Ölkə

Dərdə dərman olmayan səhiyyəmiz: Andına xilaf çıxanlar…

4-01-2017, 17:26

Sərdar Cəlaloğlu: "Əmək haqqı həkimi görmür, məcburən xəstəylə ticari əlaqələr yaradır”

Təcili Tibbi Yardım Stansiyalarının fəaliyyətsizliyi haqlı narazılıq yaradıb.Belə ki, zaman-zaman yardıma çağırılan təcili tibbi yardım stansiyalarının vaxtında mənzil başına çatmaması ilə bağlı çoxsaylı şikayətlər eşidirik.Hətta gecə yarısı təcili tibbi yardıma müraciət edilən zaman stansiyada çalışan həkimlərin "bu vaxtı təcili tibbi yardım çağırarlar, necə gələk” deməsi narazılıq yaradıb.Bu günlərdə yüksək hərarətdən əziyyət çəkən bir nəfərin təcili tibbi yardıma müraciət etməsi əməlli-başlı etiraza səbəb olub.Xəstənin qeyd etdiyi ünvana gələn təcili tibbi yardım stansiyasının həkimləri günlərdir yüksək hərarəti düşürə bilməyən xəstəyə "qızdırmadan ötrü təcili tibbi yardım çağırarlar” deyib.

Ümumiyyətlə, təcili tibbi yardımın yararsız fəaliyyəti ilə bağlı narazılıqlar artmaqdadır.Bəzi iddialara görə, bu sahədə çalışan həkimlər kifayət qədər peşəkar və mütəxəssis deyillər. O səbəbdən də bəzi xoşagəlməz hallar baş verir. Ekspertlər isə ümumilikdə Azərbaycanın səhiyyə sisteminin bərbad halda olmasından gileylənirlər.

Hippokrat andına xilaf, yoxsa eqoizm... 

İxtisasca həkim olan ADP sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə deyib ki, Azərbaycanda tibbi təhsil sistemi bərbaddır: 

"Məsələn, xaricdə xəstə təcili tibbi yardıma həqiqətən də ehtiyacı olduğuna onu inandırmasa, təcili yardım xəstənin qapısına getmir. Çünki təcili yardım bütün dünyada kifayət qədər məhdud bir imkana malikdir.Ehtiyacı olan insanlar da çoxdur.Məsələn, adi bir səpki, qızdırma və ya allergiyası olan xəstəyə təcili yardım çağırılması düzgün deyil.Hər bir şeydən ötrü həkimə, təcili yardıma müraciət etməyə ehtiyac yoxdur.Vətəndaşların ən azı elementar ilkin tibbi yardım haqqında təsəvvürləri olmalıdır.

Məsələn, bir adam qripdir, çoxli istiliyi var. Neynəməlidir, çoxlu çay içməlidir, ayağını isti suya qoymalıdır. Narahat olduğu əhval-ruhiyyə də gedəcək. Yaxud da banka sala və yoddan istifadə edə bilər. Onsuz Təcili yardım gəlib hərarəti salmaq üçün iynə vurub gedəcək.Heç bir yardım etməyəcək.Amma hər hansı infarkt və qəza keçirən varsa bu halda təcili tibbi yardıma müracət edilməlidir ki, ilkin yardımlar göstərilsin.Çünki ilkin olaraq belə xəstələrə yardım olunmasa, həyatını itirəcək.Təcili yardım sözünün mənasına görə ağır xəstələrə ilkin tibbi yardım göstərilməlidir.Təcili yardıma ehtiyacı olmaya-olmaya ora müraciət etməklə, başqa insanları təhlükəyə salmış oluruq”.

Ekspertin sözlərinə görə, ümumiyyətlə Azərbaycanda səhiyyə təşkilində çox ciddi problemlər var: 

"Bunun başlıca səbəbi dövlət büdcəsinin səhiyyəyə kifayət qədər vəsait ayırmamasıdır. Dünyada qəbul edilmiş normalar var. Məsələn, hər 2 min adama bir nəfər sahə həkimi, hər 5 min nəfərə bir təcili yardım stansiyası, hər 10 min nəfərə bir cərrah düşməlidir. Azərbaycanda bu göstəricilər həddən artıq aşağı səviyyədədir.Nə dövlətin imkanı var ki, kadr potensialını kifayət qədər etsin, nə də onların fəaliyyəti üçün lazımi şərait yaratsın.Təbii ki, tibb işçiləri arasında öz vəzifəsinə barmaqarası baxan, həkimliyə təsadüfən düşənlər var. Hippokrat andına nəzər yetirsəz bu anlam həkimlik fəlsəfəsi ilə bağlıdır.Həkim xəstə naminə başqa həkimlərin məsləhətindən istifadə etməyə and içir.Bunu niyə and şəklinə salıblar, bilmirəm.

Hamı bilir ki, peşə eqoizmi var. O cümlədən bu eqoizm həkimlər arasında da var. Bir həkim başqa həkimlərin məsləhətini dinləməz.Heç bir həkim xəstəsinin problemi ilə bağlı başqa həkimlə məsləhətləşmir.Artıq səhiyyə, tibbi yardımın özü də aliment müstəvisinə çevrilib. Çünki həkimlərə dövlət həddən artıq azəməkhaqqı verir. Bu əməkhaqqı da həkimləri görmür.Onlar da məcburdur ki, xəstə ilə ticari əlaqələr yaratsın.Ticari münasibətlər xəstə üzərində həkimin manapoliya qurması hesab olunur.Özünü yalnız xəstəsinin xilaskarı kimi göstərir və xəstəni başqa yerə buraxmır.Həkimlərin arasından cinayətkarların, rüşvətxorların, öz peşəsinə laqeyd yanaşması, savadsız adamların çıxması onu göstərir ki, bu adamlar peşələrinin fərqində deyillər.Bütün peşələr insana xidmət edir.Həkimlik də elə bir tələbdir ki, onun predmeti elə insanın özüdür.

Məsuliyyətsizlikdən doğan tibbdə nöqsanlar mövcuddur.Təbii ki, ölkədə bu sahəyə nəzarət də yoxdur.Siyasi nəzarəti istisna etsək, maliyyə, daxili kriminal qrupları, tibbi xidmət, təhsil sahələrinin heç birinin üzərində nəzarət yoxdur.Hər bir sahəni götürüb bir nazirə veriblər, o nazirlər isə özünün ailə təsərrüfatına xidmət edir.Özü bildiyi kimi dövlət büdcəsini dağıdır, qurur və özü bildiyinə cəza verir.Vətəndaşlar öz hüquqlarını müdafiə etmək üçün bir instansiya tapmırlar.Çünki məhkəmə orqanları hakimiyyət orqanları kimi çıxış edir.Yoxsa bitərəf orqan kimi çıxış etmirlər”.

"Təcili yardım həkimlərinə ciddi baxmırlar”

Təcili Tibbi Yardım Stansiyasının həkimlərinin peşəkar olmaması məsələsinə gəlincə, Sərdar Cəlaloğlu əlavə edib ki, adətən bu sahədə çalışanlara əsl həkimlər kimi baxmırlar: "Təcili yardımda çalışan həkimlər mütəmadi xəstə ilə təmasda olmurlar. Əsl həkim isə xəstə ilə uzun müddət təmasda olur.Yəni dolanışığı baxımından xəstə ilə uzun müddət münasibətdə olur.

Xəstəni həqiqətən müalicə etmək baxımından müalicə həkimi daha çox əhəmiyyət daşıyır, nəinki təcili yardım həkimləri... Bu baxımdan təcili yardıma çox az adam müracət edir. Amma hesab etmirəm ki, təcili yardımın həkimləri səriştəsizdir.Azərbaycanda pulla, rüşvətlə müəyyən insanlara müxtəlif sahələrə yerləşirlər.Əksinə təcili yardımdakı həkimlərin çoxu daha savadlı şəxslərdir.Çünki imkanları, qohum-qardaşları və pulları yoxdur. Savadları olmalarına baxmayaraq elə tapdıqları axırıncı iş yeri də Təcili Tibbi Yardım Stansiyasıdır”.
 

Alçina Amilqızı

Administratorla əlaqə

077 611-55-22

[email protected]