Müsahibə

Psixoloq cinsi azlıqları formalaşdıran əsas səbəblərdən DANIŞDI

2-12-2017, 15:41
Psixoloq cinsi azlıqları formalaşdıran əsas səbəblərdən DANIŞDIPsixoloq Gülnar Orucova təhsil eksperti Kamran Əsədovun bağçalarda, məktəbəqədər təhsil müəssisələrində, eləcə də orta məktəblərdə qadın müəllimlərin çox olmasının cinsi azlıqların artmasına səbəb olması haqda fikirlərinə münasibət bildirib.

Xeberman.com-nun xəbərinə görə, axar.az saytına müsahibə verən Gülnar Orucova bildirib ki, cinsi azlıqların artmasının səbəbi yalnız məktəbəqədər təhsil müəssisələrində, bağçalarda qadın müəllimlərin çox olması ilə əlaqədar deyil, ailədən qaynaqlanan məsələdir.

“Cinsi azlıqlar daha çox natamam ailələrdən çıxır. Həmçinin tərbiyə sistemi də burada mühüm rol oynayır. Hədsiz qoruyucu ailə tipi, avtoritar ailə tipi kimi modellər var. Belə ailələrdə uşaq fiziki cəzalarla dolu bir sistemə oturuşanda tədricən qorxmağa başlayır və belə vəziyyətdə ətrafda bundan istifadə etməyə çalışanlar olur”.

G. Orucova qeyd edib ki, peşəni sevdirməkdə, savadlı kadrların yetişdirilməsində kişi müəllimlər daha uğurlu olurlar. Sovet dövründə də belə idi.

“Qadın müəllimlər əgər uşağı elmə, biliyə tam yiyələndirə bilərsə, uşağın şəxsiyyət kimi formalaşmasına da mənfi təsir göstərməzlər. Ancaq deyə bilmərik ki, təhsil müəssisələrində qadınların olması cinsi azlıqların artmasına səbəb olur”.

Psixoloq bəzən hormonal problemlərin də cinsi azlıqların yaranması üçün səbəb olduğunu deyib.

“Cinsi azlıqları formalaşdıran əsas səbəblərdən biri isə ailə və ətraf mühitdir. Məsələn, pasientim olan 7 yaşlı oğlan uşağı deyirdi ki, mən məktəbə qızlar kimi ətək geyinmək istəyirəm. Səbəblərini araşdıranda məlum oldu ki, ailədə ata modeli yoxdur. Ata-ana boşanıb, xala boşanıb, nənənin də həyat yoldaşı vəfat edib. Hər ailədə kişi modelini oynayan bir şəxs olmalıdır ki, uşaq ondan nümunə götürsün”.

G. Orucova əlavə edib ki, kişilər maddi vəziyyəti düşünərək müəllimlik peşəsini istəmirlər.

“Müəllimlərin əmək haqqı az olduğu üçün kişilər başqa sahələrə yönəlirlər. Bu da məktəblərdə kişi müəllimlərin sayının azalmasına gətirib çıxarır. Sovet dövründə isə məktəblərdə daha çox kişi müəllimlər dərs deyirdi”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]