Müsahibə

Anar Nağılbaz: “İstər Elçibəy, istərsə də Heydər Əliyevin vaxtında haqq səsimi ucaltmışam”

7-01-2017, 21:08

"O mahnıya görə dedilər ki, xoşunla ərizəni yaz...”

 


Məşhur azərbaycanlı reper Anar Nağılbaz işsiz qaldığından hətta satıcı işləməyə hazırdır. Bu barədə reper bir neçə gün öncə sosial şəbəkədə məlumat paylaşıb. Anar Nağılbaz uzun müddət telekanallarda fəaliyyət göstərdiyini, bir çox sahələrdə səriştəsi, illərlə iş təcrübəsi olduğu halda artıq neçə ildir ki, işsiz qaldığını deyib:

"Ölkəmi tərk etmək fikrim yoxdur, ciddi, normal, daimi iş olsa, dostlarıma qoşula bilərəm. İşlədiyim bütün yerlərdə iş yerimin qanun-qaydasına uyğun çalışmışam”. Reperin bu cür müraciəti mətbuatda, sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub.

Mövzu ilə əlaqədar Anar Nağılbaz "Yeni Müsavat”a danışıb. Müsahibimiz işsiz qalmasının əsas səbəblərindən, pərəstişkarları üçün qaranlıq qalan bəzi nüanslardan söz açıb:

- Anar bəy nə baş verir? Bu gün repə, yoxsa Anar Nağılbaza tələbat yoxdur?

- Mən hər zaman qeyd etmişəm, ümumiyyətlə rep əcnəbi musiqidir, milli deyil. Xaricdə bizim musiqimiz maraqla dinlənildiyi halda, ölkəmizdə əcnəbi musiqinin prototipi çox da qəbul edilmir. Biz az da ondan irəli gəlir ki, biz, başda özüm olmaq şərti ilə repçilərimiz daha çox həqiqəti, xalqın dərdlərini deməyə üstünlük verir, daha çox o yolu tutmuşuq. Bu məsələ biz az da ondan irəli gəlir. Mənim ixtisasım televiziya rejissorudur. Amma heç bir televiziya rəhbəri məni yaxın qoymur.

Özləri ilə dəfələrlə görüşüb, müraciətim olsa da, hətta Prezident Administrasiyasına məktub yollasam da hamısına demək olar ki, rədd cavabı gəlib. Ən sonda deyiblər ki, müsabiqə verməlisən. 25 il bu yolda səriştəsi olan, şou-biznesin əsaslarını qoyanlardan biri kimi, iki prezidentin qarşısında çıxış edən, 15 albomun müəllifi, nə bilim, bir çox işlərdə az-çox imzası olan insan kimi nəinki öz ixtisasım, ona yaxın olan bir iş tapa bilmirəm.

- Sizcə, səbəb nə ola bilər? Bir müddət bundan əvvəl, 2014-cü ildə haqqınızda məlumat yayıldı ki, müxalifətə qoşulmusuz. Məsələ bundan qaynaqlana bilərmi?

- Bu məsələ 2012-ci ildən başlayıb. Mən onda Qaraçuxur mədəniyyət sarayında direktor müavini vəzifəsində işləyirdim. Və 2013-cü ildə seçkilərlə əlaqədar "Gəl seçkilərə” adlı repimi təqdim etdim. Həmin mahnı əslində nə heç kimin tərifi, nə də tənqidi deyildi. Sadəcə olaraq insanlarımızı fəallığa, azərbaycançılığa, cəmiyyətdə daha fəal olmağa dəvət edən bir mahnı idi. Orada Elşad Xose, Natəvan Həbibi, Zaur Əmiraslanov da ifa edirdi. Mahnının sözləri və musiqisi mənim idi. Sadəcə olaraq o mahnı çıxandan sonra dərhal məni dəvət etdilər ki, öz xoşunla ərizə verib işdən çıx. Yəni seçki ərəfəsində mən öz ərizəmlə razılıq verib işdən çıxdım. Ondan sonra bir çox problemlərlə üzləşdim. İndi də problemlər içindəyəm. Həm işsizlik, ev təminatı, həm də bir çox problem, hamısı göz qabağındadır...

- Ötən ilin sentyabr ayında konsert vermişdiz. Tamaşaçıların münasibəti, marağı sizi qane etdimi?

- Ümumiyyətlə, konsert işinin necə qurulmasından danışım. Dövlət orqanlarının, həmin rayon üzrə cavabdeh insanların, təşkilatçıların köməyi olmasa konsert təşkil etmək qeyri-mümkündür. Əslində konsert avqustun sonlarına təsadüf etməli idi. Sonra sentyabrın sonlarına saldıq. Təşkilati baxımından 50-50-yə də bizə kömək, dəstək göstərən olmadı. Amma halbuki mənim xəbərim var ki, tanınmış insanların anşlaq konsertlərini çox yüksək səviyyədə, yüksək dairələrdə həll edirlər və biletlərini hətta məcburi şəkildə satdırırlar.

- İndiki repçilərdən kimləri bəyənirsiz?

"Xaricdə yaşayan insanlarımıza "otxod” deyənlərin Allah cəzasını versin”


- İndi öndə gedən qardaşlar çoxdur, Allah hamısına kömək olsun. Ramin Nabran, Dadodur, yenə də öz sözlərini deyirlər. Elşad Xose 90-cı illərdən bu yana yenə brenddir. Cavanlardan amma daha çox bəyəndiyim Fikrət Gündüzlüdür, yaxşı çıxış edir. Uran heç, o da brenddir, Azərbaycanda dəyərli insandır. Əslində yüzlərlə gənc var, hətta bir şeyi qeyd edim, təxminən 8 il əvvəl 2000 min nəfər Hip-hop mədəniyyətinin üzvlərinin adını yazmışdıq. Araşdırdıq ki, Azərbaycan üzrə rayonlarda belə neçə nəfər repçimiz var, neçə nəfər bu mədəniyyətin üzvü var. Bu mədəniyyətə təkcə rep oxuyanlar daxil deyil. Hip-hop mədəniyyətinin qolları genişdir, onun Graffiti sənəti, Küçə rəqsi (Breakdance) və sairə növləri var. Yəni qolları çoxdur.

- Belə anladım ki, siyasi mövqeyinizə görə işinizdən olmusuz, hətta televiziyalardan da uzaq düşmüsüz. Bəs toylara dəvətlər alırsızmı? Məlum məsələdir ki, sənətçilərin demək olar ki, böyük əksəriyyətinin qazancı toylardan gəlir.

- Mən siyasətçi deyiləm. Xalqın içindən olan bir adamam. Ara-sıra istər Elçibəy, istərsə də Heydər Əliyevin vaxtında, istərsə də indiki vaxtda şəxsi problemləri qarışıq olmaq şərti ilə xalqın sadə bir nümayəndəsi kimi haqq səsimi ucaltmışam. Və hesab edirəm ki, cəmiyyətimizdə insanlar belə olmalıdır, çünki informasiya agentlikləri lazımi dairələrə problemləri bəzən düzgün çatdırmırlar. Heç olmasa o mahnıları dinləyib problemlərdən agah olsunlar. Və ondan savayı demək istədiyim odur ki, mən öz ölkəmi çox sevirəm, vətənpərvərəm, hər an onun yolunda canından keçməyə hazır olan bir insanam. İstərdim ki, bütün azərbaycanlıların rifahı yaxşı olsun.

Qaldı ki, toy məclislərinə, deyim ki, indi şadlıq sarayları da rüşvətlə işləyirlər. Orda təyin olunan administratorlar tanışlıq, qohumluqla işə götürülür. Əgər vaxtında şansımdan istifadə etsəydim... o zaman çox hörmətli Brilliant Dadaşova ilə olan mahnıma görə bütün şadlıq sarayları məni dəvət etmişdilər.

Sadəcə, o vaxtı həmkarlarım da mənim fikrimlə razılaşırdılar ki, rep klub mədəniyyətidir, şadlıq sarayları üçün deyil. Mən də o yolu tutmuşdum. İndi hesab edirəm ki, şou-biznes toyların üstündə qurulub, bütün qazanc yeri ancaq toylardır. Klubların qazancı çox olmadığından təqdim etdikləri pul da çox deyil. Üstəlik, insanlar hər dəfə klublara getmir, hər gün ora dolu olmur.

Ona görə də repin milliləşməyə ehtiyacı var. 50 faiz milliləşib, digər qismi üçün isə hələ ki zaman lazımdır... Hətta özüm də şadlıq saraylarına müraciət etmişəm. Tutaq ki, daimi bir iş üçün deyiblər ki, sizə 50 manat verəcəyik. Deyir ki, bunun 30 manatını mən yeyəcəm, 20 manatını sənə verəcəm. Xoşun gəlir gəl, gəlmirsə gəlmə. Deməli, mən 20 manata görə hansısa şadlıq sarayında gedib oxumalıyam. Bax belə...

- Ölkəni çox sevdiyinizi qeyd etdiz, amma hazırda ölkədə işsizsiz və ailəniz, övladlarınız var. Qazanc xətrinə ölkə xaricinə getməyi düşünmüsüzmü?

- Vallah, istəmirəm. Bu cür istəyim yoxdur. Amma şübhəsiz son məqamda insan nəyəsə əl atır. Amma ki, ilk növbədə övladlarımı, onların öz ölkəmdə rifahını düşünürəm. Oğlum Avropa liseyində təhsil alır, qızım Azərbaycan haqqında 3-4 şeir bilir. Yəni mən əslində öz ölkəm, vətənim üçün hər an şəhid olmağa hazır bir insanam.

- Xaricdən dəvətlər alırsızmı?

- Çox gəlir, həqiqətən çox olur. Xaricdə yaşayan insanlarımızın rifahlarını Allah xoş, yaxşı eləsin. Onlara "otxod” deyənlərin Allah cəzasını versin. Çünki onlar hansı əziyyətlərdən, od-alovlardan keçdiklərini bir Allah bilir və mən də şahidəm. Əslində xaricdə, ya da ölkəmizdə yaşadın, bunun məsələyə dəxli olmamalıdır.

Çünki bizim Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü var. Belə bir günü olan ölkənin azərbaycanlılar haqqında "otxod” deməyə heç kimin ixtiyarı yoxdur. Onlar yenə də azərbaycançılıq naminə çalışırlar, hər nə işlə məşğul olurlarsa olsunlar.

- İşlə bağlı müraciətinizdən sonra jurnalistlərdən başqa sizinlə əlaqə yaradan, iş təklifləri verən oldumu?

- Dostlardan bir neçə nəfər oldu. Amma (acı-acı gülür) inandırım sizi, onlarda da çətinliklər var. Məsələn, kiçik bizneslə məşğul olan bir dostum var. Dedi ki, çox böyük məmnuniyyətlə işləyərdik, amma mən də biznesimi təhvil verdim, köçürəm Moskvaya... Bilmirəm nə baş verir, təki bütün azərbaycanlılar üçün hər şey yaxşı olsun...

Xalidə GƏRAY

Administratorla əlaqə

077 611-55-22

[email protected]