Müsahibə

Həftənin şok statistikası-şagird və tələbələr niyə canına qıyır?

18-12-2015, 08:38
Həftənin şok statistikası-şagird və tələbələr niyə canına qıyır?
Psixoloq: “Uşaq istəmədən ailəsindəki problemlərin iştirakçısı olur”
“Məktəb direktoru şagirdi intihar həddinə çatdırdı”, “Bakıda 1995-ci il təvəllüdlü Xəlilli Çiçək adlı tələbə qız həyətlərindəki yarımtikilidə özünü asaraq intihar edib”, “Bakıda 16 yaşlı qız özünü binadan ataraq intihar etdi” və sairə. Bu intihar xəbərləri son 3 gündə baş verənlərin xronikasıdır.

Maraqlıdır, əslində həyat eşqi ilə dolub daşmalı olan bir məktəblini, tələbəni həyata küsdürən və intihara sövq edən hansı səbəblərdir?

Psixoloq Dəyanət Rzayev intihar səbəblərinin çoxşaxəli olduğunu dedi: “Burada bir çox faktorlar var. Ən əsası isə burada münasibətlərdən söhbət gedir. Təhsildə yüklənmələrin də buna təsiri var. Keçmişə nəzər salsaq, SSRİ dövründə şagirdlərin, tələbələrin intihar etməsi nadir hallarda olurdu. Amma indi bu hal adiləşib. Mən sovet vaxtı məktəbdə oxuyanda özünü öldürmək, intihar nədir bilmirdim. Amma indi bu adiləşib ki, buna da səbəb informasiyanın bolluğudur. O vaxtlar heç bir müəllim özünə sığışdırmazdı ki, şagirdi təhqir etsin. İndi isə bu adi haldır. Sovet dönəmindən bu yana elmdə nə dəyişib?! Demək olar ki, heç nə. Cüzi ixtiralar, məsələn, kompüter, informasiya və sairə. Amma elmdə mühüm dəyişikliklər olmayıb. Bu gün uşaqlar ali məktəbə daxil olmaq üçün əlavə müəllimlə məşğul olurlar. Sovet dönəmində Azərbaycandan çoxlu alimlər çıxıb. Onlar sovet proqramını keçiblər. Amma indiki kimi bu qədər ağır proqramlarla dərs keçməyiblər. Nəyə görə məktəb proqramı ali məktəbə daxil olmaq üçün kifayət etmir?! Mən deməzdim ki, dərslərin keyfiyyəti yoxdur.



Sadəcə olaraq, elə bir sistem qurublar ki, uşaqlar daim gərginlik altındadır. İntihar edən uşaqlara diqqət etsəniz görərsiniz ki, onların əksəriyyəti kasıb ailələrin uşaqlarıdır. Onların ailəsində o qədər problemlər var ki, uşaq istəmədən bu problemlərin iştirakçısı olur. Bu gün valideynlərin uşaqlara az vaxt sərf etməsi də buna təsir edən səbəblərdəndir. Bizdə valideynlər 12 saat işləyir. Onlar ailələrinə, uşaqlarının təlim-tərbiyəsinə də vaxt sərf etməlidir. Bəzən elə olur ki, ata axşam gəldiyi üçün heç uşağını görə bilmir. Təəssüf ki, Azərbaycanda insanlar çoxlu işləyib, az pul qazanırlar. Əgər bu gün müəllimin maaşı 150-200 manatdırsa, o müəllimdən nə tələb etmək olar? Müəllim məcburdur ki, əlavə uşaq hazırlaşdırsın və ailəsini dolandırsın. Buna görə də insanlar çox aqressiv olublar. Aqressiv olan müəllim, məktəb direktoru da gəlib aqressiyasını şagirdə tökür. Çünki düşünür ki, buna səlahiyyəti var və şagird ona heç bir cavab verə bilməz. Həm də psixi sağlamlıq baxımından hansı işlər görülür ki, bu insanların psixologiyası normallaşsın. Bu yalnız psixoloji yox, həm də sosial problemdir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]