Maraqlı / Yaşam / Şou-biznes

Məşhurların ikinci BİZNESİ... Sosial şəbəkə bazarlığı kimdə saxtadır, kimdə real?

29-05-2019, 18:29
Texnologiyanın sürətli inkişafı və sosial şəbəkələrin yaranması bir çox sahələrə olduğu kimi, musiqi, incəsənət sahəsinə də təzahür edib. İlk olaraq 2004-cü ildə “youtube” sosial şəbəkəsi yarandı və yeni mahnıları artıq kasetlərdə, telekanallarda deyil, məhz həmin şəbəkəyə yüklənmiş videolar vasitəsilə dinləmək mümkün oldu. Bununla da istənilən mahnıya qulaq asmaq asanlaşdı. Ancaq ilk vaxtlar “youtube”yə baxmaq üçün tək vasitə kompüter olduğundan sosial şəbəkələrə maraq az idi. Artıq 2012-2013-cü illərdən etibarən sensor telefonların ölkəyə gətirilməsi və kütləvi istifadəsi ilə “youtube”dən istifadə imkanları genişləndi. Buna görə də həmin dövrdən etibarən müğənnilərin “youtube”yə yerləşdirilən videolarına minlərlə, hətta milyonlarla baxış sayı gəlir. Bundan əlavə, son illərin ən çox istifadə olunan “instaqram” sosial şəbəkəsində şou əhlinin bir neçə yüz minlik yaxud milyonluq səhifələrinə və paylaşımlarında yüz minlərlə “like”larına rast gəlirik. Bəs görəsən, bu rəqəmlər həqiqətə uyğundurmu?

Mövzu ilə əlaqədar youtuber Tofiq Mirzəyev İqtisadiyyat.Az-a açıqlama verərkən, paylaşılan videoya bir günə milyon baxış gəlməsinin həqiqətə uyğun olmadığını bildirib: “Heç cür mümkün deyil ki, bir günə milyon baxış sayı olsun. Hazırda Azərbaycanda ən çox videolarına baxılan müğənnilər Şəbnəm Tovuzlu və Talıb Taledir. Düzdür, Şəbnəm Tovuzlunun təkcə Azərbaycandan deyil, qonşu ölkələrdən də izləyiciləri çoxdur. Amma onun da bir mahnısına gələn 20 milyon baxışın heç də hamısı orijinal deyil. Həmin 20 milyonun 5 milyonu orijinal 15 milyonu saxtadır. Məsələn, vinerlər Rəsul Abbasov və Xananın klipləri yüz faiz saxtadır. Orijinal baxış olduqda, videoya bəyənmələr və rəylər olur. Ancaq saxta baxışdan ibarət olduqda isə bunların heç biri olmur”.

Digər youtuber Bahadur Seyidov isə İqtisadiyyat.Az-a danışarkən əksinə mövqe bildirərək, baxış saylarının orijinal olduğunu bildirib:



“Baxışlar orijinaldır, saxta deyil. Ölkədə gün ərzində “yotube”dən təxminən 1 milyon şəxs istifadə edir. “Youtube”da belə bir qayda var ki, əgər hansısa videoya saxta baxış sayı artırmaq üçün cəhd olunsa, nəinki həmin paylaşım, hətta onu yerləşdirən kanal özü də bloklanır. Ona görə də “youtube”a yüz minlik, milyonluq baxış yükləmək mümkün deyil, əgər bu qədər baxışı olan video varsa, bu orijinaldır. Hazırda ən çox dinlənilən mahnılar bizim bəyənmədiyimiz, pislədiyimiz ara mahnılarıdır. Məsələn, Rəsul və Xananın mahnıları 15, 20 milyonu keçir. Azərbaycanda 5 milyon internet istifadəçisi var. “Youtube”da bir videoya 24 saatdan bir nə qədər baxılsa, o qədər də baxış sayı gəlir”.

Məşhurların instaqram hesablarındakı bəyənmə və izləyici sayına gəldikdə isə öz aktivliyi ilə seçilən “Capstagram_official_”səhifəsinin admini Faiq Hüseynov saytımıza münasibət bildirib. Onun sözlərinə görə“instaqram”da saxta yolla hesab artırmaq mümkündür və çox ehtimal ki, əksər şou əhli bu yoldan istifadə edir: “Əksər şou-biznes nümayəndəsinin 800 minlik, 1 milyonluq instaqram səhifələri var ki, onların video paylaşımlarına 50 min baxış, fotoların 3 min “like” gəlir və az sayda şərh yazılır. Bunları görən kimi, bilirəm ki, həmin hesabın “follow”u saxta artırılıb. Təbii ki, bu “instaqram”da realdır. Hansı ki, bəzi səhifələr onsuz da bu yolla öz hesablarını artırırlar. Ancaq elə tanınmışlar da var ki, bütün bunları həmin sənətçilərə aid edə bilmərik. Məsələn, deyə bilmərik ki, filan müğənninin 1 milyonluq səhifəsi var və saxtadır. Çünki bəzi tanınmışların təkcə Azərbaycandan deyil, bir çox ölkələrdən də izləyiciləri var. Özbəkistanda, Türkiyədə, İranda tanınan və sevilən sənətçilərimiz az deyil”.

Məsələ bununla kifayətlənmir. Dünyada texnoloji sahədə sürətlə artan inkişaf dünənlə bu gün arasında ziddiyyət təşkil edir. Təbii ki, əldə edilən böyük rəqəmlərin saxta olma ehtimalı isə danılmaz reallıqdır.



Mehman Nəbiyev

Administratorla əlaqə

077 611-55-22

[email protected]