Müsahibə

Əli Məsimli: “Pensiya yaşının artırılması həmin ailələri pis vəziyyətə salacaq”

13-03-2017, 11:14
Əli Məsimli: “Dünyanın heç bir ölkəsi 7 ildən bir pensiya yaşını artırmır, bunun üçün 20, 30 il, bəzən daha çox müddətdə götür-qoy edirlər”

Uzun müddət davam edən müzakirələrdən sonra nəhayət, Azərbaycanda pensiya yaşı həm qadınlar, həm də kişilər üçün 65-ə qaldırıldı. Bu qərarın mərhələli qaydada həyata keçiriləcəyi rəsmiləşsə də, aztəminatlı ailələrin narahatlığına səbəb oldu. Hətta parlamentdəki müzakirələrdə də bir sıra deputatlar Azərbaycan və Avropa ölkələri, həmçinin postsovet məkanı arasında paralellik aparıb pensiya islahatları ilə bağlı bəzi güzəştləri təklif etsələr də, qəbul olunmadı. Müzakirələrdə aktiv iştirak edən deputat, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ilə digər məsələləri də əhatə edən söhbətimizi təqdim edirik.

- Əli bəy, Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanun müzakirə olunarkən çıxışınızın məzmunu göstərdi ki, dəyişikliklərin əleyhinə səs verən 3 deputatdan biri siz olmusunuz. Belə çıxmırmı ki, siz pensiya islahatlarına qarşısınız?


- Biz pensiya islahatlarına yox, həmin dəyişikliklər içərisində pensiyaçıların mənafelərinə zidd olan məqamlara qarşıyıq. Çünki Pensiya İslahatlarına dair Konsepsiyada göstərildiyi kimi, yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun olaraq, pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olunması, pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi növbəti mərhələdə islahatının əsas məqsədini təşkil etməlidir. Bunu sadəcə, həmin Konsepsiyada yazmaq yox, həm də əməl etmək lazımdır.


- “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərdə mənfi qiymətləndirdiyiniz əsas məqamlar hansılardır?


- Əvvəla, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərdən göründü ki, hökumət pensiya sisteminə daha çox fiskal yanaşmadan istifadə edir. Yəni hökuməti daha çox o maraqlandırır ki, bu dəyişikliklərdən büdcəyə nə qədər xeyir gələcək. Biz isə hesab edirik ki, pensiya sisteminin səmərəliliyini artırmaq və gələcək nəsillərin də pensiya məsələsini problemli etməməkdən ötrü pensiya sisteminə fiskal yox, milli iqtisadiyyatın makroiqtisadi və sistem problemi kimi kompleks yanaşmaq lazımdır. Əks halda, getdikcə daha çox insan aşağı səviyyədə pensiya alacaq. Bu sistem yalnız uzaq gələcəkdə pensiyaçıların bir hissəsinə əlavə vəsait hesabına yüksək pensiya almağa şərait yaradacaq. İkincisi, hökumət pensiya sisteminin əsas problemini pensiya yaşında görür.

Biz isə hesab edirik ki, pensiya sisteminin əsas problemi pensiya yaşının aşağı olmasında deyil, ÜDM-də əməyin ödənilmə xərclərinin və maaşların aşağı səviyyədə olması, əmək münasibətlərində “kölgə iqtisadiyyatının” payının çox olmasında və “kölgə iqtisadiyyatı” xarakterli problemlərdə, eləcə də bu sahənin investisiya gəlirinin olmamasındadır. Həmin problemləri həll etmədən pensiya yaşını 65-ə, 70-ə, lap 75-ə belə çatdırılması pensiya sisteminin səmərəli fəaliyyətini təmin edən deyil. Üçüncüsü, bu dəyişkliklərdə pensiya islahatlarının iqtisadi və sosial nəticələri, xüsusən də qadınlara təsiri məsələsi yetərincə hesablanmayıb. Ona görə də təklif etdik ki, kişilərdən fərqli yanaşma sərgiləməklə heç olmasa, qadınların pensiya yaşını 65-ə yox, 62-63-ə qaldırsınlar.


- Çıxışınızda dediniz ki, Pensiya İslahatlarına dair Konsepsiyada pensiya yaşının artırılması məsələsi bu il yox, 2018-ci ildə nəzərdə tutulub. Bu, belədirmi?


- Bəli, “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda göstərilib ki, 2018-ci ildən başlayaraq kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması işinə başlamaq lazımdır. Ona görə Konsepsiyada pensiya yaşının artırılması məsələsi demoqrafik trendlə əlaqəli götürülüb.


- Həmin trendlər pensiya yaşını məhz indi qaldırmağa əsas verirmi?


- Xeyr. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ömür uzunluğu göstəricisinə görə Azərbaycan dünyanın 193 ölkəsi arasında 96-cı, o cümlədən qadınların ömür uzunluğuna görə 98-ci yerdədir. Bizdən qabaqda gedən 95 ölkənin xeyli hissəsində ömür uzunluğu 75, 80 və 80 yaşdan yuxarıdır. Amma həmin ölkələrin xeyli hissəsində pensiya yaşı indi bizdə olduğu səviyyədədir: kişilər-63-65 yaş, qadınlar-60 yaş. Azərbaycanda pensiyaçıların sayı 2010-cu ildə 1309 min nəfər, 2016-cı ildə 1315 min nəfər olub ki, bu da cəmi 6795 nəfər və ya 5 faiz artım deməkdir. Yaşa görə pensiyada olanlar 2010-cu ildə 858 659 nəfər, 2016-cı ildə 781238 nəfər olmaqla 77 421nəfər və ya 9 faiz azalıb. 70 yaş və ondan yuxarı yaşda olanların sayı 2010-cu ildəki 396 min nəfərdən 2016-cı ildə 375 min nəfərə enib, yəni 2016-cı ildə 5,3 faiz azalıb. Deməli, pensiyaçılar arasında ölüm hallarının çoxalması şəraitində pensiya yaşı yenidən qaldırıldı. Rayonlarda elə ailələr var ki, yalnız pensiya hesabına yaşayır. Pensiya yaşının artırılması həmin ailələri pis vəziyyətə salacaq.

Əhalinin sayında pensiyaçıların payı da kritik həddə deyil ki, cəmiyyətə ciddi yük olsun. Dərin araşdırmalar aparsalar, görünəcək ki, Azərbaycanda nəinki indi, heç 2050-2060-cı illərdə belə, demoqrafik trend indi Rusiyada və Avropa ölkələrində olduğu səviyyədəki kimi mənfi yüklü olmayacaq. Ona görə indi pensiya yaşını qaldırmağa ehtiyac yox idi. Həm də bu, Azərbaycan reallıqları şəraitində büdcə vəsaitinə qənaət yolunun uğurlu variantı deyil. Dövlət xəzinəsinə qənaət eləmək üçün o qədər yollar və vasitələr var ki, saymaqla bitməz.

“21 fevral və 21 dekabr devalvasiyaları Azərbaycanın maliyyə-bank sisteminin nə gündə olduğunu əyani şəkildə ortaya qoydu”


- Amma hökumət tərəfin əsas arqumentlərdən biri o oldu ki, insanlar pensiya yaşının artırılmasını istəyirlər...


- Pensiya yaşının artırılmasını istəyən insanların çoxu sağlamlıq durumu əla, iş qabiliyyəti yüksək səviyyədə olduğuna görə yox, iqtisadi məcburiyyətdən, maddi problemlər onları çox sıxdığından bunu istəyirlər. Çünki vətəndaş pensiyaya çıxan kimi işlədiyi müddətdə aldığı məsələn, 350-400 manat maaşın müqabilində 170-200 manat pensiya almağa başlayır. Bu halla qarşılaşan aylıq gəlirinin yarısını itirməmək üçün pensiyaya gec çıxmaq istəyir. Bizdə də pensiyaçı Avropada olduğu kimi 1000-2500 dollar - Azərbaycanda məbləğ 110 dollardır - pensiya alsa, təqaüd yaşı çatan kim istirahətə gedər. Həm də bizdə çoxu pensiyaya çıxandan sonra iş tapa bilmir. Qərbdə isə pensiyaçının özünə məşğuliyyət tapması asandır... Hansı ölkələrdə pensiyanın məbləği yaşlı insanın həyatının və layiqlı istirahət və səyahətlərlə müşayiət oluna bilən yeni maraqlı mərhələsinə keçməyə imkan verirsə, həmin ölkələrdə ahıl yaşa çatanlar pensiya yaşından sonra işləmək istəmir. Ona görə də belə ölkələrdə əmək qabiliyyətli yaşda olan insanların sayının azalması şəraitində iqtisadiyyata dəyən ziyanı azaltmaq üçün çıxış yolunu pensiya yaşını 65 - 67 yaşa çatdırmaqda görürlər.

Azərbaycanda isə hazırda demoqrafik situasiya belə ölkələrdən fərqlidir. Bir sıra ölkələrdə işləyənə 1 pensiyaçı, Azərbaycanda isə 3 işləyənə 1 pensiyaçı düşür. Rusiyada pensiyaçılar əhalinin 30 faizi, Belarusda 27 faizi səviyyəsində, pensiya yaşı isə kişilər üçün 60, qadınlar üçün 55-dir. Pensiyaçılar Belarusda əhalinin 27 faizi, Azərbaycanda isə 13 faizi səviyyəsindədir. Amma bizdə pensiya yaşını kişi və qadınlar üçün 65 yaşa qaldırdılar. Əmək qabiliyyətli yaşda olan insanlar normal işlə təmin olunsunlar, görün Pensiya Fonduna əlavə nə qədər vəsait köçürəcəklər... Əsas problemi, yəni işsizlik məsələsini həll etmək lazımdır.



- Konkret nə təklif edirsiz?


- Hazırkı reallıqlar şəraitində pensiya yaşını artırmaq vəziyyətdən çıxış yolu deyil. Dünyanın heç bir ölkəsi 7 ildən bir pensiya yaşını artırmır, bunun üçün 20, 30 il, bəzən bundan da daha çox müddətdə götür-qoy edirlər. Pensiyaçını maraqlandırmır ki, hökumət pensiyanı hesablayanda yığımı indiki kimi 144-ə, yoxsa 204-ə böləcək, ya da Rusiyadakı kimi 234-ə bölmə qaydasına keçəcək. Pensiyaçını maraqlandırır ki, yeni dəyişikliklər onların pensiyasını nə qədər artıracaq?



Pensiya sisteminin səmərəli fəaliyyətini təmin etməkdən ötrü yetərincə maliyyə resursu lazımdır. Dövlət Sosial Müdafiə Fondunda isə belə resurslar yoxdur. Ona görə də hökumət pensiya kimi ağır və taleyüklü bir məsələni Pensiya Fondunun üstünə atmamlıdır. Əgər dövlət vaxtından əvvəl Pensiya Fonduna transfertləri minimuma endirsə, onda aralıq bir mərhələdə ciddi gərginlik yaşanacaq. Hökumət indidən bunun fərqində olmalıdır. Pensiya ilə bağlı aparılan islahatlar pisləşməyə yox, yaxşılaşmaya doğru aparmalıdır. Dövlət Sosial Müdafiə Fonduna (DSMF-yə) əlavə vəsait cəlb etməkdən ötrü ikili mühasibatın aradan qaldırılması istiqamətində həyat keçirilən tədbirlərin dairəsini əhəmiyyətli dərəcədə genişləndirmək lazımdır.

Əmək bazarında vəziyyət sahmana salınmalı, əmək haqlarının paket məsələsi aradan qaldırılmalı və bütün məbləği leqallaşdırılmalıdır. Əmək müqavilələri prinsipinin tətbiq dairəsi genişləndirilməlidir və ciddi nəzarət mexanizmi yaradılmalıdr. Qeyri-dövlət pensiya fondlarının yaradılması işi sürətləndirilməlidir. Pensiya fondları dünyada böyük investisiya fondları kimi tanınır. Çox təəssüf ki, indiyə qədər bizdə pensiya vəsaitlərin idarə edilməsi istiqamətində addımlar atılmayıb. Sosial Müdafiə Fondunda yetərincə vəsait olmasını və pensiyaçıların pensiyalarını artıra bilmək, onları razı salmaq istəyiriksə, pensiya islahatlarına dair Çili modelini və digər modelləri öyrənib yaradıcılıqla Azərbaycanda tətbiq eləmək lazımdır.


- Əli bəy, Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündəki (MHŞT) fəaliyyətini dayandırmasını necə dəyərləndirirsiniz? Bakını öz öhdəliklərini yerinə yetirməməkdə ittiham etdilər və sonda belə bir addım atıldı. Bakıya qarşı bundan sonra hansısa sanksiya verilə bilərmi?


- Mənim üçün də qaranlıqdır ki, Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirən MHŞT niyə belə qərar qəbul edib? Bütün hallada xoşagələn hal deyil. Bunun Azərbaycana ziyanı xeyrindən çox olacaq. Sualın o biri tərəfinə gəldikdə isə sanksiyalar barədə mülahizə yürütmək çətindir.


- “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov deyib ki, 11 bankın bağlanması nəticəsində 4 200 nəfər bank əməkdaşı iş yerini itirib. Reallıq budur ki, təkcə kreditorların deyil, bankirlərin də durumu ağırlaşıb. İndiki situasiyada çıxış yolunu nədə görürsünüz?


- 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyaları Azərbaycanın maliyyə-bank sisteminin nə gündə olduğunu əyani şəkildə ortaya qoydu. Banklar iqtisadiyyatın qan-damar sistemidir. Qan-damar sistemi normal fəaliyyət göstərməyən orqanizmdə problemlər olduğu kimi, iqtisadiyyat da belə olan halda normal fəaliyyət göstərə bilməz. Bank sistemində ciddi islahatlar aparılmalıdır. Məncə, bank sistemini indi həyata keçirilən üsullarla sağlamlaşdırmaq mümkün deyil. Bizim bank sistemimiz o qədər əcaib qurulmuş və soyğunçu mahiyyət kəsb edirdi ki, onu standart yollarla sahmana salmaq mümkün deyil. Məncə, bir tərəfdə sağlamlaşma işləri davam etdirilməli, eyni zamanda bank sistemimizi bir sıra cəhətlərdən söküb təzədən yığmaq lazımdır.

Bu zaman bankların istehsal sektoru ilə optimal əlaqələrinin qurulması, perspektivli sahələrin əlverişli şərtlərlə maliyyələşdirilməsi, faiz dərəcələrini aşağı salınması və xarici valyutada olan kreditlərlə bağlı problemin çözülməsi məsələləri önə çəkilməlidir. Bir də həyat göstərdi ki, Azərbaycan iqtisadiyyatına heç bir xarici bank öz bank sistemimiz qədər dağıdıcı zərbə vura bilməz. Ona görə də ciddi təhqiqatlardan sonra xarici banklardan məqbul hesab oluna bilənləri Azərbaycana gətirib rəqabət yaratmaq lazımdır ki, istehsal maliyyələşsin, faiz dərəcələri aşağı düşsün, sivil bank mədəniyyəti bərqərar olsun və sair...


Elşad PAŞASOY
FOTO: “YM”

Administratorla əlaqə

077 611-55-22

[email protected]