Müsahibə

“Tax free”nin tətbiqi ölkənin turizm üzrə rəqabət qabiliyyətini artırır

18-08-2016, 03:28

“Tax free”nin tətbiqi ölkənin turizm üzrə rəqabət qabiliyyətini artırır"2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə nəzərdə tutulan dəyişikliklərdən biri də Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə ölkə ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədi üçün nəzərdə tutulmayan mallara ödənilmiş ƏDV-nin qaytarılması ("tax free”) sisteminin tətbiqinin genişləndiriliməsi ilə bağlıdır.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanovla müsahibə bu mövzuya həsr olunub.

-Nicat müəllim, "tax free” sistemi barədə bir qədər ətraflı məlumat vermənizi istərdik.

-"Tax free” sistemi ilk dəfə İsveçdə yaranıb, hazırda Avropa İttifaqı və digər ölkələrdə tətbiq olunur. Bu xidmət bütün ölkələrdə yalnız xarici vətəndaşlar üçün nəzərdə tutulub. Adətən, turistlər hər hansı xarici ölkəyə gedərkən orada "tax free” sisteminin tətbiqinin şərtlərini də öyrənir və etdikləri alış-veriş məbləğindən neçə faizini geri alacaqlarını əvvəlcədən hesablayırlar. ƏDV-nin məbləği tətbiq olunduğu ölkələrə görə dəyişir...

Ölkəmizə xarici turistlərin marağının artırılması, turizm sektorunda son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən "tax free” sisteminin bu ilin iyun ayından respublikamızda da tətbiqinə başlanılıb. Bu sistemə əsasən, ölkəmizdə xarici turistlər tərəfindən alınmış mala görə ödənilən ƏDV məbləğinin onlar ölkəni tərk edərkən özlərinə qaytarılması təmin olunur. Alıcı aldığı malları Azərbaycan Respublikası ərazisindən apardıqda aldığı mallara dair e-VHF-ni öz pasportu ilə birlikdə gömrük sərhəd-buraxılış məntəqəsində gömrük orqanı əməkdaşına təqdim etməlidir. E-VHF-nin məlumatları gömrük orqanı tərəfindən vahid məlumat bazasında eyniləşdirildikdən sonra avtomatik risk qiymətləndirməsi aparılır.

Qiymətləndirmənin nəticələri əsasında alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməli olub-olmadığı proqram təminatı vasitəsilə açıqlanır.

Alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməsi tələb edildiyi halda, alıcı həmin malları gömrük baxışının keçirilməsi məqsədilə gömrük orqanı əməkdaşlarına təqdim etməlidir. Gömrük orqanı əməkdaşları təqdim olunmuş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxladıqdan sonra, qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparır, möhürlə təsdiqləyərək alıcıya təqdim edir və vahid məlumat bazasında e-VHF-ni təsdiqləməklə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür. Alıcı dövlət sərhədinin buraxılış məntəqəsindən keçdikdən sonra müvəkkil bank gömrük orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq milli valyutada nağd ödəniş kimi və ya 10 iş günündən gec olmayaraq xarici və ya milli valyutada bank kartına və ya hesabına köçürmə qaydasında qaytarır.

Azərbaycanda "tax free” bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri ƏDV ilə birlikdə 300 manatdan çox olduğu hallarda tətbiq edilir. ƏDV-nin alıcıya qaytarılması isə nağd ödəniş və ya bank kartına köçürmə yolu ilə həyata keçirilir. Alıcıya ödəniləcək ƏDV məbləğindən operatorun göstərdiyi xidmətlərə görə 20 faiz həcmində xidmət haqqı və bank komissiya haqqı tutulur.

-"Tax free” sisteminin tətbiqi qanunvericilikdə necə təsbit edilib?

-Bu sistemin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli fərmanı ilə "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib. Artıq Vergi Məcəlləsində də bu sistemin tətbiqini təmin etmək məqsədilə əlavə və dəyişikliklər aparılıb. Bunlarla yanaşı, bir sıra digər normativ hüquqi aktların da bu fərmana uyğunlaşdırılması ilə bağlı işlər aparılır.

-Sistemin vahid məlumat bazasının operatoru Vergilər Nazirliyidir. Burada nazirliyin əsas fəaliyyəti nədən ibarətdir?

-"Tax free” inzibatçılığı üzrə əsas məsul subyekt operatordur və qeyd etdiyiniz kimi, ölkəmizdə operator olaraq Vergilər Nazirliyi müəyyən edilib. Vergilər Nazirliyi malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin qaytarılması işlərini təşkil edir, proqram təminatının daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz işləməsini, "tax free” mərkəzi informasiya sisteminin yaradılmasını və idarə edilməsini təmin edir.

-Ölkəmizdə yeni tətbiq olunan bu sistem hansı nəticələri verir?

-Bu sistem ölkəyə xarici turistlərin cəlb edilməsini təşviq edir, habelə onların ölkə ərazisində mal almasını stimullaşdırır. "tax free” sisteminin tətbiq olunması sərhəd məntəqələrindən alış-veriş edən turistlər üçün hava limanlarında, sərhəd-keçid məntəqələrində məbləğin müəyyən qisminin geri qaytarılmasına şərait yaradır. Bu isə turistləri xərcləmələrə təşviq edən mexanizmdir. Bu sistem ölkənin turizm üzrə rəqabət qabiliyyətini artırır, ölkəyə xarici valyuta gətirilməsini təmin edir, ölkədə pərakəndə ticarətdə rəqabəti artırmaqla satış dövriyyəsini genişləndirir, habelə turist yönümlü istehsalı stimullaşdırır. İstehsal mühitinin formalaşdırılması, rəqabətli məhsulların istehsalı və dünya bazarına çıxarılması, daha sonra ölkəyə valyuta axını əldə etmək iqtisadi baxımdan mühüm prosesdir. Bu baxımdan ölkəyə turist axınını təmin etməklə, turist xərcləmələrinin həcmini artırmaqla əlavə valyuta axınına nail olmaq mümkündür. Rəqəmlərə baxsaq görərik ki, Vergilər Nazirliyinin tətbiq etdiyi "tax free” sisteminə əsasən 45 min şəxsə 100 min manatdan artıq ƏDV qaytarılıb.

-"2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Prezident sərəncamından irəli gələn məsələlərin icrası ilə bağlı "tax free” sistemində hansı yeniliklər olacaq?

-Sərəncamın icrası ilə bağlı "tax free” sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiqi həyata keçiriləcək. Artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün qanun layihəsi hazırlanıb.

Proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistemin bütün sərhəd-buraxılış məntəqələrində qurulması hissə-hissə həyata keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]