Ölkə

Deputatın oğlu milyon yarıma "kollektor" xidməti göstərir?

23-12-2016, 18:06
Deputatın oğlu milyon yarıma "kollektor" xidməti göstərir?Borcların yığılması qədimdən mafiozların fəaliyyət növlərindən biri olub. Bir qayda olaraq, mafiya borcluya pulu "xoşluqla” qaytarmağı təklif edirdi. Əgər borclu "xoşluqla” başa düşmürdüsə, o ağır işgəncələrə məruz qalırdı. 

Xidmətlərinə görə, mafioz qaytarılan pulun bir hissəsini özünə götürürdü. Azərbaycanda da borcların yığılması ilə məşğul olanlar var. Və onlar da yığılmış borcun bir hissəsini mənimsəyirlər. Ancaq ölkəmizdə, adətən, iş işgəncələrə qədər çatmır. Əsasən təsir metodu kimi qohumluq və digər əlaqələrdən istifadə olunur. 

Bu il dekabrın 21-də LEGION saytında Bakı şəhər sakini Vüqar Bağırovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti dərc olunub. Müraciətdə Vüqar Bağırov qeyd edir ki, o, 2011-ci ildə Emin Hüseynov adlı iş adamı ilə birgə fəaliyyətə başlayıb.

"Mən onun MDB ölkələri və Türkiyə ərazisində həyata keçirilən bəzi layihələrində iştirak etmişəm. Onun sonuncu layihəsinin həyata keçirilməsi üçün mən Emin Hüseynova 3 milyon 500 min dollar ayırmışdım. Amma layihənin həyata keçirilməsi gecikirdi deyə, mən Emin Hüseynovdan pullarımı geri qaytarmasını tələb etdim. Emin cavab olaraq bildirdi ki, pullar onun qohumlarındadır. Mən  bibim oğlu Azər Əmiraslanova (Azərbaycan Tibb Universitetinin keçmiş rektoru Əhliman Əmiraslanovun oğlu – red.) öz problemlərim haqqında danışarkən, o borcun qaytarılmasında mənə kömək edəcəyini vəd etdi. 

Həqiqətən də Azər Əmiraslanov Emin Hüseynovun qohumlarından mənə məxsus 3 milyon 500 min dolları ala bilib. Amma o, mənə cəmi təxminən 2 milyona yaxın dollar verib. Yerdə qalan 1 milyon 534 min dollar məbləğində pulu isə Azər Əmiraslanov mənimsəyib. Mən ona bizim qohumluq əlaqələrimiz barədə xatırlatdığımda isə Azər dedi ki, belə anlayışlar keçmişdə qalıb. "Bu gün hər kəs özünə cavabdehdi”,- Azər mənə dedi.

Ailə üzvlərim öz narazılıqlarını bildirdikdə isə o dedi ki, 1 milyon yarım dollar onun payıdır. "Başqası bu işə görə daha çox götürərdi”, - deyə Azər Əmiraslanov bildirib. 
Son görüşümüz zamanı Azər Əmiraslanov bildirdi ki, əgər bir daha pul üçün müraciət etməyə cəhd etsəm, o məni həbsxanaya saldıracaq”,- deyə Vüqar Bağırovun müraciətində deyilir. LEGION onun Vüqar Bağırovun pulunu mənimsəyib-mənimsəmədiyini aydınlaşdırmaq üçün dəfələrlə Azər Əmiraslanov ilə əlaqə saxlamağa cəhd edib. Amma təəssüf ki, cəhdlərimiz nəticəsiz qalıb. 

Onda biz Azər Əmiraslanovun köməkçisi Vüqar Cavadova müraciət etdik. O, Vüqar Bağırovun dediklərini təkzib edib. "Vüqar Bağırovun dedikləri tam olaraq yalandır”, - deyə o LEGION-a bildirib. Emin Hüseynovun anası Lətifə Hüseynova isə, tam əksinə, Vüqar Bağırovun dediklərini təsdiqləyib. 
"Mənim oğlum Vüqar Bağırovun pullarını Azər Əmiraslanova verib. O isə bu pulun bir hissəsini mənimsəyib”, - deyə Lətifə Hüseynova bildirib. "Lətifə Hüseynovanın açlqlaması, Azər Əmiraslanovun mənə məxsus 1 milyon 534 min dolları mənimsədiyi barədə dediklərimi təsdiqləyir. Ümid edirəm ki, Lətifə Hüseynovanın bəyanatından sonra hüquq-mühafizə orqanları müdaxilə edəcəklər və Azər Əmiraslanov tərəfindən mənimsənilmiş pulları qaytarmağa kömək edəcəklər”, - Vüqar Bağırov Lətifə Hüseynovanın fikirlərini belə şərh edib.

R.Həsənoğlu

Administratorla əlaqə

077 611-55-22

[email protected]