Media

Telekanallarda referendum təşviqatı ilə bağlı fantastik efir qiymətləri...

30-08-2016, 18:34

Ələsgər Məmmədli: "İTV-də siyasi təşviqatın 1 saatını hesablasaq, təxminən 180 min manata başa gəlir” 

 


Azərbaycanda sentyabrın 26-da baş tutacaq referendumla bağlı təşviqat kompaniyasına bu həftənin şənbə günü, yəni  sentyabrın 3-də start veriləcək. Təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər. Televiziyalar da referendum təşviqatı ilə bağlı ödənişli efir vaxtlarının qiymətlərini müəyyən ediblər. Bu gün həmin rəqəmlər ictimaiyyətə açıqlanıb. 

Lakin təşviqatın bir saniyəsinin qiyməti o qədər baha olub ki, sosial şəbəkələrdə tənqid və gülüş hədəfinə çevrilib. Belə ki, dövlət büdcəsindən maliyyələşən İctimai televiziyada təşviqat kompaniyası aparmaq üçün praym-taymda efir vaxtının hər saniyəsinə görə qiymət 50 manat müəyyən edilib. Bu isə 10 dəqiqəlik efir vaxtı üçün 60 min manat ödəmək anlamına gəlir. 

Bu rəqəmlər ictimaiyyət nümayəndələri tərəfindən narazılıqla qarşılanıb. 

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli musavat.com-a açıqlamasında bildirib ki, qeyd olunan rəqəmlər heç bir məntiqə sığmır və televiziyaların təşviqat prosesində iştirak etmək istəməməsi anlamına gəlir: "Təəssüf ki, qanunvericilikdə televiziya efirində siyasi təşviqatın qiyməti ilə bağlı konkret limit tətbiq edilməyib. Biz vaxtilə bununla bağlı dəfələrlə müraciət etdik. Milli Məclis səviyyəsində təkliflər də verdik ki, bu məbləğin konkret limiti olmalıdır. Siyasi təşviqat, kommersiya reklamı və ya əmtəə materialı satmaq deyil. Bu, həm də demokratiya, plüralizm üçün vacib bir məqamdır ki, insanların referendumda müzakirəyə çıxarılan məsələlər ilə bağlı daha geniş məlumat almaları təmin olunsun. İndiki halda təşviqatla bağlı qanunvericilikdə konkret limit yoxdur. Televiziyalar siyasi plüralizmi təmin etməkdən daha çox, alternativ fikirləri göstərməmək məqsədilə çox  yüksək qiymətlər müəyyən edirlər. Mən belə başa düşdüm ki, televiziyalar bu təşviqat prosesindən gələn gəlirdə maraqlı deyillər. Çünki siyasi baxımdan azad deyillər. Amma buna baxmayaraq, qiymətlər çox astronomikdir”. 

Siyasi təşviqat üçün ödənişli efir vaxtının bir saatını hesablayan ekspert rəqəmlərin həddindən artıq yüksək olduğunu vurğulayıb: "İctimai televiziyada təşviqatın 1 saniyəsi praym-taymda 50 manat müəyyən olunub. Bu, çox böyük bir məbləğ deməkdir. Təxmini hesablasaq, bir saatda 3600 saniyə var və biz 3600-ü 50 manata vursaq, bu, bir saat üçün 180 min manat pul deməkdir. ATV-də də təxminən praym-taymda təşviqatın 1 saatı 90-95 min manata başa gəlir. Yalınız Lider TV bununla bağlı ucuz qiymət müəyyən edib. Onun 1 saat üçün qiyməti təxminən 4800 manat, bazar günüdürsə, təxminən 6000 manat müəyyən olunub. Azərbaycan reallığında minimum əmək haqqını, bu televiziyaların vergi ödəmələri nəticəsində formalaşan büdcədən aldıqları dotasiyaları düşündükdə həddindən artıq astronomik rəqəmlərdir. Mütləq bununla bağlı tənzimləmə aparılmalıdır. Seçki Məcəlləsində, digər qanunlarda bununla bağlı dəyişiklik edilməlidir. ABŞ seçkilərində belə bir şərt var ki, seçkilərdə ən yuxarı hədd  ən aşağı  kommersiya reklamının dəyərindən yüksək ola bilməz. Əgər ən ucuz reklamın bir dəqiqəsi 300 dollardırsa, o zaman  siyasi reklamın praym-taymdakı ən yüksək həddi 300 dollar ola bilər. Bu cür limit qoyulub. Bu limit siyasi reklam üçün kommersiya reklamının ən aşağı qiymətinin altında müəyyən olunub. Bizim kommersiya reklamları o qədər də baha olmasa da, siyasi reklamlar dəfələrlə bundan yüksəkdir”.

Ödənişsiz efir vaxtının verilməsinə gəlincə, Ə.Məmmədli bildirdi ki, qanuna görə, İctimai televiziya istər seçkilərdə, istərsə də referendumda ödənişsiz efir vaxtı vermək məcburiyyətindədir: "Televiziya və radioda ümumi olaraq həftə ərazində 6 saata qədər vaxt ayrılmalıdır. Onlar bununla bağlı vaxtı müəyyən edib, MSK-ya göndəriblər. Televiziyada yəqin ki, həftəlik ən azı 3 saat ödənişsiz vaxt verilmiş olacaq”.  

Məsələ ilə bağlı İTV rəhbərliyinin mövqeyini öyrənməyə çalışsaq da, mətbuat xidməti zənglərimizə cavab vermədi. İTV-də baş tutan seçki debatlarının moderatoru olan Anar Yusifoğlu isə bu haqda açıqlama vermək səlahiyyətinin olmadığını bildirdi. 

Nərgiz LİFTİYEVA,
Musavat.com

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]