Müsahibə

“Facebook”-un yeni fenomeni: “Evlənmək istəyən də, tənqid edən də var”

10-10-2016, 19:07
O, ifa etdiyi "Gedək üzü küləyə” mahnısı ilə bir anda sosial şəbəkələrdə fenomen olub. İllər öncə "Yeni ulduz”, "O səs Türkiyə” müsabiqələrinə qatılsa da, istədiyi populyarlığı qazana bilməyib. Hazırda isə canlı ifaları ilə diqqətləri üzərinə çəkib. Bu dəfə həmsöhbətim Çinarə Məlikzadədir. "Facebook”-un yeni fenomeni ilə söhbətə onun təqdimatı ilə başladıq: 

- Çinarə Məlikzadə özünü oxuculara necə təqdim edər? 

- 1990-cı il oktyabrın 11-də Bakıda anadan olmuşam. Uşaqlıqdan incəsənətə marağım olub. Valideynlərim də  istedadım olduğunu nəzərə alaraq məni bu istiqamətdə yönləndiriblər. 5 illik musiqi təhsilim var. 5 yaşımda ilk addımlarımı Oqtay Zülfüqarovun yanında atmışam. Azərbaycanda valideynlər qızlarının müğənni olmasını istəmirlər, amma mənimkilər hər zaman dəstək olublar.  Anam  çox əziyyət çəkib, mənə inanıblar. 2012-ci ildə isə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyoru” fakültəsini bitirmişəm. Universitetdə həm mahnı oxuyub, həm aktyorluq  öyrənirdik. Ona  görə videolarımda da mimikalarım, jestlərimdən istifadə edirəm, aktyorluq qabiliyyətimi işə salıram. 

- Valideynlərinizin sizə dəstək olduğunu deyirsiniz. Bir anda fenomenə çevrilməyinizi necə qarşıladılar?

- Valideynlərim sevinc içindədir, onlar da videolarımı paylaşır. Mənim bir anda məşhur olmağım onlara yuxu kimi gəlir, gözləmirdilər. Hər zaman  anamgilə deyirdim ki, gözləmədiyim anda məşhur olacağam, hər an hər şey dəyişə bilər. Haqlı oldum, dediyim olduı. 

-  "Gedək üzü küləyə” mahnısı  köhnə olsa da, son zamanlar çox səsləndirilmirdi. Bu mahnı ilə bir anda məşhur olacağınızı düşünürdünüz? 

- "Gedək üzü küləyə” mahnısının məndə xüsusi yeri var. Şövkət Ələkbərovanı sevirəm, repertuarını tez-tez dinləyirəm. Nə  yalan deyim, gözləmirdim. Hələ də çaşıb qalmışam. Məndən olsaydı, videoları paylaşmazdım. Bir dostuma göndərdim, o bölüşdü. Mən hər şeyin mükəmməl olmasını istəyirdim. Amma sonra gördüm ki, mükəmməllik boş şeydir, insanlar təbiiliyi və səmimiyyəti sevir. Canlı heç bir musiqi olmadan ifa etmişəm. Əlbəttə ki, studiyada yazılsaydı, çox mükəmməl alınardı. Amma inanmıram ki, o zaman belə seviləcəkdim. Bir müddət Türkiyədə yaşamışam, orada gitara çalan dostum vardı. Bir ara düşündüm ki, onunla videolar çəkib, paylaşım. Sonra Azərbaycana döndüm. Özüm yaxşı gitara çala bilmirəm deyə,  musiqisiz ifa etdim. Özüm cəsarət edib, paylaşmazdım. Sağ olsun ki, dostum  həyatımda yeni yol açmağa vəsilə oldu.

- İnsanların sizə olan reaksiyası bəllidir. Təriflərlə yanaşı tənqidlər də olurmu? 

- Çoxlu mesajlar alıram. İnsanlar xoş sözlərini yazırlar, bu məni xoşbəxt edir. Əsasən yazan oğlanlar olur. Onlar içərisində mənə evlənmək təklif edənlər də olub. Bəzi insanlar isə hərəkətlərimi səhv başa düşüb. Deyirlər ki, bəzi hərəkətlərim etikadan kənardır, biz tərəfə yozurlar və məni tənqid edirlər. Mən rahat insanam,  təbii halımla kamera qarşısına keçmişəm. Düşünmürəm ki, hansısa qeyri-etik hərəkət etmişəm. İnsanlar niyə məni yanlış başa düşüb, bilmirəm. O fikirlərdən sonra insanlar qarşısında oxuyanda çəkinirəm. Qorxuram ki, artıq hərəkət edərəm, səhv başa düşərlər.

- Bir çox müsabiqələrdə iştirak etmisiniz. Bu müsabiqələr sizə nə verdi? 

- "Pöhrə”, "Ulduz qapısı”, "Yeni ulduz”, "O səs Türkiyə” müsabiqələrində iştirak etmişəm. Müsabiqələrdə çox həyəcanlanıram. Məşqlərdə çox rahat oluram, səhnəyə çıxanda sanki boğurlar məni. Əlim ayağıma dolanır, əsirəm. "O səs Türkiyə” müsabiqəsinə getmək fikrim yox idi. Universitetdən dostlarım müsabiqəyə müraciət edən zaman mənə dedilər ki, şansımı sınayım. Sonra elə oldu ki, onları deyil məni dəvət etdilər. Bir gün evdə oturmuşdum, anam telefonu gətirdi ki, Türkiyədən zəng edirlər. Proqramın əməkdaşıları bildirdilər ki, biletimi alıblar,  yarış üçün Türkiyəyə uçmalıyam. Beləliklə, müsabiqədə çıxış etdim, Hadisə döndü. Həyəcanlanmasaydım, daha yaxşı oxuyardım. Bəlkə də, digər münsiflər də dönərdi. 

- Gələcək planlarınız nələrdir? 

- Son zamanlar televiziyalara, radiolara, xəbər portallarına tez-tez dəvət alıram. İstəyirəm artıq sənətimlə ciddi məşğul olum. Çox dəstək görürəm.  Düşünmürəm ki, dəhşətli səsim var, yumşaq səsdir. Evdəkilərə deyirəm ki, səsimi çox böyüdüblər.Elə mesajlar alıram ki, dəhşətə gəlirəm.  Yazırlar ki, "xalq artisti” adına layiqsiniz. 

- Işbirliyi təklif edən sənət adamları olubmu?

-  Sənət adamlarından da dəstək görürəm. Yaxın bildiyim müğənnilər  diqqət ayırmasa da, ünsiyyətim olmayan sənətçilər mənimlə maraqlanır. Işbirliyi təklif edənlər də olub. Yeni duet ola bilər. Tam detalları açıqlamaq istəmirəm. Bəlli olsun, sonra deyəcəyəm.

- "Eurovision” müsabiqəsinə qatılmaq haqda düşünməmisiniz? 

- "Eurovision” müsabiqəsinə qatıla bilmərəm. Bayaq da qeyd etdim ki, səhnədə həyəcanlanıram. Adi müsabiqələrdə özümü itirirəm. Ölkəni dünyada təmsil edəcək müsabiqəyə qatılmaq məsuliyyətini özümdə hiss etmirəm.

-Əsl sənətiniz aktrisalıqdır. Niyə məşğul olmursunuz?

- Əvvəllər qısametrajlı filmdə çəkilmişəm. Türkiyədə isə "İki dünya arasında” adlı serialda rol almışam.  Bir çox seriallara dəvət ediblər. Amma getməmişəm. Artıq film və seriallarda rol almaq haqda düşünürəm. Aktrisalığı da sevirəm. 

- Müğənniliyi də, aktrisalığı da sevirsiniz. Ikisi ilə də məşğul olmaq istəyirsiniz. Sizə nə mane olur?

- Bir az canımda tənbəllik var. Amma tənbəlliyin daşını atacağam. Sevdiyim peşələrlə ciddi məşğul olacağam.

- Şou-biznesdə son durum bəllidir. Sənət adamları yaradıcılıqla məşğul olmaqdansa, qalmaqallar edir, söz-söhbətlər yaradırlar.  Bu sahəyə adaptasiya ola biləcəksinizmi? 

- Böyük-böyük danışmaq istəmirəm. Deyə bilmərəm ki, heç vaxt qalmaqal etmərəm. Əslində, qalmaqallı insan deyiləm. Hansısa skandala addım atmaq istəmərəm. Həyatda da kimsə mənimlə dalaşanda susuram. Kinli insan deyiləm. İnciklik olsa da, unuduram. Kiminlə isə problemim olmasını istəmirəm. 

- Bir az da xarici görünüşünüzdən danışaq. Diqqət çəkici xanımsınız. Məsələn: mən sizi "O səs Türkiyə” müsabiqəsində izləmişdim. Saçlarınızdan yadımda qalmışdınız. 

- Məni daha çox İran və ərəb qızlarına oxşadırlar. İndiyə kimi azərbaycanlı olduğumu düşünən olmayıb. Diqqət çəkici xanım olduğumu düşünmürəm. Adi xanımam. Saçlara gəldikdə isə, çoxları bəyənir. Çox buruq olduğu üçün məni yorur. Düz saç da sevmirəm. Kaş, nazik və bir az dalğalı olaydı. Saçlarımdan atama oxşamışam.

Könül İbrahim,
Fotolar müəllifindir
Musavat.com

 
 
 




Administratorla əlaqə

077 611-55-22

[email protected]