Müsahibə

Diaspor rəhbərindən erməniylə bağlı etiraf: “Onunla düşmən ola bilmərəm” / MÜSAHİBƏ

10-01-2017, 02:39
Diaspor rəhbərindən erməniylə bağlı etiraf: “Onunla düşmən ola bilmərəm” / MÜSAHİBƏ
"MƏN UKRAYNADA BİZNES QURANDA İBRAHİMOVLARIN HEÇ BİZNESİ YOX İDİ"
 
Ukraynada yaşayan ermənilərlə dostluq münasibətləri ilə bir neçə dəfə gündəmə gələn, onlarla birlikdə fotoları yayılan Kiyevdəki Azərbaycan Cəmiyyətinin sədri Rövşən Tağıyevin BakiPost.az-a müsahibəsi:

- Rövşən bəy, ermənilərlə münasibətlərinizə görə bir neçə dəfə qınaq obyektinə çevrilmisiniz. Sizi düşmən xalqın nümayəndələri ilə dostluq etdiyinizə görə qınayırlar. Xüsusən də Ukrayna Erməniləri Konqresinin sədri Aşot Avanesyanla dost olduğunuz, sıcaq münasibətlər saxladığınız deyilir. Siz onunla həqiqətən dostluq edirsinizmi?

-Təəssüf edirəm ki, jurnalistlər sensasiya arxasınca qaçırlar. Amma mən bunlara çox da əhəmiyyət vermirəm. Çünki mənim gördüyüm işlər, vəzifəm Ermənistanın siyasətinə qarşıdır. Yəni bütün fəaliyyətim Dağlıq Qarabağın ermənilərdən azad edilməsi siyasətini dəstəkləmək və Ermənistanın təcəvüzkar bir dövlət kimi tanıtmaq yönündədir. Ukrayna Azərbaycanlıları Konqresindən başqa, mən Ukrayna Millətlər Assambleyasının sədriyəm. Bu assambleyaya 200-ə yaxın təşkilat daxildir. O cümlədən, siyahıda Ermənistana məxsus təşkilatlar da var. Bura daxil olan Ukrayna Erməniləri Konqresinin sədri Aşot Avanesyandır. Aşot haqqında birinci onu fikirləşin ki, o, Azərbaycanda anadan olub. Prezident İlham Əliyevin yürütdüyü multikultural siyasətə dayanaraq, biz millət amilini siyasi amildən ayırmalıyıq.
 
Təbii ki, biz hesab edirik ki, Ermənistan rəhbərliyində əlləri qana batmış insanlar var. Mən Ermənistanı işğalçı dövlət kimi tanıyıram. Sarkisyanı, Köçəryanı alçaq, yaramaz insanlar hesab edirəm. Onların əli azərbaycanlı qanına bulaşıb. Amma buna baxmayaraq, biz bilirik ki, Azərbaycanda 30 mindən çox erməni yaşayır və ölkəmizdə də milləti erməni olan insanları Ermənistanın yürütdüyü siyasətdən ayırırlar. Son zamanlarda görürəm ki, erməni millətindən olan adamlar Bakıya gəlir, öz mövqelərini bildirir. Mənim isə Dağlıq Qarabağla və Ermənistanla bağlı mövqeyim dəyişməzdir. Ermənistan rəhbəri əli qana batmış bir insandır, mən bunu hər yerdə demişəm, deyirəm. Sadəcə mənim haqqımda elə şeylər yazırlar ki, guya, mən erməni diasporuyla, ermənilərlə yeni il keçirirəm, onların şərəfinə badələr qaldırıram. Bu, Azərbaycan diasporunun dünyada güclənməsi siyasətinə bir zərbədir. Əgər səhvən yazılıbsa, həqiqəti bilməyiblərsə, o zaman həmin adamlar mənə zəng edib, deməlidir ki, Rövşən bəy, üzr istəyirik, bilməmişik. 
 
O ki, qaldı Aşot Avanesyana, o Azərbaycanı öz vətəni sayır, amma erməni millətinin nümayəndəsi olaraq erməni konqresinə də rəhbərlik edir, Millətlər Şurasının sədridir. Ukraynada millətlər Assambleyası kimi  5-ə yaxın təşkilat var. Onlardan real 3 təşkilat var ki, biri mənim sədri olduğum təşkilatdır, biri Millətlər Şurasıdır, ona Aşot rəhbərlik edir. 

-Sizinlə bağlı yayılan ən son informasiyada Aşot Avanesyan və bir çox ermənilərlə birlikdə yeni il şənliyində iştirak etdiyiniz bildirilir. Hətta fotolar da var.

-O şəkillər Ukraynadakı "Bakı” restoranında Ukrayna Millətlər Assambleyasının tədbirində çəkilib. Tədbiri erməni diasporu təşkil etməyib. Təşkilatıçılarından biri mən olmuşam. Şəkildə millətlərin hamısının nümayəndəsi var - polyaklar, yəhudilər və digərləri. Tədbirdə Ukraynanın rəsmi şəxsləri də iştirak edib. Bu faktları isə əksinə çevirib, tam yanlış informasiya halında təqdim ediblər. Aşot Avanesyan Azərbaycan torpaqlarının qeyri-qanuni işğalını qəbul etməsə, mən ona heç əl də vermərəm. 
 
-Yəni, Aşot Avanesyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır?
 
-Bəli! Mənim Aşot Avanesyana bu məsələlərlə bağlı suallarım olub. O deyir ki, beynəlxalq yollarla bu məsələ həll edilməli, işğal olunan 7 rayon qeyd-şərtsiz azad olunmalıdır. Qarabağın statusu məsələsi də beynəlxalq çərçivədə Azərbaycanın mövqeyi qorunmaq və nəzərə alınmaq şərti ilə həllini tapmalıdır.
 
-Ukraynada erməni diasporunun ən fəal rəhbərlərindən birinin belə mövqe sərgiləməsi təəccüblü deyilmi?

-Bilirsiniz, diaspor təşkilatları bir neçə istiqamətdə fəaliyyət göstərir. Sırf Ermənistan dövlətinin siyasətini aparan təşkilatlar var, bir də mədəniyyət və öz millətinin təbliğatını aparanlar var. Aşot Avanesyan hər bir görüşdə deyir ki, işğal olunan torpaqlar Azərbaycana qaytarılmalıdır. Qarabağ məsələsi beynəlxalq normalarla həll edilməlidir. Yəni ki, əgər millətindən asılı olmayaraq, bir şəxs, bir fərd, bir ictimai rəhbər Azərbaycan torpaqlarının azad olunmasından danışırsa, o mənə düşmən ola bilməz. 
 
-Deyirsiniz ki, Avanesyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin Aşotla bağlı internetdə bir axtarış kifayət edir ki, sizin dediklərinizin əksi görünsün. Onun qondarma Dağlıq Qarabağ Respublikasının prezidentinə "DQR”-in yaranmasının 20 illiyi münasibəti ilə göndərdiyi təbrik məktununa rastladım. Ərazi bütövlüyünü dəstələyən bir adam necə olur ki, Qarabağın işğalının 20 illiyi ilə bağlı Bako Saakyana təbrik məktubu yazır? 

-Mən sizə bir daha deyirəm ki, Aşotla son 4 ildə ictimai işlərlə bağlı tədbirlərdə sıx-sıx görüşlərimiz olur. Ona birbaşa sual verirəm ki, Aşot, sənin Qarabağla bağlı mövqeyin nədir? Özünüz də zəng edib Aşotdan soruşa bilərsiniz. O sizə cavab verəcək ki, Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Başqa hara nə məktub göndərib, ya göndərməyib, bunu deyə bilmərəm. Amma millətindən asılı olmayaraq, bir insanın mövqeyi Azərbaycanın torpaqların işğaldan azad olunması yönündədirsə, keçmişdə nə etdiyi ilə bağlı nəsə demək düzgün deyil. Bu gün biz görürük ki, artıq Ermənistan parlamentində də torpaqlarımızın işğaldan azad edilməsini tələb edən deputatlar var. Bu o deməkdir ki, biz keçmişə yox, gələcəyə baxmalıyıq. Nə qədər çox Azərbaycanın mövqeyini dəstəkləyən ictimai, elmi, siyasi xadimlər olsa, bu bizim xeyrimizədir.

-Diaspor fəaliyyətinə nə vaxtdan başlamısınız?

-Dünya Diasporu Hərəkatına təxminən 17-18 il əvvəl məhz Ukraynada start verilib. 1997-ci ildə mərhum prezident Heydər Əliyevin Ukraynaya səfəri zamanı diaspor nümayəndələri ilə görüşü oldu. O zaman mən də o görüşdə idim. Heydər Əliyev bizim qarşısımza bir məqsəd qoydu ki, birləşmək lazımdır. O zaman Nazim İbrahimov Ukraynada səfir idi. Biz konqres yaratdıq. Diaspor işlərinə də mən baxırdım. Həmin vaxt səfirlikdə diplomat vəzifəsində işləyirdim. Diaspor istiqamətində işləri mən aparırdım. Nazim İbrahimov müraciət etdi, dedi ki, konqresin işini apara bilərsənmi? Mən də "əlbəttə” cavabını verdim. 2 ayın içində 18 vilayətdə təşkilatlar yarandı və bərpa olundu. 17-18 il ərzində Azərbaycan disporu çox güclü inkişaf edib. Amma bu hərəkata Ukraynada start verilib. Bu hərəkatı yaradanlardan biri mən olmuşam. Nazim İbrahimov da bunu təsdiqləyə bilər.
 
-Bəs Nazim İbrahimovun belə bir məsuliyyətli işi məhz sizə həvalə etməsinin səbəbi nəydi?

-Mən Nazim İbrahimov səfir olan zaman işləyəndə hər zaman öz prinsipial mövqeyimi göstərmişəm. Baxmayaraq ki, mən diplomat idim, o da mənim rəhbərim. Disapor təşkilatı işləri barəsində hər zaman öz sözümü deyirdim, lazım olanda lap kəskin şəkildə də fikrimi bildirirdim. Nəyə görə Nazim İbrahimov o zaman bu işi mənə həvalə etdi? Çünki mən sovet ittifaqında ən birinci yaranmış türkdilli xalqlar cəmiyyətində sədr olmuşam. 1991-ci ildən 97-ci ilə kimi Millətlər Şurasına həmsədrlik etmişəm, həm də maliyyələşdirmişəm. 
 
Mənim böyük təcrübəm var idi. O da bunları nəzərə alıb, mənə dedi ki, Rövşən sənin bu sahədə çox böyük təcrübən var, bunu edə bilərsənmi? Mən də razılaşdım. Konqresin yaranması və strukturlaşması yalnız 1997-99-cu illər arasında olmayıb. Bu mənim 1989-cu ildə hələ Kiyev Dövlət Universitetində oxuduğum vaxt gördüyüm ictimai işlərdən başlayıb. Əslində, 1988-ci ildə Qarabağ məsələsi aktuallaşan zaman biz tələbələr qəzetlər buraxırdıq, müəyyən işlər görürdük. Fəaliyyətimizi də o ildən başlamış hesab edirəm. 91-ci ildə universiteti bitirərək Şuraya gəlmişəm. Şüradakı ən birinci və yeganə azərbaycanlı olmuşam. Təşkilatı maliyyələşdirmişəm.
 
-Maraqlıdır, universiteti yeni bitirmiş gənc oğlan böyük bir təşkilatı necə maliyyələşdirirdi?
 
-91-ci ildə mənim böyük biznesim var idi. Sovet ittifaqının tərkibindəki respublikalar müstəqillik alandan sonra Ukraynada ən böyük siğorta şirkəti yaratdım. Maliyyə təşkilatı açdım. Hətta bank da yaratmaq istəyirim. Bəzi məsələlərlə əlaqədar olaraq bank işim alınmadı. Biznesə mən 91-ci ildən başlamışam yəni. 
 
-Rövşən bəy, sizin Aşot Avanesyanla yaxın münasibətlərinizin bir səbəbi kimi də onunla ortaq biznesinizin olduğu göstərilir.
 
-Mənim Aşotla nə biznesim ola bilər? Yalan söhbətdir. Mənim biznesim tam ayrıdır. Aşot isə biznes adam deyil. O, ictimai xadimdir və 6-7 il bundan əvvəl əməkdar elm xadimi statusu alıb. 
 
-Sirr deyilsə, nə biznesiylə məşğulsunuz?
 
-Mən torpaqlar alıram, binalar tikirəm, kənd təsərrüfatı sahəsində də biznesim var. Digər sahələrdə də maraqlarım var. Biznesə 25-26 il bundan əvvəl Ukraynada başlamışam, Aşotu isə 10 ildir ki, tanıyıram. İctimai məsələlərlə bağlı hər bir millətin təşkilatının nümayəndələriylə görüşüb, tanış olmuşuq. Mənim biznesim başqa, ictimai fəaliyyətim başqa. Əgər mənim hansısa təşkilat nümayəndələriylə ictimai işlərlə bağlı görüşlərim olursa, bu o demək deyil ki, onlarla ortaq biznesim var. Tamamilə yalandır, bohtandır.
 
-Bina tikməkdən danışdınız, yeri gəlmişkən soruşum. Nazim İbrahimovun bina tikməklə məşğul olan qardaşı Sahib İbrahimovla münasibətlərinizin olduğu deyilir. Doğrudurmu?

-Bəli, mən Sahib İbrahimovu 20 ildən artıqdır ki, tanıyıram, yaxın dostluğumuz var. Amma onu yarım il bundan qabaq Azərbaycana gələndə görmüşəm. Təsadüfən görüşmüşük. Ondan qabaq isə 2-3 il idi ki, görüşməmişdik. Nazim İbrahimov səfir işləyən zamandan mən Sahib İbrahimovu tanıyıram. Olurdu ki, ildə bir dəfə Kiyevə gələndə biz görüşürdük. Yaxud da mən Bakıya gələndə görüşümüz olurdu. Sonra Nazim İbrahimov Bakıya qayıdandan sonra mən bir ara konqresdən aralanmışdım, çünki layiq olmayan insanlar müəyyən proseslərə qoşulmuşdu. 10-15 il əvvəlki proseslərdən danışıram. Düzdür, qıraqdan millətimin təşkilatlarının tədbirlərini dəstəkləyirdim, maliyyələşdirirdim. Amma bu proseslərə yaxınlaşmırdım. O zaman da mən Sahib İbrahimovu görürdüm, amma onunla biznesim yoxdur, heç vaxt da olmayıb.
 
-Yayılan informasiyalarda sizin İbrahimovların Ukraynadakı biznesinə yardım etdiyiniz, bu səbəbdən də Diaspor Komitəsi tərəfindən sizə geniş şərait yaradıldığı bildirilir. Bununla bağlı nə deyə bilərsiniz?

-İbrahimovgilin Ukraynada heç biznesi yoxdur bildiyim qədəriylə. Çünki olsaydı mən bilərdim. Ümumiyyətlə, İbrahimovlarla mənim heç bir biznesim olmayıb. Yazılanlar hamısı yalandır. Sizə bir şeyi də deyim, mənim İbrahimovlardan heç vaxt asılacağım olmayıb. Baxmayaraq ki, o mənim rəhbərim idi, mən hər zaman öz mövqeyimi, prinsipiallığımı nümayiş etdirirdim. Yeri gələndə razı olmadığım məqamlarda kəskin şəkildə sözümü deyirdim. Ukraynada mən biznesə başlayanda, bildiyim qədəriylə İbrahimovlar ümumiyyətlə, biznesdə yox idi. 
 
Nigar ETİBAR
Bakı Post
 


Administratorla əlaqə

077 611-55-22

[email protected]