Müsahibə

Azər Qasımlı – Biz bilirik siyasi partiya nə deməkdir.

26-04-2017, 00:11
Bu gün Siyaset.Az-ın qonağı Real Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlıdır.

Salam, Azər bəy. İlk olaraq sualımız belədir: ReAl – Respublikaçı Alternativlər kimlərdi və ReAl-ın yaranma səbəbi nədir?

ReAl Hərakatı 2009-cu ildə yaranıb. Bildiyiniz kimi həmin il Azərbaycanda referendum keçirilmişdi və konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağa ləğv olunmuşdu. ReAl Hərəkatı ilk növbədə hakimiyyətin məhs bu addımına bir reaksiya olaraq yaranmışdır. Biz o zaman da, indi də hesab edirik ki, o qadağanı ləğv etməklə cümhuriyyətimizin dayaqlarını ciddi şəkildə sirkələdilər, çünki bir şəxsin istədiyi qədər hakimiyyətdə qalması üçün hüququ yol açılırsa, o zaman bu artıq cümhuriyyət olmayacaq və sonuc etibarilə hakimiyyət bir qrupun, bir ailənin və ya bir insanın şəxsi “mülkiyyətinə” çevrilmiş olacaq. Bir sözlə ana yasaya edilən bu düzəlişlə Xalq hakimiyyətin yeganə mənbəyi olmasından çıxmış olur. 2009-da biz gələcəkdə baş verəcək prosesləri görürdük və bunun qarşısının alınmasının vacib olduğunu anlayırdıq. Bax bu missiya ilə ReAl yarandı.

ReAl bütün Azərbaycanın təşkilatı olmağı hədəfləyib. Lakin biz əsasən yeni nəsli təmsil edirik. Biz hesab edirir ki, ölkəmizdə ən böyük problemlərdən birisi nəsil dəyişikliyinin baş verməməsidir. Nə siyasətdə, nə mədəniyyət sahəsində, bir sözlə ictimai işlərdə nəsil dəyişikliyi çox gecikir. Məsələn Nazirlər Kabinetinin orta yaşı 60-ın üzərindədir. Biz istərdik ki, nazirlər seçkidən seçkiyə dəyişsinlər və bir adam bir vəzifəni 20-25 il tutmasın. Onun yerinə daha cavan, daha dinamik və enerjili, savadlı və yeni düşüncəli 30-45 yaşı olan şəxslər gəlsin. Ölkədə müsbət dəyişikliklərin olmamasının əsas səbəbi məhz budur. Azərbaycan son 30-40 ildə “itirilmiş nəsillər ölkəsi”nə çevrilib. Biz ölkəmizi bu bataqlıqdan çıxartmağı özümüzə borc bilirik. Biz, ölkəmizin yeni nəsli, kimlərinsə bizim əvəzimizə bizim taleyimizi yazmağa izin verməyəcəyik.



ReAl-ın lideri İlqar Məmmədovun həbsi ilə bağlı nə deyə bilərsiz? Həbsdə ona qarşı hər hansı təzyiq varmı?

Həbsdə olduğu müddətdə də İlqar Məmmədova qarşı dəfələrlə təziqlər və təxribatlar olub. İlqar Məmmədov artıq 4 il 2 aydır ki, həbsdədir. Adamı həm həbs ediblər, həm də həbsdə də onadan əl çəkmək istəmirlər, həbsdə ola ola da hüquqlarını pozurlar. Mediada bu barədə dəfələrlə məlumatlar verilib. Avropa İnsan Haqqları Məhkəməsi İlqar Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı qərar vermişdir. Azərbaycan hakimiyyəti bu qerarı həyata keçirmir. Hətta yanaşması belə absurtdu. Avropa İnsan Haqqları Məhkəməsi İlqar Məmmədovun azad olunması və hüquqları köbud şəkildə pozulduğuna görə ona təzminatın ödənilməsi ilə bağlı qərar vermişdi. Təzminat hakimiyyət tərəfindən ödənilib, amma İlqar Məmmədov azadlığa buraxılmayıb.

İlqar Məmmədov hal hazırda hakimiyyətin əsas alternatividir. İlqar bəy yeni nəslin artıq şəriksiz liderinə çevrilib. Bu nöqteyi nəzərdən onun cəmiyyətdə böyük siyasi cazibəsi var. Çünki köhnə liderlərdən cəmiyyətin heç bir gözləntisi yoxdur. Digər tərəfdən hakimiyyət hər zaman çalışıb ki, müxalif siyasətçilər dünyaya açıla bilməsinlər, dünyada onları tanıyan olmasın. İlqar Məmmədov hakimiyyətin bu sahədəki inhisarını da yara bilmişdi. Məhz bunlara görə o hələ də həbsdədir.

Sizcə, cəmiyyət ReAl-ı alternativ olaraq görürmü?

Bilirsiniz, bu daha çox kamunikassiyalardan asılıdır. Baxın, bu gün Azərbaycanda müxalifət və ya alternativ fikir televiziyalarda yoxdur, radiolarda yoxdur, qazetlərdə yoxdur, bir sözlə kütləvi informasiya vasitələri hakimiyyətin nəzarəti altındadır. Yeganə bir platforma var, o da internet və sosial şəbəkələrdi ki, hakimiyyət onu tam inhisar altına ala bilmir. Ölkədə iki milyondan artıq insan sosial şəbəkələrin istifadəçiləridir. Bizim olk növbədə onlara və onların vasitəsilə sosial şəbəkədə olmayan vətəndaşlara çıxışımız var. Təbii ki, bu yetərli deyil. Ona görə biz hal hazırda bütün ölkə boyu təşkilatlanırıq. Bizim hər kəsə alternativ fikri çatdırmaq imkanımız açılan kimi, düşünürəm ki, ölkədə vəziyyət ciddi şəkildə dəyişəcək. Vətəndaş bizi həm iqtidarla, həm siyasi arenada olan digər siyasi təşkilatlarla müqayisə edəndə seçimini bizdən yana edir.



ReAl partiya kimi nə zaman fəaliyyət göstərəcək?

Bu il ərzində partiya qurultayını keçirməyi düşünürük. Onu da qeyd edim ki, biz qurultaya tam hazır vəziyyətdəyik. İstər üzvlərimizin və artıq bütün ölkəni əhatə edən təşkilatlarımızın sayı, istər partiya Məclisinə və İdarə Heyətinə seçiləcək yetərincə keyfiyyətli üzvlərimizin olması nöqteyi-nəzərdən vəziyyətimiz qənaətbəxşdir.

Bildiyimiz kimi, ölkədə hal-hazırda 50-dən çox siyasi partiya var. ReAl Partiya onlardan nə ilə fərqlənəcək?

İlk növbədə üzvlərimizin keyfiyyəti, yəni bilik və bacarığı, proseslərə yanaşması ilə. ReAl bir şəxsin partiyası olmayacaq, necə ki, bu gün də bir adama bağlı deyil. Bizim, partiyalaşma prosesini uzatma səbəbimiz də məhs bu işə çox ciddi yanaşmağımızdandır. Biz, siyasi partiyanın nə olduğunu və reallıqda prosesin ağırlığını yaxşı bilirik. Partiya xalqın içindən çıxmalıdır və xalqa yol göstərməlidir. Siyasi təşkilatın əsasən 3 dayağı olmalıdır: 1. Xalqa yol göstərmək istəyən partiyanın ilk növbədə praqramı olmalıdır. Bu gün Azərbaycanda YAP qarışıq bir partiyanın adını çəkin ki, onun ReAl-ın proqramı kimi bir sənədi olsun. Beləsi yoxdur. Biz, Azərbaycanı necə görürük, Azərbaycanda hansı problemlər var və bu problemləri necə həll edəcəyik, hansı islahatları həyata keçirəcəyik, bütün bu məsələlər proqramımızda öz əksini tapıb; 2. Partiyanın cəmiyyət tərəfindən qəbul olunan və rüytinqi olan lideri olmalıdır. Bizim belə bir liderimiz var – İLQAR MƏMMƏDOV! Bununla belə onu da xatırlatmaq istərdim ki, bu gün ReAl yeganə siyasi təşkilatdır ki onun məhz sədri həbsdədir, sıravi üzvləri yox. Bu özü bir liderlik nümunəsidir; 3. Partiya liderinin komandası, partiyanın kölgə kabineti olmalıdır. Yalnız bir liderin olması yetərli deyil, yalnız proqramın olması yetərli deyil.

Bu gün ReAl-da komanda var və bizim komandamız peşəkarlardan ibarətdir, xaricdə təhsil almış güclü bilikli şəxslərimiz var. Bir sözlə biz artıq siyasi partiya kimi öz sözümüzü deməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]