Müsahibə

Elçibəyin 23 il 6 ay sonra ortaya çıxan müsahibəsi

8-10-2016, 18:49

Eks-prezident Kəlbəcərin işğalı günlərində Türkiyə, Rusiya və İrana hansı müraciəti edibmiş? Pənah Hüseyn: "Sonradan bəzi faktlar aşkara çıxmışdı ki...” 

 

İnternetdə Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəyin 1993-cü ilin aprelinin ilk günlərində Türkiyənin TRT kanalına verdiyi müsahibə yayılıb. Türkiyənin eks-prezidenti Turqut Özalın Azərbaycana səfərindən bir neçə gün öncə götürülmüş bu müsahibədə Elçibəy Kəlbəcərin işğal olunması ilə bağlı danışaraq qeyd edir ki, ordunun məğlubiyyətində mənəvi ruhun aşağı düşməsindən danışmaq düz olmaz.

"Ordunu qurmağa vaxt yoxdur. Düşmən üstümüzə gəlir. Bizim nizami ordumuz yoxdur. Bizə vaxt vermədilər. Azərbaycanın bütün kəndlərində şəhidlər xiyabanı var. Ruh yüksəkliyi olmasa, bu olarmı”,- deyə eks-prezident bildirir. Daha sonra Elçibəy Türkiyənin Azərbaycanla bağlı mövqeyini tənqid edir. Dövlət başçısı vurğulayır ki, Türkiyə siyasətdə həmişə bütün dünyaya Azərbaycanın yanında olduğunu bildirir. Amma daha sərt addımlar ata bilərdi. Bu addımlar atılmır. "Türkiyədən nələr gözləyirsiniz, bundan sonra Türkiyə nə etməlidir, Sizə necə kömək edə bilər” sualının cavabı da maraqlıdır. Ə. Elçibəy bildirir ki, o yardımlar haqqında danışmaq istəmir: "Onu gərək türk hökuməti özü düşünsün. Türk hökuməti təcrübəlidir. Kəlbəcər hadisələrində çox çətin bir vəziyyət yaranmışdı. İnsanlar qırıldı. Mən Türkiyəyə, İrana, Rusiyaya müraciət etdim ki, hərəsi 5-10 helikopter versin - Kəlbəcərdə qalan körpələri, qadınları, mülki əhalini atəşin altından çıxarmaq üçün. Heç kim vermədi. Heç bir dövlət vermədi. Nə Rusiya verdi, nə İran, nə də Türkiyə. Bunu humanitar bir addım kimi etmək olardı”.

Türk jurnalistinin "bütün günah başqalarındamı,  Sizdə yəni heç bir günah yoxdur”, - deyə Elçibəydən soruşur. Elçibəy Kəlbəcərin işğalında çox insanların səhvi olduğunu etiraf edir: "Bizim də səhvimiz var. Yəni biz Kəlbəcərin işğalını gözləmiridk. Çünki Kəlbəcərin Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur. Biz hesab edirdik ki, orada özümüzü müdafiə edə bilərik. O işğalda rus əsgərləri də iştirak etdi. Haradan gəliblər? Muzdululardımı? Bilmirik”.

AXC hakimiyyətinin baş naziri işləmiş Pənah Hüseyn işğaldan iki gün öncə vertolyotla Kəlbəcər rayonuna gedən və hadisələrin  canlı şahidi olan ən yüksək çinli hakimiyyət təmsilçisi olub. Elçibəyin dedikləri ilə bağlı ən məlumatlı adam kimi onunla vertolyot məsələsi ilə bağlı danışdıq.

Image result for Pənah hüseyn

P.Hüseyn aprelin 27-də ermənilər rus hərbçiləri ilə birlikdə Kəlbəcərə bir neçə istiqamətdən hücuma başladığını xatırlatdı: "Həm Ermənistan ərazisindən, həm də Ağdərə istiqamətindən hücum edirdilər. Kəlbəcərin işğalı hücum başlanandan 6 gün sonra gerçəkləşmişdi. Prezident Əbülfəz Elçibəy isə həmin günlərdə Bakıda səfirləri toplayaraq onlara Kəlbəcərdə yaranmış vəziyyət haqqında məlumat vermişdi. Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara və konkret bir sıra ölkələrə, o cümlədən Türkiyəyə bu vəziyyətə müdaxilə etmək, kütləvi qətliam təhlükəsi altında qalmış dinc əhalinin vəziyyəti ilə bağlı kömək üçün müraciətlər etmişdi. Bunlar barədə o dövrdə Azərbaycan və dünya KİV-lərində geniş məlumatlar yayılmışdı. Konkret vertolyot istənilməsi məsələsinə gəldikdə, bu addım həmin günlərdə Kəlbəcərin dinc əhalisinin qırğın təhlükəsi ilə üz-üzə qaldığına diqqəti cəlb etmək üçün atılmış simvolik addım idi. Mən tam məsuliyyətlə deyirəm ki, o dövrdə dinc əhalinin daşınması üçün kifayət qədər vertolyot da var idi. Azərbaycanın öz daxili imkanları hesabına 60 minə yaxın dinc əhali cəmi bir neçə gün ərzində rayon ərazisindən çıxarmışdı. Rus və erməni silahlıları Kəlbəcər şəhərinə girənə qədər vertolyotlar gecələr də işləyərək əhalini çıxarmaqla məşğul olub. Şəxsən mənim özüm oraya getdiyim vertolyotu yaralıların, yaşlıların, uşaq və qadınların çıxarılması üçün verdim. Mən rayonu son anda tərk etdim və piyada Murovdan gəldim”.

P.Hüseyn onu da bildirdi ki, Murov dağına istiqamətlənən dar bir yolun ermənilər tərəfindən kəsilməsinin və əhalinin tamamilə mühasirədə qalmasının qarşısının alınması üçün çox böyük itkilərlə müşahidə olunan müdafiə döyüşləri həyata keçirilmişdi. Bunun nəticəsində dinc əhali kütləvi qətliamdan xilas edilmişdi və ikinci Xocalı faciəsinin baş verməsinin qarşısı alınmışdı.


Sabiq baş nazirin sözlərinə görə, Kəlbəcərin işğalının qarşısını almaq mümkün olmasa da Əbülfəz Elçibəyin diplomatik səylərinin nəticələri var idi: "Sonradan bəzi faktlar aşkara çıxmışdı ki, Elçibəyin diplomatik səyləri erməni və rus silahlı birləşmələrinin Kəlbəcərdə dinc əhaliyə qarşı daha dəhşətli, geniş miqyaslı hərəkətlərdən çəkindirilməsində rolu olub. Kəlbəcərin işğalından az sonra BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Kəlbəcərdən dərhal qeyd-şərtsiz çıxarılması barədə 822 saylı qətnamə qəbul etmişdi. Kəlbəcərin işğalına görə Türkiyə Ermənistanla sərhədlərini bağladı, bütün diplomatik əlaqələrini kəsdi. Beynəlxalq birliyə, ayrı-ayrı dövlətlərə prezidentin müraciətlərinin tam nəticəsiz və cavabsız qaldığından danışmaq düzgün olmazdı. Əbülfəz Elçibəy Kəlbəcəri, kəlbəcərliləri çox sevirdi. Bu rayona onun xüsusi bağlılığı gənc yaşlarında Kəlbəcərdə çox olmasından yaranmışdı. Bu yaxınlarda saytların birində onun gənc yaşlarında Misirdə işlədiyi zaman qardaşı Murada yazdığı məktuba rast gəldim. Əbülfəz Elçibəy hələ 1960-cı illərin sonlarında yazdığı həmin məktubda ”Kəlbəcər rayonundan, kəlbəcərlilərdən ötrü burnumun ucu göynəyir. Kəlbəcərlilərə salam söylə, Kəlbəcərin hər daşına ağacına qurban olum" yazıb. Təəssüflər olsun ki, Kəlbəcərin işğalının qarşısını almaq mümkün olmadı".

Etibar SEYİDAĞA

Administratorla əlaqə

077 611-55-22

[email protected]