Ölkə

Yevlaxda sahibkarlardan “xərac” yığılır - ŞİKAYƏT VAR

1-01-2017, 18:32
Bu ilin fevralında Prezident İlham Əliyev keçirdiyi müşavirədə daha çox sosial etiraz aksiyalarına reaksiya verdi və hakim komandada yer alan məmurlara sərt xəbərdarlıqlar da ünvanladı. Düzdür, o, konkret ad çəkməsə də, müşavirədə iştirak edənlərə ümumi şəkildə həm İsmayıllıda, həm də İmişlidə baş verənləri bir daha xatırlatdı. Ölkə rəhbəri belə bir olayların baş verməsində, əsas günahkarın məmurlar olduğunu da dilə gətirdi. O, hətta onu da vurğuladı ki, "icra başçıları yerlərdə sahibkarları işlədirlər, sonra da pullarını vermirlər. Belə bir yollarla sahibkarları incidirlər, onları hakimiyyətdən narazı salırlar. Rəhbər şəxslər atdıqları belə bir addımlarının məsuliyyətini heç cür dərk etmirlər”. Hətta, ölkə başçısı regionlarda sahibkarlıqla bağlı məsələlərə də toxunaraq onu bildirdi ki, "sahibkarları bu kimi işlərə cəlb etmək olmaz. Amma, onları icra başçıları müxtəlif işləri görməyə vadar edirlər. Sahibkarlar yenidənqurma işlərində böyük həcmdə xərc çəkirlər, sonra da onların pulları ödənilmir. İcra başçılarının atdıqları belə bir addımlar haqda məlumatlar mənə çatdırılır. Bir daha deyirəm ki, icra başçı və digər vəzifə sahibi olan hər kəs bilsin ki, sahibkarları incidənlər mütləq cəzalandırılacaqlar”. Əgər fevral müşavirəsində Prezident konkret məmur adı çəksəydi, o halda yəqin ki, Yevlağın icra başçısı Qoca Səmədovun adı ilk sıralarda çəkilərdi. Danılmaz həqiqətdir ki, onun Yevlax şəhər İcra Hakimiyyətinə başçı təyin olunması, şəhərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların vəziyyətini daha da ağırlaşdırdı. Belə ki, Elmar Vəliyevin Gəncə şəhərinə başçı göndərilməsi, Qoca Səmədovun isə Yevlağın rəhbərliyinə gətirilməsi, şəhərdə yeni ab-havanın da əmələ gəlməsinə səbəb oldu. Yəni, çox keçmədi ki, şəhərin müxtəlif ərazilərində söküntü işlərinə qərar verildi. Əvvəlki rəhbərliyin dövründə inşa olunan tikililər, bir çox sosial əhəmiyyət kəsb edən obyektlər, sakinlərə məxsus fərdi yaşayış evlərindən bəziləri və s. söküldu və onların yerləşdiyi ərazilərdə yeni ticarət obyektləri tikildi. "Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, son vaxtlar Yevlaxda yaşanan ab-hava daha dözülməz duruma düşüb. Buna səbəb, Qoca Səmədovun şəhərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara divan tutmasıdır. Baş verənlər haqda redaksiyamızı məlumatlandıran şəhər sakini bildirir ki, "viran edilən obyektlərin alt hissəsindəki torpaq sahələrini, icra başçısı yaxın ətrafında olan şəxslərin adlarına sənədləşdirir və belə bir addımı ilə də, böyük bir cinayətə imza atır. Əsas diqqəti cəlb edən hal isə, şəhərin bulvar və küçələrinin, mərkəzi ərazilərinin və digər yerlərinin yenidən qurulması adı altında, hər ay sahibkarlardan zorla "xərac” yığılmasıdır”. Sakinlərin "Gündəm Xəbər”ə verdikləri məlumatlara görə, "xərac” məsələsi ilə birbaşa icra başçının köməkçisi Zahid Qarayev məşğul olur. Sözsüz ki, o, icra başçısının "dobro” deməsi olmadan, belə bir addımını ata bilməz. Rəhbərliyin tələbinə əməl etməyən, yəni müəyyən olunmuş "xərac”ı verməyən sahibkarlar, hətta həbs olunacaqları ilə də hədələnirlər. Elə ki, icra başçısının, yaxud da onun köməkçisinin hərəkətlərindən kimsə şikayət edir, o halda həmin şəxslər lazımi formada cəzalandırılırlar. Əslən Yevlaxdan olan iş adamlarından biri bildirir ki, "şəhərin böyük kəndlərində və iri yaşayış məntəqələrində də oxşar addımlar atılmaqdadır. Məsələn, şəhərdən bir az kənarda yerləşən Xaldan qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən də, zor gücünə "xərac” yığılır. Hansı obyekt sahibi "xərac”ı vermirsə, vay onun halına olur. Hətta, elə hallar da olur ki, irəli sürülən tələbə əməl etməyənlər yumruq-təpik zərbələrinə də tuş gəlirlər. Yerli hüuq-mühafizə orqanlarına edilən şikayətlər isə, heç bir halda rəsmi qeydiyyata götürülmür. Diqqəti cəlb edən hal odur ki, Xaldan qəsəbəsindəki obyektlərin çoxu, məhz Qoca Səmədova məxsusdur. Onun obyektinin həndəvərində olan obyekt sahibləri, ara-sıra zülmə salındıqlarından bezirlər. Çünki, onlara məxsus obyektlərə tez-tez vergi yoxlamaları göndərilir, bir sözlə onları bezdirməyə çalışırlıar. Son anda da o olur ki, həmin sahibkarlar obyektlərini dəyər-dəyməzinə satıb şəhəri tərk edirlər. Onu da vurğulayaq ki, satışa çıxarılan obyektlərin əksəriyyətini Qoca Səmədova yaxın şəxslər alırlar. Düzdür, həmin obyektlər icra başçısına yaxın şəxslərin adlarına sənədləşdirilsə də, yenə də rəhbərliyin təsir dairəsində olur. Belə bir səbəblər üzündəndir ki, bu gün Yevlaxda icra başçısı və onun "klan”ı ən imkanlı şəxslər hesab olunurlar. Problemin varlığını diqqətdə saxlayacağıq və araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]