Media

Fikrət Fərəməzoğlunun məhkəməsi davam edib

10-06-2017, 00:31
Fikrət Fərəməzoğlunun məhkəməsi davam edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, “Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməz oğlu) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə vəkil Elçin Sadıqov çıxış edib və onun barəsində bəraət hökmü çıxarılmasını istəyib. Proses iyunun 14-də davam edəcək.

Qeyd edək ki, prokuror onun 3 il jurnalist fəaliyyətindən məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]