Müsahibə

Keçmiş deputat 28-ci dəfə Həccə gedə bilməyib - səbəbi

12-09-2016, 19:54
Hacı Qalib Salahzadə: "Mənim həyatda heç bir problemim yoxdur”  

"Kimlər ki, deyir ölkədə problemlər var, dedikləri boş şeydir”


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, keçmiş deputat Hacı Qalib Salahzadə bir neçə ay əvvəl demişdi ki, 28-ci dəfə Həcc ziyarətinə yollanacaq. 1990-cı ildən bəri davamlı olaraq Həccə gedən sabiq deputatdan xəbər tutmaq istədik. 

Qeyd edək ki, elə bu gün (12 sentyabr-red.) azərbaycanlı zəvvarlar Hacı adını  qazandılar. Biz də aradıq, görək Hacı Qalib Həcc ziyarətinə gedənlər arasındadır, ya yox? Telefon zəngimizə cavabından bəlli oldu ki, 28-ci dəfə Həcc ziyarətinə getmək ona müyəssər olmayıb. Q.Salahzadə bunun səbəbini konkretləşdirmədi:

- Evdə bir problem oldu, ona görə də gedə bilmədim. Amma Allah qoysa, Həccdən qayıtsınlar, mən ayın axırında Ümrəyə gedəcəyəm. Həccə gedənləri izləyirəm. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bizim zəvvarlar bu gün Hacı adını qazandılar. Təbrik edirəm. Allah getmək istəyənlərə də qismət eləsin! 

- Bildiyimizə görə, siz bu vaxta kimi 500 nəfəri şəxsi hesabınıza Həcc ziyarətinə göndərmisiniz. Bu dəfə özünüz gedə bilməsəniz də, kimisə ziyarətə göndərdinizmi? 

-Yox. Özüm ki, getmədim, ona görə də başqaları getmək istəmədi. Düzünü deyim ki, camaat deyir, özün gedəndə bizi apar. (gülür) Elə bilirlər ki, mən gedəndə guya bunlara heç bir şey olmayacaq, sağ-salamat qayıdıb gələcəklər. Mənə o qədər  inam var ki. Deyirəm, əşi, gedin də ziyarətə. Deyirlər, yox, yox, sən gedəndə biz də gedərik. Mən ümumiyyətlə, kiməsə yaxşılıq edəndə, kömək eləyəndə bunu özümə fəxr bilirəm. Belə işlər görəndə, necə deyərlər, özüm-özümdən razı qalıram. Belə əməllər adama ruh yüksəkliyi verir. Kimsə razı qalır, dua edirsə, bu, mənə bəsdir. 
 
- Bəs, planlaşdırdığınız ziyarətə gedə bilməməyiniz əhvalınızı korlamadı ki? 

- Yox. Elə şeylər var ki, onun detallarını açıqlamaq istəmirəm. Allah qoysa, vaxtı çatanda deyərəm. Amma mən bütün gün ərzində xəbərləri izləyirəm, Məkkəyə, Mədinəyə baxıram. İndi ziyarətdə olanlara həsəd aparıram ki, maşallah, nə yaxşı getdilər. Bu, tamam başqa şeydir, heç nə ilə ölçülən hiss deyil. 

-Bəzən deyirlər ki, ölkədə müəyyən problemlər var deyə, Həcc ziyarətinə sərf olunan vəsait Azərbaycana xərclənsə, həm ölkə, həm insanlar qazanar, həm də bunun savabı böyük olar. Belə fikirlərlə razılaşmaq olarmı?

-Qəti şəkildə. Birincisi, ölkədə heç bir çətinlik yoxdur. Kimlər ki, deyir, ölkədə problemlər var, dedikləri boş şeydir. Mən yaltaq adam deyiləm ki, kiməsə xoş gəlmək üçün danışım. Heydər Əliyev hakimiyyətə gələndən sonra günü-gündən – demirəm ki, aydan-aya – insanların güzəranı yaxşılaşıb. Allah ona qəni-qəni rəhmət eləsin. Hörmətli cənab prezident İlham Əliyev gələndən sonra da günbəgün insanların vəziyyəti yaxşılaşır. Təkcə yaşadığım Bilgəh kəndində bu gün 200 adama, qaçqına, şəhid ailəsinə qurban payı verilib. Bu, hələ siyahı ilə verilən paylardır. İmkan olmasa, bunu necə vermək olar? Maştağa kəndində isə deputat Eldar Quliyev 800-ə yaxın adama qurban əti paylayıb. Mən hələ bildiklərimi deyirəm, Nardarandan xəbərim yoxdur.

- Yəqin siz də qurbanlar kəsibsiniz...

- (Gülür) Əlbəttə. Qurban olum Allaha, mən nə edirəmsə, heç dilə gətirmirəm. Eldar Quliyev də yəqin məni bağışlayar. Yeni deyirəm, əgər insanların pul qazanmaq imkanı olmasa, bu qədər qurbanlar kəsə bilərmi? Azərbaycan xalqının bir dənə Qarabağ problemi var, vəssalam, şüttəmam. Vallah, billah, Azərbaycan xalqının başqa heç bir problemi yoxdur. Hamımızın da yerinə cənab prezident özü fikirləşir, götür-qoy edir. Allah atasına  rəhmət eləsin. Heç dövlətin mənim kimi adamların payladığı qurban ətinə də ehtiyacı yoxdur. Maşallah, dövlətimiz kifayət qədər güclüdür. 

- Hacı, qarşıdakı referendumla bağlı fikriniz necədir? 

- Mən referendumun tərəfdarıyam. Referendum Azərbaycan xalqının güzəranını daha da yaxşılaşdıracaq. Əlbəttə, seçilən vitse-prezidentlərin nəzarəti olacaq, vəziyyət daha da yaxşı olacaq. 

- Hacı, gələcək planlarınız haqda nə deyə bilərsiniz? 

- Gələcəyi Allahdan başqa heç kəs bilmir. Sabah nə olacağını ancaq böyük Allah bilir. Biz indidən heç nə deyə bilmərik. Allah nə məsləhət bilsə, elə də olacaq. 

- Bəs, hazırda nə işlə məşğul olursunuz? Deputatlıq fəaliyyətindən sonrakı məşğuliyyətiniz  nədən ibarətdir? 

- Mənim həyatda heç bir problemim yoxdur. 7 nəvəm, 1 nəticəm var, böyüyürlər. İnşallah, sənə də nəticə görməyi qismət eləsin! Bayaq yığılıb gəliblər - mən gündüzlər 3-4 saat yatıram - qoymayıblar yatmağa. (gülür) Adam öz övladı ilə yeri gələndə sərt davrana bilir. Amma nəvəyə, nəticəyə "burdan dur, orda otur” demək olmur. (gülür) Doğrudan mənim heç nəyə ehtiyacım yoxdur, naşükür adam da deyiləm. Hər şeyə min dəfə şükür edirəm. Hörmətli prezidentimizə, ailəsinə dua edirəm. Bizə halallıq versinlər ki, biz də onların hesabına firavanlıq içində yaşayırıq. Var-dövlət hamısı Allahın işidir. Ruzi-bərəkəti Allah verir. Bizim bəxtimiz onda gətirdi ki, hakimiyyətə Heydər Əliyev gəldi, ondan sonra da prezidentimiz İlham Əliyevdir. Allah ona uzun ömür, can sağlığı versin!  

Elşad PAŞASOY

Administratorla əlaqə

077 611-55-22

[email protected]