Ölkə

Bakı Avrasiya Universitetində “qış yarmarkası”

23-12-2016, 18:12
MTN zabitinin qudası necə ifşa oldu? 
Bakı Avrasiya Universitetində "qış bazarlığı” açıq elan olunub; Hər semestrqabağı olduğu kimi, yenə də BAU-da "imtahan yarmarkası” təşkil olunub… 
Politika.Az-a tələbələrin verdiyi məlumata görə, Tarif Şurasının son qərarları Nazim Hüseynlinin rektorluq etdiyi bu təhsil ocağına təsir edib. 
Tələbələr iddia edirlər ki, rektorluq imtahanın tariflərini dəyişib və bahalaşma gedib. Onların sözlərinə görə, hazırda qış imtahanlarının pulu yığılır. 
Bu prosesi isə dekanlar, köməkçiləri və metodistlər həyata keçirir. Tələbələr arasında tək-tük, istisna oxuyana qiymət verilir. 
Yerdə qalanlar isə imtahanların bazarlığına getməlidir. Çünki bu və ya digər şəkildə bir bəhanə göstərib tələbəni imtahandan kəsirlər. Hazırda imtahanlar 250-350 manata başa gəlir. 
Amma rektorluq tələbələrə bu məbləğin ödənişinə güzəştə gedir. Məsələn, pul vermədiyi imtahanı açıq qoyur və borca yazıb müəyyən qədər möhlət verir. 
Valideyn də boğazından kəsib hissə-hissə həmin "borcu” ödəməli olur. Yanvarın sonuna qədər imtahanların pulu ödənilir. Əslində, imtahanlar kompüterlə verilir. 
Hər şeyin şəffaf olduğu görüntüsü yaradılır. Lakin yazılı imtahanda tələbə kəsilir yaxud da ona akademik borcu olduğu bildirilir. 
Politika.Az onu da xəbər verir ki, bir müddət əvvəl Bakı Avrasiya Universitetinin keçmiş müəllimi Əjdər Yunus Rza "Facebook”da ali məktəb rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirmişdi. 
Onun ittihamlarından aydın olur ki, N.Hüseynlinin qurduğu sistem nədən ibarətdir Əyunusdan sitat: "Əziz tələbələr, mən bu gün ədalətsiz bir qərarla sizlərdən uzaqlaşdırıldım. Mən həmişə sizin haqqınız uğrunda mübarizə apardım. Uzun yazmayacağam. 
Bu tədris ilinin birinci yarısında Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu semestrdə də təkrarlandığını görəndən sonra bu gün iclasda rektora "bu biabırçılığın başında siz dayanırsız” dedim. 
Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə "işdən azadsan” dedi. Mən həmişə haqqın tərəfində olmuşam. Bununla fəxr edirəm. Sizə analoqu olmayan "lalapiti” cədvəllə yaz semestrini müvəffəqiyyətlə başa vurmağı arzulayıram”. 
Tənqidə dözümsüz rektor bir müəllimin nöqsanları deməsinə tab gətirməyib onu işdən azad etməklə problemin həll olunduğu qənaətinə gəlir. Unudur ki, müəllimi işdən azad etmək yox, onun söylədiyi çatışmazlıqları aradan qaldırmaq lazımdır. 
Eyni zamanda bu ali məktəbdə rüsvayçı bir mənzərənin olmasını heç də hansısa tələbə yaxuda bir mətbu orqan iddia etmir, bu fikirləri birbaşa orada çalışmış müəllim açıqlayır. Bu azmış kimi, rektorun adı təkcə universitetdə rüşvət şəbəkəsi yaratmaqda hallanmayıb. 
Politika.Az mətbuatda yazılanlara istinadən xəbər verir ki,vaxtilə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizədliyini vermiş Nazim Hüseynli MTN zabiti Teymur Quliyevlə yaxın qohum, daha doğrusu, quda imiş. 
Yayılan son xəbər ondan ibarətdir ki, N.Hüseynlinin oğlu ilə T.Quliyevin qızı nişanlı olub. Ali məktəbin mətbuat xidməti isə bu məlumatı nə təsdiq, nə təkzib edib. 
Bütün bu səslənən ittihamlara və iddialara baxmayaraq, BAU ilə əlaqə saxlasaq da, qarşı tərəfin fikrini öyrənmək mümkün olmadı, zənglərimizə cavab verilmədi. Bununla belə, hörmətli N.Hüseynlinin mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]