Ölkə

Nazir 100 il dedi, əvvəl çatlar əmələ gəldi, indi də liftləri sıradan çıxdı – FOTO

14-02-2016, 22:16

Bakıda yerüstü piyada keçidində quraşdırılan liftlər artıq sıradan çıxıb. Əlil arabalarının, yaşlıların istifadəsi üçün nəzərdə tutulan hər iki liftin qapıları sındırılıb, uzun müddətdir ki, istifadəyə yarasız vəziyyətə salınıb. Liftlərin bu vəziyyətə düşməsinin səbəbləri baxımsızlıq, nəzarətsizlik və bəzi insanların onlardan məsuliyyətsiz şəkildə istifadəsidir.

Söhbət 2011-ci ildə açılışı Prezident İlham Əliyev tərəfindən edilən Binə asma yol qovşağı üzərində quraşdırılan liftlərdən gedir. Yol qovşağı 2011-ci ildə istifadəyə verilsə də, liftlər sonradan quraşdırılmışdı. Lakin liftlərin ömrü uzun olmadı.

Musavat.com xəbər verir ki, həm yol qovşağı, həm də piyada keçidi olaraq, istifadəyə verilən körpünün açılışında nəqliyyat naziri də iştirak etmişdi. Nazir prezidenti məlumatlandırarkən körpünün istismar müddətinin 100 ilə hesablandığını demişdi.

Lakin açılışdan bir ay ötməmiş körpüdə çatlar əmələ gəlmişdi. Həmin vaxt bu barədə məlumat vermişdik. Sonradan bu problem aradan qaldırılmışdı. İndi isə quraşdırılan liftlər tamamilə sıradan çıxıb.
Xatırladaq ki, magistral yollarda quraşdırılan yerüstü piyada keçidlərinin əksəriyyətində nəzarətçilər olur. Həmin nəzarətçilər keçidlərin həm təmizliyinə, həm də eskalatorların hərəkətinə nəzarət edirlər.
Lakin bu keçid tamamilə nəzarətsizdir. Bunun da nəticəsi olaraq, liftlər bu vəziyyətə düşüb. Həm baxımsızlıq, həm də vətəndaşların məsuliyyətsiz şəkildə istifadəsi liftləri sıradan çıxarıb.

"Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı musavat.com-un sorğusunu cavablandırarkən bildirdi ki, liftlər ərazidə yaşayan bəzi vətəndaşların məsuliyyətsiz şəkildə istifadəsi nəticəsində yararsız vəziyyətə düşüb.
A.Nəcəfli onu da qeyd etdi ki, hazırkı vəziyyət aradan qaldırılacaq və liftlərin yenidən istifadəyə yararlı vəziyyətə salınması üçün lazımi işlər görüləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]