Maraqlı

Dünyada eşşək bumu

15-10-2016, 21:01
Dünyada eşşək bumuSən demə, ənənəvi Çin məlhəminin eşşək gönündən alınan jelatinə ehtiyacı var...

Çinin bütün dünyadan eşşək almaqlığının sirri

"Eciao" adlı ənənəvi Çin məlhəminin vacib inqredientlərindən biri eşşək gönündən hazırlanan jelatindir. Bu məlhəmdən soyuqdəymə və yuxusuzluq kimi bir çox xəstəliklərin müalicəsində istifadə edilir.

İndi Çin iqtisadiyyatı ənənəvi kənd təsərrüfatından uzaqlaşıb, daha çox qabaqcıl sənaye sahələrinə meylləndiyindən, ölkədə uzunqulaqların sayı azalıb. Rəsmi statistikaya görə, bu say son 20 ildə 11 milyondan 6 milyona düşüb.

Bu boşluğu doldurmaq istəyən Çin Afrikaya üz tutub. Ancaq həmin qitənin bir çox ölkəsi ilə aparılan ulaq ticarəti bəzi maneələrlə qarşılaşır.

Niger bu yaxınlarda ulaq ixracını yasaqlayan sonuncu Afrika dövləti olub.


Eşşəyin dölü kəsilə bilər?

Hökumət rəsmiləri 2016-cı ildə Çinə indiyədək - 80 min, ötən ilsə 27 min ulağın satıldığını bildirir və belə davam edərsə, ölkədə eşşək sayının kəskin azalacağından narahatlıqlarını dilə gətirirlər.

Avqust ayında Burkina Faso hökuməti də eyni addımı atıb. Bu ölkədə yarım ildə 45 min eşşək kəsilib.

Hər iki ölkədə ulaqların qiyməti bahalaşıb. Ulaq satışı bu ölkələrə xeyli xarici valyuta gətirsə də, bu, ziyansız ötüşmür.

Yeni emal sahəsi təkcə uzunqulaq populyasiyasının sayına deyil, çevrə və iqtisadiyyata da ciddi ziyan vurur.

Qəssabxanaların çoxalması da ciddi problem yaradır. Burkina Fasonun bir kəndində yerli fermerlərin bir qəssabxanaya hücum edərək onu bağladıqları deyilir. Kəsilən heyvanların qanı və içalatı fermerlərin istifadə etdiyi su hövzələrinə axıdılırmış.


Hamı həvəsə düşüb?

Eşşək bumu, ənənəvi olaraq, başqa sahələrdə çalışan fermerləri də həvəsə salıb. Bunun ucbatından kənd təsərrüfatının həmin sahələri geriləyir və nəticədə ərzağın qiymətləri bahalaşır.

Doktor Emmanuel Igbinoba deyir ki, Niger və Burkina Fasoda eşşək gönü və ətinin qiymətinin qalxması digər sahələrdə də inflyasiya doğurub. "Eşşəklərə görə digər heyvanların da qiyməti bahalaşıb. Bu isə iqtisadiyyatda tarazlığı pozub", - ekspert belə deyir.

"Çin Afrika Layihəsi"nin yaradıcılarından biri və "Çin Afrikada" ("China in Africa") podkastının müəllifi Eric Olander-in fikrincə, ixracatçı ölkələr bu sahəni yetərincə yaxşı nizamlamayıblar:

"Başqa növ mal-qara, xammal və digər təbii ehtiyatlarda olduğu kimi, Çində tələbat çox vaxt o qədər böyük olur ki… tezliklə təklifi üstələyir. Çinlə ticarət quran hökumətlər... ticarəti elə nizamlamalıdırlar ki, nə konkret resurs tükənsin, nə də ölkənin öz əhalisinə problem törənsin".


"Gərəyincə nizamlasalar…”

Doktor Igbinoba da deyir ki, ixracatçılar Çinin ulaqlara nəhəng tələbatının yaratdığı imkandan yararlana bilərlər. Ancaq bundan ötrü işi diqqətlə planlaşdırmaq lazımdır:

"Jelatinə sabit tələbat var. Afrika ölkələri bunu gərəyincə nizamlasalar, yüksək standartlı qəssabxanalar qurub, adamlara emal qaydalarını öyrətsələr, eşşəklər önəmli gəlir qaynağına çevrilə bilər".

Burkina Faso da ulaq ticarətini nizamlamaqla bağlı planlarını açıqlayıb.

Qitənin Keniya və Cənubi Afrika kimi iri iqtisadiyyata sahib ölkələri də Çinin ulaq tələbatına uyğun infrastruktur qurmağa başlayıblar. Üstəlik, bütün qitədə bu sahədəki qara bazar çiçəklənir.

Gələcəkdə Çinin jelatinə tələbatının artacağı gözlənilir.

İxracatçıların vəzifəsi bu imkandan ziyansız yararlanmağı bacara bilməkdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]