Mədəniyyət

Akademik Milli Dram Teatrında yeni mövsüm “Qarabağnamə” ilə açılıb - FOTOLAR

19-09-2016, 21:55
Akademik Milli Dram Teatrında "Qarabağnamə” tamaşası ilə yeni mövsümün açılışı olub. 

144-cü teatr mövsümünün açılışına həsr olunan tədbirdə çıxış edən teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemət bildirib ki, yeni mövsümdə tamaşaçılara həm dünya klassikası, həm də Azərbaycan klassikasından tamaşalar təqdim olunacaq: "Akademik Milli Dram Teatrının kollektivi uğurla yeni əsərlər üzərində çalışır. Yeni mövsümdə maraqlı tamaşalarla sizin qarşınızda olacağıq. Kollektivimiz Şəki Beynəlxalq Teatr Festivalında "Ölülər” tamaşasını uğurla nümayiş etdirdi, bu gün teatrımızda yeni səhnə əsərləri üçün hazırlıqlar görülür”.

Azər Paşa Nemət əlavə edib ki, teatrın həm açılış, həm də bağlanış mərasimi ənənəvi olaraq "Qarabağnamə” tamaşası ilə keçirilir: "Bizim böyük arzumuz var ki, bu tamaşa Qarabağda, Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində oynanılsın. Bu teatr Şuşada cəmi bir il fəaliyyət göstərə bildi. Amma sağ olsun dövlətimiz, sağ olsun Mədəniyyət və Turizm Nazirliyi ki, bu teatrı qoruyub-saxlayır, yaşadır. Mən inanıram ki, nəinki Şuşa teatrı, İrəvan teatrı da öz yerinə qayıdacaq”.

Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Nigar Güləhmədova, Rövşən Kərimduxt, Anar Heybətov, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova, Günel İmanova ifa edirlər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

 



Administratorla əlaqə

077 611-55-22

[email protected]