Müsahibə

İradə Tuncay: "Mənə gələn eşq məktublarını Aqil də oxuyur"

29-10-2016, 16:16

İradə Tuncay: "Həmişə deyirəm ki, ay adamlar, sosial şəbəkədə yemək şəkli paylaşmayın, olmaz”

 


"Türkiyədən gələn dostluq təkliflərinin 90 faizini qəbul etmirəm”

Bizim virtual dünyamız real olanı az qala üstələyib. Münasibətlərimizi, dostluqlarımızı, intriqalarımızı burda yaşayır, burda çözür, burda yekunlaşdırırıq. Musavat.com bu həftədən etibarən sizi tanınmışların virtual dünyası ilə tanış edəcək. Bol-bol dostları, sutkada 10-15 paylaşımı olan, izləyicilərinin sayı az qala bir ordunu xatırladan, hər statusunun altında "qırğın qiyamət” düşən, müzakirələr aparılan məşhurlardan gedir söhbət. Onlar bu dünyanın hər üzünü bizdən daha yaxşı tanıyırlar.

İlk müsahibimiz "Ədalət” qəzetinin baş redaktoru, tanınmışpublisist İradə Tuncaydır. Facebookda bütün dostları ona "Patron” deyirmiş. Mən də söhbət zamanı öyrəndim. Həm də təkcə bunu yox....

- İradə xanım, virtual dünyaya çox bağlı kimi görünürsüz. Bu, həqiqətən də belədirmi?

- Virtual dünya ilə tanışlığım elektron ünvanların yaranması ilə başladı. Mən də özümə elektron ünvan yaratdım və oradan mənə məktublar gəlməyə başladı. Yazılarıma reaksiyalar. Ondan sonra virtual dünya ilə yaxınlaşdım. Ona qədər kompüterdən istifadə etməyi bacarmırdım. Söhbət təxminən 2002-2003-cü illərdən gedir. Təzə-təzə idi, ölkədə heç sürətli internet yox idi. Uzun müddət sosial şəbəkələrdən çəkindim. Məni narahat edirdi. Fikirləşirdim ki, sosial şəbəkə ilə davrana bilərəmmi, bəzi sərhədləri qoruya bilərəmmi? Hamımız kimi. Amma bu aləmin içinə girən kimi onun bicliklərini də öyrənirsən, düzlüklərini də. Nə vaxt, necə davranmaq lazımdır, təcrübə ilə öyrənirsən. Əgər bu dəqiqə dünya bunun üzərində qurulubsa, hətta dövlət başçıları, dünya liderləri də öz mesajlarını sosial şəbəkə hesabından verirsə, deməli, bu, çox önəmlidir. Reklam xarakterli şeylər də əksər hallarda sosial şəbəkələrdə yayılır. Digər tərəfdən, medianın da bir parçasına çevrilib.

- Bəs siz bir baş redaktor olaraq sosial şəbəkədən daha çox necə istifadə edirsiz? Məsələn, bəzi həmkarlarınız sosial şəbəkədəki hesabını qəzetindəki, saytındakı yazıların tirajlanması, daha çox oxucuya çatdırılması üçün istifadə edir... Bir başqası şəxsi qayğılarını, sevinclərini, müşahidələrini paylaşır... Sizdə durum necədir?

- Yazıların paylaşılması... O da yox deyil. Amma siz mənim dostluğumda varsız. Görürsüz ki, mən qalstukunu sıxıb, özünü dağ başına qoyan adam kimi davranmram. İnsanam, yaşantılarımı, səyahətlərimi, həmin günkü ovqatımı da paylaşa bilərəm. Ətrafımda olan insanlar da yazdıqlarıma əsasən bilirlər ki, mənim ovqatım necədir. Hansı saatda yazmağımdan mənim harada olduğumu güman edə bilərlər. Hər hansı şeyin iki tərəfi var. Baxır kim necə istifadə edəcək.



- Bir sosial şəbəkə istifadəçisi olaraq İradə Tuncayın qırmızı işıqları, sərhədləri hardadır?

- Ola bilər ki, mən hər hansı məlumatı bilirəm, amma bu, cəmiyyətə ziyan verəcək. O halda susacam və bu barədə yazmayacam, toxunmayacam. Əgər mən buna aktiv müdaxilə edə, axarını dəyişə bilmirəmsə, o zaman susmalıyam. Və yaxud da mən gərgin ovqatlı cəmiyyətdə ağlaşmaları tez-tez paylaşmağın, neqativi insanların üstünə tökməyin əleyhinəyəm. Mən elə fikirləşirəm ki, bəzi insanlar cəmiyyətdəki o şuxluğu saxlamalı, bunu təmin etməlidirlər.

"Şantaj eləməsən, mətbuatın sözünə kim baxır ki?”


- Amma son iki günün ən çox müzakirə olunan hadisəsində belə deyil. Həyat yoldaşı dünyasını dəyişən kimi bu barədə sosial şəbəkədə məlumat verən, yas prosesini, duyğularını ən incə detalına qədər paylaşan şəxsin timsalında sanki sosial şəbəkənin də missiyası dəyişir. Onlar elə hesab edirlər ki, sevinc kimi, kədər də paylaşılmalıdır.

- Həmin an həmin insanın necə durumda olduğunu deyə bilmərəm axı. Bəlkə həmin an elə vəziyyətdə olub ki... Bu, onun xarakteridir və onu haqlı bilir. Məsələn, mən həmişə deyirəm ki, ay adamlar, yemək şəkli paylaşmayın da. Çünki refleksdir. İnsanın ağzının suyu axır. Bir var, yeni paltar şəkli paylaşasan... Paltardan insanın fizioloji olaraq ağzının suyu axmır (gülür). Orqanizmə mənfi təsir etmir. Amma yemək birbaşa təsir edir, insanın halını dəyişə bilər. Bir dəfə mən zarafatla yazmışdım ki, makaron yemək istəyirsiz? Səhər bir dostum yazdı ki, səhərə qədər orda-burda makaron axtarmışam, evdə yox idi. Yaşlı da adamdır, bizdə işləyib. Bu, artıq mənə dərs oldu. Belə baxanda ən ucuz və çatımlı bir şeydir, ikra deyil, delikates deyil. Üstəlik, şəklini də paylaşmamışdım, amma olmaz. Həmişə fikirləşirəm ki, səhər nə yazım, günorta nə yazım?

- Ciddisiz? Yazacağınız statusları qrafikləşdirirsiz?
 
- Bəs nə? Qrafikləşdirməmişəm e, amma bəzən gecə ağlıma nəsə gəlir. Amma düşünürəm ki, bunu gecə yazsam, insanların əhvalına necə təsir edə bilər, yuxusunu qaçıra bilər. Mən bunları düşünürəm.

"Bəzilərinə elə gəlir ki, mənim əlimdə bir düymə var və onu basan kimi bütün problemləri həll edirəm”

***
Bu yerdə Aqil Abbas qapını açır, içəri girməyə dəvət gözlər kimi. İradə xanımdan heç bir dəvət gəlmir. Mən də qonaq, nə karəyəm? Fotoqrafımız Məhəmməd Türkmən Aqil bəyin fotosunu çəkir. O da qapını örtür, biz söhbətə davam edirik.

- Siz çox rahat şəkildə düşündüklərinizi, hisslərinizi kompleks keçirmədən paylaşırsız. Məsələn, mən düşünürəm ki, bunu yazsam, yoldaşım nə deyər, iş yoldaşlarım qınayarmı və sair...

- (tez cavab verir) Əzizim, o yaşla bağlıdır. Sən cavansan axı. Mən o yaşı adlamışam.

- Gerçəkdən yaşla bağlıdır? Mən əksinə düşünürdüm ki, yaş artanda daha çox kompleks edir insan...

- Yox, insanın bir yaşı var ki, onu adlayandan sonra arxayın olursan. "Nə deyirlər desinlər”, deyə düşünürsən. Xarakterin də dəxli var. Məsələn, mən çox qapalı adamam...

- Amma facebookdan elə görünmür. Elə təəssürat yaranır ki, dünyanı çox da ciddiyə almırsız və sair.

- İndi dünyanı ciddiyə almağın da mənası yoxdur.

- Onda da belə əhval yaranır ki, yəqin qayğısı azdır, nə vecinədir dünya... Hə?

- Onlar nə bilirlər ki, kimin nə qayğısı var? Kənardan özləri bilər.



"Patron”” mənim facebook adımdır”


- Sosial şəbəkədəki varlığınız hansı hallarda neqativ reaksiyaya səbəb olur?

- Bizdə millət olaraq belə xasiyyət var ki, evə nəsə yaxşı bir şey almısansa, qonaq gələndə onu mütləq gizlədirsən. Kimsə səninlə qarşılaşanda diqqətlə baxırsa, düşünürsən ki, bu adam məni gözə gətirəcək. Yaxşını gizlətməyə meylli xarakterimiz var. Fikirləşirəm və qarşımda missiya kimi qoymuşam ki, bunu tərbiyə ilə dəyişdirməliyik. Məsələn, mən səyahətə gedirəm. Getdiyim ölkələrdə baxdığım abidələr, çaylar, muzeylər... barədə məlumatım var. Uşaq vaxtı oxumuşam, bilirəm. Bu barədə də məlumat verirəm. Amma indi harasa getmək, səyahət problem deyil axı. Sovet vaxtı bunlar qəliz idi. Mən bunu öz şəklimlə paylaşanda hiss edirəm ki, baxanlar "bəxtəvər” deyirlər ürəklərində. Halbuki heç bilmək olmaz ki, mənə bu sözü deyən adam həmin ölkəyə getsə özünü necə aparacaq, nəyə baxacaq. Hələ məlum deyil, hara gedəcək... (gülür). Bir dəfə Batumidəydim, ora da hamı gedir. Onların Mirakl bulvarında, "bardurun” üstündə oturub şəkil paylaşdım. Bir qız yazdı ki, İradə xanım, mən əsəbləşirəm, heç yerə gedə bilmirəm, siz də belə şəkillər paylaşırsız. Götürdüm şəkli. İndi o qız Moskvada yaşayır, gündə bir yerdədir. Heç mən ona demirəm ki, əsəbləşirəm, niyə Moskvada yaşayırsan? İnsanlara onu aşılamaq istəyirəm ki, hamı bərabər deyil.

"İnsanın bir yaşı var ki, onu adlayandan sonra arxayın olursan. "Kim nə deyir desin”, düşünürsən”


***

Qapı ikinci dəfə açılır. A.Abbas söhbətdə iştirak etmək, qulaq asmaq üçün icazə istəyir. İ.Tuncaydan sərt cavab gəlir: "Olmaz!” "Bəs sən niyə həmişə mənim söhbətlərimdə iştirak edirsən?” deyə millət vəkilinin sakit səslə etirazı eşidilir. "Mən sənin əlavə sözlər deməməyinə görə otururam”. Mübahisə etmədən gedir. İradə xanım deyir ki, bu mənzərənin adı demokratiyadır. Razılaşırıq.



- İradə xanım, orda qalmışdıq ki, hamı bərabər deyil....

- Bəli, mən müəyyən ömür yaşamışam, bunu qazanmışam, özüm, zəhmətimlə. Sənin 20 yaşın var, özünü mənimlə bir tutursan. Sən virtual dünyada mənim statuslarıma, şəkillərimə rəy yazırsansa, bu o demək deyil ki, həm də mənim kimisən. Deyilsən axı. Mən bunu insanlara başa salmaq istəyirəm ki, insan gəzməyə də gedə bilər, səyahətə də. Çalışıram ki, insanlarda bu hiss tərbiyələnsin. Yəni, insan düşünməlidir ki, bəli, bir vaxt gələcək mən də harasa gedəcəm, nələrisə qazanacam və sair. İnsanların içindən bu zehniyyəti təmizləmək istəyirəm. Düzdü, peyğəmbər deyiləm, dəyişə bilmərəm insanları, amma çalışıram. Hiss edirəm ki, burda nə qədər cavan uşaqlar mənimlə dostluqdan sonra dəyişiblər, insanlara, ədəbiyyata, mədəniyyətə, incəsənətə münasibətləri dəyişib. Hər halda mənim bir müəllim missiyam da var.

- 5000-ə yaxın dostunuz var, 7000-dən artıq izləyiciniz...

- (düzəliş verir) Xeyr, azaltmışam, təmizləmə aparmışam. Elə hadisələr oldu ki, mən düşündüm, bəzi adamların mənim dostluğumda olmaması daha yaxşıdır.

- Səhv etmirəmsə, həyat yoldaşınızın qalmaqallı müsahibələrindən sonra baş verdi bəziləri...

- O da var. Mən gördüm ki, bizim təfəkkürlərimiz uyğun deyil dostluğumdakı bəzi adamlarla. O halda bu adamların mənim dostluğumda nə işi var? Sənə görə mən niyə narahat olum ki? Get, xoşbəxt ol.

- Müşahidələriniz nə deyir? Azərbaycanlılar sosial şəbəkədə necə davranırlar?

- Hamıya məsləhət vermək iddiası var. Sən mənə necə məsləhət verə bilərsən? Görürsən ki, bilmir. Ehtiyatla izah edirəm ki, "məncə, bu, belə deyil. Sən bir fikirləş, öyrən”... Yox e... Sən hardan bilirsən... deyib, yenə öz bildiyində qalanlar var.

- Virtual dünyadakı ən böyük mübahisənizi, davanızı xatırlayırsız?

- Heç kimlə dava etmirəm. Amma elə mübahisələr olub ki, onun heç bir ictimai əhəmiyyəti yox idi. Görmüşəm ki, adam anlamır, çəkilmişəm bir qırağa.

- İradə Tuncayla nəyin üstündə mübahisə edirlər, toqquşurlar?

- Bir var mən nəyisə deyim, cəmiyyətə böyük ziyanı ola. Sonra da başa düşəm ki, bu, çox yanlış olub, bu başqa. Amma mən nəyisə zarafatla yazıram. Tutalım yoldaşımla bağlı. Bundan sənə nə? Mən indi ərə gedəcək, boşanacaq yaşda deyiləm, bir ömür yaşamışam, nəvələrim var.

"Virtual dünyada mənim statuslarıma, şəkillərimə rəy yazırsansa, bu o demək deyil ki, mənimlə birsən”


- Bəs onda nəyin eqosudur? O aparılan mübahisələri deyirəm... Özlərinə nəyisə sübut etmək istəyirlər ki, getdim sosial şəbəkədə İradə Tuncaya bunu dedim...

- O, bilirsən necə olub? Mən onları sosial şəbəkədə dostluqdan çıxarandan sonra başlanır dava-qırğın. Bir dəfə təmizləmə apardım. Gördüm ki, dostluğumda çoxlu laqeyd insan var, heç nəyə reaksiya bildirmir və sair.Mən sənin üçün vitrin deyiləm ki, başqalarına "gör dostluğumda kimlər var” deyəsən. Nəysə, təmizləmə apardım. Bir gün keçmiş bir qız mənə yazdı ki, qulaqlarınız cingildəmir? Sizi müzakirə edirlər. Sonra baxdım ki, dostluğumdan çıxardığım bir qadın müzakirə açıb, dünyanın ən pis sözlərini də ünvanıma yazıb. Gördüm, buna qır verənlər də var ətrafdan. Həmin adamları da çıxardım. O qızı da niyə çıxarmışdım? Hər şeyi adı ilə yazırdı, kobud, tərbiyəsiz şəkildə. Mən haqqımda yazdığı sözlərə, statusa görə onu məhkəməyə verə bilərdim. Sonra isə düşündüm ki, bunun əri yox, bir uşaq doğub, məlum deyil kimdəndir. Avara bir həyat sürən, heç yerdə iş verilməyən, xarakterinə görə qovulan adamdır. Mən bunu məhkəməyə versəm nə olacaq? Daha da məşhur olacaq. Mən də bunu eləmədim. İndi hərdən baxıram, şəklini paylaşır, gözəl də qadındır. Amma cəmi iki layk gəlir. O qədər insanları təhqir edib ki, daha heç kim ona tərəf baxmır.





- Layk demiş, sosial şəbəkənin güzgüsüdür bu... (gülərək) Sizin də layklarınız çox olur.

- Yoox. Müqayisədə götürəndə bəzən çox ciddi şeylər yazıram, ən çoxu 300 layk gəlir. Amma adamlar var ki, minlərlə laykı var. Görürəm ki, bunlar qrupdur, təriqətlər-filanlar.

- Belə bir fikir də var ki, azərbaycanlılar, xüsusən də güclü cinsin nümayəndələri sosial şəbəkədə acdılar...

- Sən türkləri demirsən? 90 faiz Türkiyədən gələn istəkləri götürmürəm. Ancaq şəxsən tanıdıqlarımı götürürəm dostluğa. Biri polkovnikdir, biri yazardır, o biri jurnalistdir. Yoxsa sürücüdür, nə bilim kimdir. Elə bilir ki, nəsə yazan kimi bizim qadınlar axıb gedəcəklər.

- Bəs azərbaycanlı kişilər? Onlar necə davranırlar?

- Yəqin ki, bu, bütün dünyada belədir. Eləsi də var, beləsi də. Əhəmiyyət vermirəm. Mən dostluq məsələsinə çox həssas yanaşıram. Hamıya açıq qoymuram şərhləri. Telefon nömrələrini açıq yazanlar da var.

- Amma sizin qırmızı işıqlarınız da var. Məsələn, mən heç vaxt sizin övladlarınızın şəklini facebookda paylaşan görməmişəm...

- Olmaz axı. Onların elə işləri var ki, olmaz. Özüm, nəvələrim, yoldaşımın şəkillərini paylaşmağa problem yoxdur, amma övladlarım... olmaz.

- Sizi sosial şəbəkəsiz təsəvvür edə bilmirəm. Məncə sizdə bir bağlılıqdır...

- Canım, mən nəsə yazmayanda dərhal başlayırlar ki, "görəsən hardadır patron”?



- Patron sizin facebook adınızdır?

- (gülür) Hə, heç biri də mənim işçim deyil amma. Mənə elə gəlir ki, o virtual dünyanı qura bilmişəm. Baxırsan ki, ədəbiyyata, mətbuata aid olmayan adamdır. Müəllimədir, necə böyük dünyası var. Status yazmayanda isə inboxuma yazırlar ki, neçə saatdır niyə yoxsunuz və sair.

- Belə bir təəssürat, stereotip var ki, real dünyada xoşbəxt olmayanlar təsəllini virtual dünyada tapır. Kobud dillə desək, virtualda çox vaxt keçirənlər xoşbəxtlik axtaranlardır...

- Bu gün real və virtual dünyanın sərhədi o qədər qarışıb ki. Dünyanın hansı ölkəsinə gedirsən get, girirsən bir kafeyə, hamının əlində telefon var, girib içinə, nəsə yazır. Günün mənzərəsi budur. Bunu düşünüb ediblər. Mən artıq kiminsə səhifəsinə baxanda onun xarakteri barədə fikir yürüdə bilərəm. Gör indi xüsusi xidmət orqanları nəyi necə bilir.

- Baş redaktorlar adətən şikayətlənirlər ki, onlara yazılan məktubların əksəriyyətində iş istəyirlər...

- Məndə də təxminən belədir. İş, pul, xəstələrin müalicəsinə yardım. Mən bu ölkənin başçısı deyiləm, məşğulluq idarəsi də deyiləm. Bəzilərinə elə gəlir ki, əlimdə bir düymə var və onu basan kimi bütün problemləri həll edirəm. Anlamırlar ki, mən yazıçı ailəsində yaşayıram. Mətbuatın sözünə kim baxır ki? Şantaj eləməsən... (gülür)

- Eşq etirafları yazılan məktublar gəlmir?

- Doludur. İstəyirsən göstərim?



- (gülərək) İstəyirəm...

- Cavab vermirəm axı. Bəzilərinin qabağını isə blokla almışam. Əvvəllər çox idi, indi yığışdırıldı. Adamın hərdən kefi gəlir, məzələnmək üçün cavab yazmaq istəyirsən. Sonra da fikirləşirsən ki, olmur da... Adın var (gülür). Özü də mənə gələn bu cür məktubların hamısını Aqil də görür. Çünki mənim planşetim onun əlində olur, hər şeyə baxır, soruşur, maraqlanır. Bəzən özüm göstərirəm ki, bax, gör nə yazıblar..

Sevinc TELMANQIZI
Fotolar: Məhəmməd Türkmən
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]