Mədəniyyət

Toyuq fermasının altından çıxan tariximiz Перейти

18-08-2016, 21:52

Şəkidəki "Əbədi sükut dünyası” muzeyi bir möcüzədir, amma biganəlikdən məhv olur... Şəkinin Fazıl kəndində bir muzey var- "Sükut dünyası-Labirint”...

 

Muzeyinin özəlliyi bu zəngin tarixin  yerin altında yerləşməsi və arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət abidələrinin, qəbirlərin aşkar edildikləri yerdə saxlanılmasıdır. Muzey onun yaradıcısı olan iki nəfərin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz Arxeoloji Ekspedisiyasının rəhbəri Nəsib Muxtarov və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu İntizar Bədəlovanın  hesabına yaranıb. Onlar bütün çətinliklərə rəğmən muzeyi ayaqda saxlamağa çalışırlar. 

Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır devizini əsas tutaraq yolumuzu Şəkinin Fazıl kəndində yerləşən bu əsrarəngiz muzeydən saldıq. Yeraltı muzeyə daxil olarkən sanki qədimlərə, e.ə.3-4-cü minilliklərə doğru gedirdik.  Muzeyin adı "Əbədi sükut dünyası ” olsa da, içəridə sükut yox idi. Oradakı hər bir qəbir, əşya sanki o dövrləri vəsf edir, gördüklərini danışırdı. Ancaq təəssüf ki, yaranmasından 10 il keçməsinə baxmayaraq hələ də dövlət statusu almayıb. İçəridə olan nəmişlik buradakı tarixi eksponatlara təhlükə yaradır. "Əbədi sükut dünyası-Lbirint” qədim dövrdə əhalinin məişət şəraitini, dini təsəvvürlərini özündə əks etdirən dəfn adətləri ilə yaxından tanış olmaq imkanı verir. Burada yer alan bizim eradan əvvəl 3-cü və 4-cü minilliyə aid olan eksponatlar heç yerdə yoxdur. Ritual qəbirlərdə kökü kəsilən heyvanların sümüklərinə də rast gəlmək mümkündür. İrəlidikcə muzeydə yer alan eksponatlardan, sirli qəbirlərdən danışan arxeoloq Nəsib Muxtarov buranın bir möcüzə olduğunu deyir: "Biz arxeoloq kimi burada qazıntı işi aparmışıq. Burada  nə görürsünüzsə, onu elə çıxdığı yerdə saxlamışıq. Biz bunu ona görə etmişik ki, burada muzey işçisindən, alimdən çox qoy eksponatların özü danışsın. Mən buranı yaradanda düşünürdüm ki, necə edək ki, arxeoloji qazıntılar aparılandan sonra həmin abidələr məhv olmasın. Onlar yerində qalanda daha böyük fayda verə bilər”.

N. Muxtarov  Qafqaz Albaniyası dövrünü əhatə edən qəbirlərin üstünü açdıqdan sonra onları saxlamaq üçün 70 metrlik yeraltı muzeyin yaradılmasına nail olsalar da, indi həmin muzeyə sahib çıxanın olmamasından  gileyləndi. O, tək istəyinin tariximizə bu biganə  münasibətə son qoyulmasının olduğunu dedi. 

Muzeyi ekskursiya zamanı bir qəbir diqqətimizi çəkdi. Belə ki, qəbrin başında at, bir tərəfində inək, digər tərəfində isə qoyun, it, pişik dəfn olunmuşdu. N. Muxtarov bu qəbrin Azərbaycan folklorunun əsl siması olduğunu dedi: "Bu, Azərbaycanın antik dövr abidəsidir. Bizim əcdadlarımız Aralıq dənizinə qədər gedib çıxıb. Həmin qəbirlərdə elə büt abidələr var ki, onlara dünyanın heç yerində rast gəlinmir. Gördüyünüz bu qəbrin yanında müxtəlif qablar da var. Digər ekspozisiyaya diqqət edin. İki insan dəfn edilib. Bunların dəfn vəziyyətləri burada 2 cür dəfn adəti olduğunu deməyə əsas verir. Digər qəbirdə isə insanın yalnız çənə və qol sümüyü dəfn olunub. Bu da Azərbaycanda eneolit, tunc dövründə də insan bədəninin bir hissəsinin dəfn olunması adətini əks etdirir. Şəki ərazisində apardığım arxeoloji qazıntı zamanı başının yerində dopu olan insan qəbri aşkar etdim.. Digər ekpozisiya isə genotafdır. Bir qab var ki, tipik ayıya oxşayır. Çünki bu qabın açılan yeri yoxdur. Tək oturacağı var, üstü də yumrudur. Bunu tapanda məndə fikir yarandı ki, hələ antik dövrdə də Azərbaycanda ayı kulturu təmiz aradan çıxmamışdı. Bu qab həm də musiqi alətinə oxşayır. Digər bir qabda isə sənətkar o naxışlarla həmin dövrün dini təsəvvürləri, inanc sistemləri haqda bizdə təsəvvür yaradıb. Başqa bir qabda isə həmin dövrdə dünya necə təsəvvür olunurdusa, o qabda özünü əks etdirib. Qab sanki ilandır, qıvrılıb yatır. Eyni zamanda buna ördəkburun qab da deyilir. O vaxtlar qazlar, ördəklər müqəddəs, günəşin bəlgəsi sayılırdı. Həmçinin qabda  keçi rəmzi, günəş, planetlər, aypara da var”.

N. Muxtarov deyir ki, bura keçmişdə qazma tipli mal ferması olub: "Yerin üstündə isə toyuq ferması olub. Biz buranı düzəldəndə mal ferması yox idi. Amma toyuq ferması hələ dururdu. Ona görə də mən toyuq fermasının bünövrəsini saxlamışam. Mən ilk dəfə 1984-cü ildə burada qazıntı aparanda yerli kənd camaatından eşitmişdim ki, 30-40-ci illərdə mal tövlələri düzəldiləndə buradan nə qədər tarixi əşyalar, sandıq tapılıb. Onların hamısını yığıb Əyriçaya töküblər. Bax, o zamankı laqyed münasibət bu gün də Labirintə münasibətdə davam edir”.

Yeraltı muzeyi gəzdikcə divarlardakı, çat və nəmişlik arxeoloqu sanki yaralayırdı. O dərindən ah çəkərək təəssüflə yaratdıqlarına onun kimi sahib çıxan olmadığını deyirdi: "Bu muzeyə mindən çox dünya arxeoloqları baxıb və onlar buranı möcüzə adlandırıblar. Muzeydə 30-dan çox xarici ölkənin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri baxıb. İndi bu muzeyin nəm çəkən divarlarını, uçan yerlərini görəndə özüm özümə əsəbiləşirəm. Axı tariximizə belə laqeydlik düzgün deyil”. 

Muzeyin əməkdaşı, arxeoloq İntizar Bədəlova muzeyə dövlət statusu verilərsə, onu ayaqda saxlamağın mümkün olacağını dedi: "Bura dövlət statusu verilsə, muzeyin işçisi olacaq, üstü götürüləcək. Yəni bu muzey iki nəfər arxeoloqun öz maaliyəsi hesabına ayaqda saxlanıla bilməz. Bu muzeyi yaradanda bizə kömək edənlər də olub. Amma 2006-cı ildən öz hesabımıza nə maaliyyə düşübsə, bu muzeyə sərf etmişik». N. Muxtarov mədəniyyət nümunəsinə bu cür laqeyd münasibətin səbəbini anlaya bilmədiyini deyirdi: ”Mən arzulayardım ki, nazirlik strukturunda çalışan məmurlar burada çalışan fəhlələr qədər abidələr haqqında məlumata malik olardılar, onun dəyərini bilərdilər». 

Günel MANAFLI
Fotolar müəllifindir



 


Administratorla əlaqə

077 611-55-22

[email protected]