus qəzalarının səbəbkarı polisdir? - Açıqlama

1-03-2016, 15:34

Son beş gündə paytaxtda baş verən avtobus qəzalarında 3 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, ölkə gündəmini zəbt edən bu mövzu fevralın 24-də Nizami rayonunda baş verən hadisə ilə alovlanıb. Metronun Qara Qarayev stansiyası yaxınlığında 62 saylı xətt marşrutu üzrə hərəkət edən 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobus «Nissan» markalı minik avtomobili ilə toqquşub. Nəticədə sərnişin Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib, 13 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Bu hadisədən cəmi 3 gün sonra Yasamal rayonunda 63 saylı xətt üzrə hərəkət edən «Daevo» markalı sərnişin avtobusu ana və qızını vurub. Nəticədə ağır xəsarət alan 36 yaşlı qadın xəstəxanada keçinib. 16 yaşlı qızının isə vəziyyəti ağırdır.

Silsilə avtobus terroru bu gün də davam edib. Maştağa qəsəbəsində 172 saylı marşrut avtobusu idarəetmədən çıxaraq yol kənarında dayanan iki məktəblini vurub. İki qardaş olan məktəblilərdən biri hadisə yerində ölüb, digəri isə xəsarət alıb. Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir.

İctimai nəqliyyatda ölümlə nəticələnən qəzaların artan xəttlə inkişaf etməsi cəmiyyəti düşündürən əsas problemlərdən biridir. Mütəxəsislərin iddiasına görə, yol polislərinin avtobus sürücüləri ilə mülayim davranması, bəzən onların yol hərəkəti qaydalarını kobud surətdə pozmalarına rəğmən, ciddi ölçü götürməmələri nəticədə belə faciələrə rəvac verir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Axar.az-a açıqlamasında bu iddiaları qətiyyətlə rədd etdi:

«Əgər kimsə avtobus sürücülərinin cəzalanmadığını düşünürsə, buyursun, bizim cərimə meydançalarına baxsın və özü şahid olacaq ki, kobud qayda pozan sürücülər cəzalanır, avtobuslar isə marşrut xəttindən çıxarılır.

Məsələn, dünən Bakı şəhəri üzrə keçirilən reyd zamanı 3 avtobus cərimə meydançasına aparılıb. Gün ərzində isə avtobus sürücülərinə qarşı 50-dən artıq inzibati protokol tərtib edilib. Eyni zamanda, ötən həftə 700-dən çox elektron protokol toplanıb. Ən çox isə təhlükəli manevrlər etmə və yolayrıcılarını keçmə qaydalarını pozduğuna görə sürücülər məsuliyyətə cəlb edilib.

Bu gün Bakı şəhəri üzrə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və asayişin qorunması üçün mövcud texniki vasitələrimiz varsa, hərəkətə tam nəzarət edib tədbir görə biliriksə, hərəkət iştirakçıları niyə polisin bu addımlarını görmür?

Təkcə kameraların köməkliyi ilə gün ərzində 100-dən çox avtobus sürücüsü barəsində tədbir görülməsi üçün fotomateriallar hazırlanır. Avrobus sürücüləri yanaşı durub söhbət edəndə belə onların görüntüsü qeydə alınır».

V.Əsədovun sözlərinə görə, avtobus qəzaları zamanı polisi günahlandırmaq düzgün deyil:

«Təəssüf ki, bizim qəribə mentalitetimiz var. Polisi görəndə hamı bütün qaydalara əməl edir, polis olmayanda isə qaydaları pozur. Amma polisin sözügedən ərazidə olub-olmamasına baxmayaraq, bütün sürücülər bilməlidirlər ki, polis müşahidə kameraları vasitəsilə hər zaman nəzarət edir və kobud qayda pozuntuları cəzasız qalmır». (Axar)

Administratorla əlaqə

077 611-55-22

[email protected]