Maraqlı

14 fevral - “ağıldan kəmlərin bayramı” və ya “əxlaqsızlığın son gecəsi”

14-02-2016, 01:04
Sevgidən dəm vurmağa həvəsim olmasa da, bu mövzuya bir əl qatmaq istədim. Dedim görüm, nə baş verir, niyə bu camaat hay-həşirə düşüb yenə. İki gün öncə bir tanış xanımın "səncə, nişanlıma 14 fevralda nə alım” sualı məni yuxudan qəfil oyatdı, anladım ki, sən demə bu Valentin əminin ölüm ildönümü gəlir qarşıdan. Hərzamankı kimi araşdırım dedim, qarşıma çox məlumatlar çıxdı. Biri Valentini müqqəddəs saydığını, biri homoseksual olduğunu, biri günahsız, biri ölümə layiq olduğunu və s. kimi qeyd edir və fikrində qətidir. Amma yekdilliklə qəbul olunan əsas məqam odur ki, bu bizə məxsus bayram və ya gün deyil.

Az və ya çox şəkildə bugünün tarixi haqqında məlumatlar hər kəsə bəllidir. Lakin çoxluq etibarı ilə yazılanlar da nağıldan kənar deyil. Ona görə yazılan "tarixi” aspektlərə toxunmaq istəmirəm, sadəcə bir neçə məqamı bildirəcəm.

Ümumən Valentin günü ilə bağlı bilgilərdə qeyd edilir ki, haqqında bəhs edilən keşiş imperatorun əmrinin əleyhinə çıxaraq, gizlicə əsgərlərin kəbinini kəsirmiş. Tarixdən də bilindiyi kimi əsgərlərə yalnız düşərgə şəraitində evlənmək qadağan edilmişdi. O zaman düşərgə şəraitində olan, bir şəhərdən o biri şəhərə köç edən orduda qadağan və təqib olunan xristian dininin keşişi Valentin nə gəzirmiş? - Cavab Yoxdu. Üstəlik Avqustin "Xristianlığa aid 6 suala cavab” kitabında qeyd edir: "İsa tərəfdarlarının həyatın ən vacib işləklərinə aid heç bir ayinləri yoxdur”. 

Rus filosofu Vladimir Slovyov da öz kitabında yazır ki, "Xristianlıq özünün erkən dövrlərində heç bir dini ayini ehtiva etmirdi”. Bəli, hadisələrin baş verdiyi 269-cu ildə xristianlıqda dini qaydada kəbin kəsmək ənənəsi və qaydası olmadığı halda, Valentin hansı qaydaya, hansı dini ayinə görə kəbin kəsirmiş?

Valentin, Papa Helasiusun dövründə, 496-cı ildə kilsə tərəfindən müqəddəs elan olunub və fevralın 14-ü Müqəddəs Valentin Günü kimi qeydə alınıb. Papanın məhz bu tarixi seçməsinin isə əsaslı səbəbi var. Çünki o dövdə Romada bir vaxtlar bütpərəstlik dövründən qalmış Kəbin ilahəsi Yunonun və Pan tanrısının adıyla bağlı ədəbsiz bir bayram varmış. Hər il fevralın 14-də qadınlar və kişilər Erotizm tanrısı Luperkalinin şərəfinə bir yerə yığılaraq, ədəbsiz qaydaları olan şənlik keçirərmiş. Qaydalara görə, cavan qızlar kişilərə sevgi məktubları yazaraq qutuya atarmışlar, sonra kişilər bu məktubları çıxararaq, bəxtlərinə düşən gözəllə eşqbazlıqla məşğul olurmuşlar. Və beləcə Papa ədəbsiz bayramı unutdurmaq üçün fevralın 14-də məhəbbətə görə edam edildiyi haqda dini rəvayətlərdə adı keçən keşiş Valentini müqəddəsləşdirir, onun adıyla bağlı təzə bayram "kəşf eləyir”.

Bir sıra bilgilərdə qeyd edilir ki,Valentin həbsxanada ikən öz rahib dostuna, "səni sevirəm”, ”sənin Valentinin” başlıqlı məktublar yazırmış. Düzdür, bəzi mənbələr də yazır ki, bu məktublar onun həbsxanada ikən vurulduğu qadına ünvanladığı məktublar olub. Əgər birinci variant doğrudursa, demək ki, homoseksual keşişin bayramını canfəşanlıqla qeyd etməyə üz lazımdır. Ona görə dua edək ki, heç olmaya ikinci variant gerçək olsun, yoxsa biyabırçılıq!

Yaramaz keşişi sevənlərin diqqətinə onu da çatdırım ki, 1969-cu ildə Roma Katolik Kilsəsi, Papa Helasiusun bu səhvini düzəldir və keşiş Valentini kilsənin müqəddəslər siyahısından çıxararaq, Müqəddəs Valentin Günü bayramının keçirilməsini məsləhət görmür. Bu siyahıdan çıxarılma isə o anlama gəlir ki, sevimli keşişin elə əməlləri varmış ki, o siyahıya layiq deyil. Hətta məhz bu səbəbdəndir ki, Rusiyada hər il bu bayramda millətçilər, xristianlığın bəzi məzhəblərinin davamçıları ilə bu günü daha təntənəli keçirən cinsi azlıqların nümayəndələri arasında dava-dalaş düşür.

Oxuduğum yazılardan birində maraqlı məqam diqqətimi çəkdi. Belə ki, "Almaniya bugünü psixi cəhətdən sağlam olmayanların günü kimi qeyd edir və siz fevralın 14-də Almaniyada olsanız, dəlixanaların pəncərələrindən, eyvanlarından asılan güllərə, qırmızı lentlərə təəccüblənməyin, çünki onlar hamı üçün yox, məhz ağıldan kəmlər üçündür.”

Əlbəttə hansısa bayramı qeyd etmək hərkəsin öz biləcəyi işdir. Bunu kimsə qadağa edə bilməz. Amma hərhalda biraz düşünmək gərəklidir. Nəyi, kimi, nə üçün müqəddəsləşdiririk. Çünki zamanla bu dəyərlərimizə çevrilir.

Nərmin Məmmədli

Administratorla əlaqə

077 611-55-22

[email protected]